Metyu Brayza: «Qadınların hüququ olmayan yerdə demokratiyadan danışmaq yersizdir»
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında qadınlara qarşı zorakılığının aradan qaldırılmasına həsr edilmiş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən səfir Metyu Brayza bildirib ki, qadınlara qarşı zorakılıq bir çox cəmiyyətlərə xas olan qlobal bir problemdir. Səfir məlumat verib ki, gələn həftə səfirlik gənc qızların təhsil almasını əngəlləyən amillərə və erkən yaşda ərə verilməsinə qarşı proqrama start verəcək.
Eyni zamanda ABŞ səfirliyinin Azərbaycanlı sahibkar xanımlara dəstək verdiyi də bildirilib. “Əgər qadınların hüququ yoxdursa, bu halda demokratiyadan danışmaq yersizdir”, deyə Brayza bəyan edib.
Daha sonra çıxış edən səfirin xanımı Zeyno Baran Brayza bildirib ki, qadınlara qarşı zorakılıq dünya əhalisinin təqribən yarısını əhatə edir. “Bu gün dünyada hər üç qadından biri bu dəhşətli problemlə üzləşməkdədir”, deyə səfirin həyat yoldaşı vurğulayıb. Zeyno Baran Brayza qadınlara qarşı zorakılığı psixoloji və mental problem kimi təsvir edərək türk mədəniyyətinin mövcud olduğu Azərbaycan və Türkiyədə tarixən xanıma önəmin verildiyini xatırladıb.