Saday Şəkərli həbsxanadan elə bir məktub yazdı ki…
Dekabrın 23-də şantaj ittihamı ilə həbs olunan şair Saday Şəkərli həbsxanadan məktub göndərib. Həmin məktubu olduğu kimi dərc edirik
“Kürdəxanı yaradıcılıq evindən dəyərli oxucularıma, dostlara salamlar olsun! Gözün aydın Azərbaycan! Ölkəmizin varidatını çapıb-talayan yeraltı, yerüstü, sərvətlərimizə yiyələnərək milyardlarla pullarımızı xarici banklarda yerləşdirən, dünyanın bir çox ölkəsində özünə bahalı villalar, mülklər alan, nəhəng şirkətlərə sahiblik eliyən böyük bir oliqarx-korrupsioner şair yaxalanıb, cinayət üstündə həbs edilib, azadlıqdan məhrum edildi. Pardon “Azadlıqdan məhrum edildi” ifadəsi yanlışdır, şairin azadlığını bir kəs əlindən ala bilməz. Mətbuat yazırdı ki, Çovdarovun şəxsi həbsxanası varmış. Onu görməsəm də mən dəqiq bilirəm ki, mən kimin şəxsi həbsxanasındayam. Onun əsiriyəm, girov götürüb məni, öldürə də bilər, ömürlük həbsdə saxlaya da bilər, ixtiyar sahibidi. Mən çox istərdim ki, o yazdığım “Qurd ürəyi” romanını oxusun. ( “Qurd ürəyi”ni müsadirə ediblər, “Qırmızı xətt” hələ çap olunmayıb. Bu trilogiyanın üçüncü kitabını sağ qalsam türmə həyatına həsr edəcəyəm.) Məni pulla etibardan sui-istifadə edərək şərləyib tutdurduğuna görə Fazil Məmmədovdan incidim. Heç olmasa nəşəylə şərləsəydi, camaat inana bilərdi ki, şair yəqin çəkməmiş yaza bilmir. Yoxsa korrupsiyaya bulaşmamış damazlıq bir şair qalmışdı, onu da öz günlərinə salıb dünyada rüsvay oldular. Çətin ömür sürən, çayxanalar küncündə qan qusa-qusa meyxanalar deyib günün ötürən böyük şair Əliağa Vahidi qəddar cəllad dediyimiz Mircəfər Bağırov kabinetinə dəvət edib vəziyyəti ilə maraqlanıb, ona öz yardımını edir. Məni şərləyib həbsxanaya göndərməklə bu rejim M. Bağırovdan daha qəddar olduğunu ortaya qoymadımı? Xalq şairi Bəxtiyar Vahabzadə ANS-ə son müsahibədində demədimi ki, “Biz belə müstəqillik istəmirdik” və “Bu müsahibəni mən öləndən sonra efirə verərsiz” – deyə əlavə etmədimi? Nədən qorxurdu o boyda şair? Nadanlıqdan! Deməli, bu hakimiyyət həqiqətən təhlükəli və qorxuludur. Mənim əlimdən alınası mükafatım yox, vəzifələrdə bir kəsim yox, mənzilim, bir qarış torpağım yox. Bircə canımdı, onu da ki, Füzuli demiş: Canı canan diləmiş verməmək olmaz ey dil, Nə niza eyləyəlim nə sənindir, nə mənim Yazıçılar birliyi mənə növbəlik əsasında mənzil verməliydi, onu da xalq yazıçısı Anar mənim iki kitabım (1985) çıxanda hələ doğulmamış subay katibəsinə verdi. Bu kitabı yazdırmağa vadar