Əgər Əliyevin dediyi kimi səbəb siyasidirsə, nəyə görə digər neft ölkələrinin valyutaları sabit qalıb?
Dövlət başçısı manatın üzləşdiyi problemləri yürüdülən iqtisadi siyasətin nəticəsi saymır. I.Əliyevin fikrincə, neftin ucuzlaşmasının arxasında siyasi səbəblər dayanır və dünyada yürüdülən siyasətin nəticəsidir. Amma sual olunan bir çox məqamlar var. Onlardan birincisi manatın niyə məhz 2 dəfədən artıq çox dəyər itirməsiylə bağlıdır. Axı digər neft ölkələrində milli valyutanın itkiləri bu həddə olmayıb.
Məsələn, Səudiyyə və Iraqda mili valyuta son iki ildə ümumiyyətlə dəyərdən düşməyib. Devalvasiyaya uğrayan valyatalar isə bunlardır. Kuveyt 6, Nigeriya 20, Əlcəzair 27, Norveç 29, Rusiya 53 faiz. Göründüyü kimi yalnız Azərbaycanda manat iki dəfədən artıq ucuzlaşıb. Əgər bu təkcə neft amili ilə bağlıdırsa, o zaman nəyə görə digər neft ölkələrinin itkiləri bu səviyyədə deyil.
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, iqtisadiyyatı neft üzərində qurulan ölkəyə neftin qiymətinin artması və azalması birbaşa təsir edir. Azərbaycanın Səudiyyə Ərəbistanından fərqli olaraq post-neft dövrünü yaşadığını deyən M.Talıblı vurğuladı ki, Azərbaycan iqtisadiyyatı tam neft üzərində qurulub və neftdən kənar ixrac imkanları da kifayət qədər aşağıdır: “Ölkəyə dollar yalnız neft satışından daxil olduğu üçün neftin qiyməti azaldıqca daxil olmalar da azalır. Qeyri-neft sektoru inkişaf etmədiyi üçün neft sektorunda ola biləcək zərərləri kompensasiya edəcək sektorlar ayaq üstə yoxdur. Belə bir vəziyyətdə bizim də ölkə iqtisadiyyatının müvazinətini qoruyub saxlamaq imkanları çətinləşir. Ölkənin iqtisadiyyatını qoruyub saxlayan faktorlar müxtəlif sektorlarda ölkənin mili gəlirinin formalaşmasıdır. Büdcə daxil olmaları müxtəlif sektorlardan formalaşsaydı hazırkı problemlər yaşanmazdı. Neftdən kənar sektorlar büdcə gəlirlərinin formalaşmasında demək olar ki, rol oynamır”.
M.Talıblıya görə, Azərbaycan hələ postneft dövrünün ən sərt dövrünü yaşamır. Amma hazırda postneft dövrünün çətinlikləri hiss olunmaqdadır. Xarici ticarət dövriyyəsinin 10 milyard azalmasına da diqqət çəkən M.Talıblı bildirdi ki, bu xarici ticarət dövriyyəsinin 40 faiz azalması deməkdir: “Bütün bunlar onu göstərir ki, uzun müddət neft sektorundan asılılıq postneft dövrünə qədəm qoymuş ölkə üçün çoxlu çətinliklər vəd edir”.
Xəyal