Fəzail Ağamalı: «Misir Mərdanov günahkardırsa, Məleykə Abbaszadə ikiqat günahkardır»
Əlövsət Osmanlı: «Məleykə Abbaszadənin iradları həm mənəvi, həm hüquqi baxımdan düzgündür»
Təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə arasında qarşıdurma gündən-günə dərinləşir. Tərəflər fürsət düşdükcə bir-birlərinin ünvanına ağır ittihamlar səsləndirirlər. Öz növbəsində mətbuat səhifələrində ayrı-ayrı şəxslərin də bu qarşıdurma və ittihamlarla bağlı fikirləri yer alır.
Deputat Fəzail Ağamalı məsələ ilə bağlı qəzetimizə verdiyi açıqlamada TQDK sədrini ittiham edib: “Mənim Məleykə Abbaszadə və ya Misir Mərdanovla nə problemlərim var, nə də işbirliyim. Lakin həqiqət və ədalət naminə demək lazımdır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin səlahiyyətlərini mənimsəyir. Hər bir dövlət qurumunun fəaliyyətini nizamlayan əsasnamə var və bu fəaliyyətin ölçüləri var. Azərbaycanda dərslik çapı Təhsil Nazirliyinin müvafiq şöbəsinə verilməlidir. Hər hansı dərslik və ya metodik vəsait oradan qrif alındıqdan sonra çap edilməlidir. Məleykə xanımın nə deməsindən asılı olmayaraq bu, Təhsil Nazirliyinin müstəsna səlahiyyətidir.
Məleykə xanım metodik vəsait buraxmaq səlahiyyətini Təhsil Nazirliyindən alıb və başlayıb alternativ dərslik buraxmağa. Soruşmaq lazımdır, sənin buna səlahiyyətin çatır? Sən qrifi almamısansa, demək, qanunu pozmusan, hətta cinayət əməlinə yol vermisən”.
“Misir Mərdanov özündə cəsarət tapmalıdır”
F.Ağamalı hesab edir ki, Misir Mərdanov özündə cəsarət tapıb öz səlahiyyətlərini qorumaq istəyirsə, məhkəməyə müraciət etməlidir: “Buyursun, hüquqi addımlar atsın, versin məhkəməyə və hüquqlarını müdafiə etsin. Yox, kompromis istəyirsə, məncə, Məleykə xanım onunla komprmisə getməyəcək. Düşünürəm ki, Məleykə xanım bu məsələdə haqlı deyil. Misir Mərdanov öz hüquqlarını müdafiə etməli və hüquqi iddialarla çıxış etməlidir”.
F.Ağamalının fikrincə, təhsilin bu vəziyyətə düşməsində Misir Mərdanov günahkardırsa, Məleykə Abbaszadə ikiqat günahkardır: “Təhsil sahəsindəki neqativ halların günahını bütövlükdə Təhsil Nazirliyinin üzərinə yıxmaq olmaz. Ölkədə mövcud olan qeyri-rəsmi repititorluq şəbəkəsi orta məktəblərdə təhsil sistemini məhv edib. 8-ci sinifdən yuxarı şagirdlərin böyük əksəriyyəti repititorlara görə məktəblərə formal olaraq gedirlər. Bu da TQDK-nın yaratmış olduğu repititorluq institutunun Azərbaycanın intellektinə vurduğu ən ciddi zərbələrdən biridir. TQDK-nın dövlət qurumu kimi üzərinə götürdüyü missiyanın yerinə yetirilməsinə müdaxilə etməkdən çox-çox uzağam. Amma hesab edirəm ki, təhsilin bu vəziyyətə düşməsində Misir Mərdanov günahkardırsa, Məleykə Abbaszadə ikiqat günahkardır”.
Təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı hesab edir ki, TQDK sədrinin təhsilimizdəki nöqsanlarla bağlı iradlarını bir neçə qrupa bölmək olar – buraxılış imtahanlarının nəticələrinin etibarsızlığı, orta məktəb dərsliklərinin həddən artıq qüsurlu olması və saxta diplom məsələsi: “Bəzilərindən fərqli olaraq, TQDK sədrinin bir vətəndaş, ziyalı və məmur olaraq bu iradları dilə gətirməsi, yalnız mənəvi baxımdan yox, həm də hüquqi baxımdan düzgündür. Əgər kimsə, TQDK-nı yalnız qəbul imtahanı keçirən qurum kimi tanıyırsa, böyük yanlışlığa yol verir. Bu cür düşünən adamların həmin qurumun əsasnaməsinin 7.7, 7.8-ci bəndlərini diqqətlə oxumasını məsləhət görürəm: ”TQDK: qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və nəticələri ictimaiyyətə çatdırır; sistemli analiz və proqnozlaşdırma əsasında təhsilin strukturunun və ixtisas nomenklaturasının dəyişdirilməsi, təkmilləşdirilməsi haqqında təkliflər verir, müvafiq dövlət orqanları qarşısında vəsatətlər qaldırır”.
“Bu biabırçılığı sübut etməyə hazıram”
TQDK sədrinin konkret iradlarına gəlincə, Ə.Osmanlı deyir ki, bu iradları bildirən yalnız M.Abbaszadə deyil: “Indiyədək dövlət xadimləri, təhsil ekspertləri, ziyalılar bu haqda nə qalıb deməsinlər? TQDK və ictimaiyyət Təhsil Nazirliyinin verdiyi attestata nəyə görə etibar etməlidir? Ötən il dünyada görünməmiş hadisə baş verdi – nazirlik buraxılış imtahanlarının test bankını çap edərək satışa çıxardı. Sualları əvvəlcədən bəlli olan imtahanların nəticələrinə necə inanmaq olar?! Yaxud buraxılış imtahanından keçmədən alınan minlərlə attestatı necə etibarlı hesab etmək olar? Dərsliklərimizin nə dərəcədə biabırçı olduğunu ölkədə bilməyən yoxdur. Bir ölkədə ki, dərsliklərin böyük əksəriyyətini, başda Misir Mərdanov olmaqla, nazirliyin şöbə müdirlərı, onların övladları, dost-tanışları və qohum-əqrəbaları yazırsa, hansı keyfiyyətdən danışmaq olar? Həmişə dediyim fikri bir daha opponentlərimin diqqətinə çatdırıram – dünyanın heç bir ölkəsində bizdəki kimi biabırçı dərsliklər yoxdur və bunu sübut etməyə hər zaman hazıram”.
Saxta diplom məsələsinə gəlincə, Ə.Osmanlı hesab edir ki, bəzi adamların bununla bağlı mövqeyini anlamaq mümkün deyil: “Əgər nazirin özü 50000 müəllimin içərisində 455-nin diplomunun saxta olduğunu açıq-açığına etiraf edirsə, bu adamlar nəyi müdafiə etmək istəyirlər? Məgər hər saxta diplom bir cinayət hadisəsi deyilmi? Hələ yerdə qalan 120000-dən çox müəllim və başqa qurumlarda çalışanlar arasındakı saxta diplomluları demirəm. Bəyəm Məleykə Abbaszadə deməməlidir ki, TQDK saxta diplom çamırına bulaşmayıb?!”.
Gültəkin