edənlərdən biri də məhz Anardır: Təsəvvür edin, özüm yad evində pasport qeydiyatındayam, oğlum, qızım rayon qeydiyatındadır, həyat yoldaşım, sonbeşik oğlumun isə ümumiyyətlə pasport qeydiyyatı yoxdur. Azərbaycanda ikinci belə dağınıq ailə varmı? Biz bir dövlət kimi çox güclüyük. Qorxmuruq! Məsələn, İran atılıb düşsə, qabağına çıxartmağa bircə Siyavuş Novruzov bəs edər. ABŞ-ın Oqtay Əsədov boynunu burub sındıra bilər, Almanıyanın, Fransanın və digər dövlətlərin bizə əyri baxmağa belə hünəri çatmax. Ancaq, burdan bura Qarabağı azad etməyə gücümüz çatmır, Beynəlxalq hüquq bizim tərəfimizdə olsa belə. Mən Fazil Məmmədovu tanımırdım. Xalq yazıçısı Anar Kəmaləddin Heydərova zəng vurub görüşümüzə şərait yaratmışdı, o vaxt məni gömrük komitəsində Fazil müəllim qarşıladı, kitabımı verdim, biraz oxuyub “Səndən Şəhriyarın iyi gəlir” – dedi. Hiss elədim ki, poeziyaya bələddi, rəğbəti var. İllər keçdi, o nazir təyin olundu. Yenə Anar zəng edib bizi görüşdürdü. Kabinetində xeyli dərdləşdik. Ötən dəfə olduğu kimi bu dəfə də kitabıma şirinlik verib yola saldı. Kitabımı satmaq və əvəzində nəsə almaq mənim haqqımdır. On manat da verən olub, on min manat da. Bu könüllü bir məsələdir. Heç vaxt, heçkimdən kitablarımın əvəzində heçnə istəməmişəm. Hədə gəlib, şantaj eləmək isə heç ağlıma da gəlməyib. Sonuncu dəfə 50 illiyimlə bağlı yenə nazirə kitab göndərdim. Bu dəfə məni müşaviri Asif Cahangirov nazirin adından qəbul edib hörmətlə yola saldı. Bu məsələlər təkrar-təkrar olduğundan aramızda etibar yaranmışdı. Sonuncu kitabımda indiyəcən etdiyi yaxşılıqlara görə Fazil müəllimə kitabımın titul səhifəsində minnətdarlıq yazdım. İnana bilmirəm ki, pulu cibimə zorla dürtüb məni nazirin hədiyyəsidi əlini geri qaytarma deyib tutdura bilər. Burda Putinin Türkiyəyə ünvanladığı “Türkiyə bizi arxadan vurdu” ifadəsi yadıma düşdü. Beyrəyi də tora salıb yalıncıqlar qılınclamışdılar. Kişinin qoluna qandalı da gərək kişi kimi vursunlar. Bu etibardan sui-istifadə idi. On nəfərlik ailəmizdə yeddi nəfər iş qabiliyyətlidir. Hamımız işsizik. Bircə boynumuza dilənçi torbası asmağımız qalmışdı. Bu kitabı çıxartmaqda məqsədim onu satıb borclardan qurtulmaq idi. Banklar məni boğaza yığmış, intihar həddinə çatdırmışdı. İşləmək üçün müraciət etmədiyim yer və adam qalmamışdı. 2010-cu idə deputatlığa namizəd idim. Yüksək vəzifəli şəxs məni Prezident aparatına dəvət etdi və seçki komisiyası mənim imtina ərizəmi alandan sonra qeydiyata aldı. İşsizlik davam etdi.
Kitabda bəzi siyasətçilərdən sitatlara yer ayırmışam. Amerikadan, Rusiyadan gələn qonaqlarımın təəssüratlarını yazmışam. Rusiyada, Suriyada, İranda, Türkiyədə, harda çıxış eləmişəmsə azərbaycanlıların rüşvətxor, alverçi yox yüksək mədəniyyətə, ədəbiyyata sahib olduqlarını qabartmışam. Ölkə xaricində mənim qədər Azərbaycan adını uca tutaraq çıxışlar edən ikinci bir yazıçı və şairin adını çəkə bilərsinizmi? Eşitmişəm dostlar müdafiə komitəsi yarstmaq istəyirlər. Əbəsdir. İmza atan olmayacaq. Bu vaxt ərzində bir partiya mənim tutulmağıma münasibət bildirməyib. Yazıçılar birliyinin isə iki minə yaxın üzvlərinin əksəriyyətinin səsi çıxmır. Qorxaq hər gün ölər, kişi bir dəfə. Mən onsuz da ömrüm uzunu cəza çəkmişəm. Türmə məni dəyişə bilməz. Mən ömür və həyat kitabımı bağlamış birisiyəm. Beş cild şeirlər və poemalar və iki roman yazmışam. 57 yaşım var. Bundan sonraki ömrümün harada keçəcəyinin elə də əhəmiyyəti yoxdur. Lakin özümü öldürəcək qədər cılız deyiləm. Bir də ki, bu hakimiyyətə xahiş minnət düşməyin mənasız olduğunu dostlara xatırlatmaq istəyirəm. Məhkəmələr müstəqil olmadığından günahsız olduğumu da sübut etməyə ehtiyac görmürəm. Burda yüzdən artıq dustaqla həmsöhbət oldum. Əksəriyyəti şərlənib tutulduqlarını deyirlər. O cümlədən Qənimət Zahidin əmisi oğlu Rövşən (bir xatadayıq) and-aman edir ki, nəşənin üzünü görməyib, heç siqaret də çəkmir. Məsələ bu qədər bəsit. Hakimiyyət məni həbs eləməklə məni təhqir etdiklərini düşünməsinlər. Mən 20 yanvarda, Xocalıda təhqir olunmuşam, qız-gəlinlərimizi ermənilər əsir götürüb başlarına min bir oyun açanda təhqir olunmuşam. İndi mən ömrümün şanlı günlərini yaşamaqdayam. Bu günlərdə MTN əməkdaşlarının, nardaranlıların başına gələnləri görə-görə bu kitabı yazıb çap elətdirmək ilan kimi bilə-bilə gülləyə atılmaq olduğunu dərk edirəm. Bir kimsəni təhqir etmədən gördüklərimi, başıma gələnləri qələmə almışam. İndiyə kimi heç bir partiyanın üzvü olmamışam. İnsanlara siyasi mövqeyindən asılı olmayaraq oxucum kimi yanaşmışam. Yeganə arzum “Müharibəsiz dünya” proqramını BMT-yə təqdim edib, həyata keçirmək qalıb. Bir vaxtlar Nikola Tesla yer üzünü naqilsiz işığa qərq eləmək iqtidarındaydı. Ömrü çatmadı. Qismətimdə varsa bu proqramı həyata keçirməyə nail ola biləcəm. Yazmaq imkanım məhdud olduğundun pərakəndə yazdım. Məndən narahat olmayın. Bir mənzilə ehtiyacım varıydı, onu da şanlı hakimiyyətimiz həbsxanadakı xatayla əvəz elədi. Ölsəm, vəsiyyətimi əvvəlki kitablarımda yazmışam, məni dəfn etməyin, yandırın! Mircəfər Bağırovun son məhkəməsində dediklərini unutmamısınızki? O, “Məni öldürməyin, şaqqalayın”-demişdi. Yaxın sanıb hörmət elədiyi şair – yazıçılar o tutulandan sonra onun üzünə durmağa növbə tutmuşdular. İndi də həmən tipli yaltaqlar öz işlərindədi və günlərin birində İlham Əliyevin başına bir iş gələrsə onlar yoxdan var olub öz əqrəb missiyalarını məharətlə yerinə yetirəcəklər. Şükürlər olsun ki, “Qurd ürəyi” romanın yazıb və adiyyatı olanların onu oxumasını tövsiyyə edən müəllif belə namərdliklərə qadir deyil. Hədələmək məsələsi heç yerinə düşmür. Vəzifəm yox, qəzetim, saytım yox, jurnalist kimi bir cümləm də mətbuatda getməyib. Ordum yox, qoşunum yox. Asif müəllim deyərdi ki, “Get nə istəyirsən yaz”. Deməli mənə qabaqcadan tor qurublar. Bu, həqiqətən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, 40 illik xidmətimin dəyərli əvəzidir. Nəticə: Kitabı Nazirliyə verəndən sonra Asif Cahangirov mənə zəng edib, Nazirliyə dəvət edib. Qabaqcadan hazırladığı ssenari üzrə zorla cibimə pul dürtüb və dərhal qapı ağzında gözləyən korrupsiyaçıları otağa çağırıb, mənim ona hədə-qorxu gəldiyimi deyib, üzümə durur. Niyə şər atırsan soruşanda, mənlik deyil dedi, yəni sifariş nazirindi, siyasidi, yazdığım kitaba görədi. Pul ittihamının saxta olduğu aydındır. Əsas yoxdur”.