Məhəmməd Talıblı: “Bu addım Mərkəzi Bankın artan dollar tələbi qarşısında məsuliyyətdən yayınmasıdır “
Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin ediləcək. Bu tələb Azərbaycan Mərkəzi Bankın (AMB) təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda öz əksini tapıb. Mərkəzi Bankın kommersiya banklarına gün ərzində xarici valyutanın məzənnəsini özləri müəyyən etmə səlahiyyəti verməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır.
Iqtisadçı-ekspert Məhəmməd Talıblının fikrincə, bu mövzu hazırda bank sektorunda əsas mövzu olaraq müzakirə olunur. İkinci devalvasiyadan sonra valyuta bazarında dollar tələbi artırdı. İlk əvvəl, bayram günlərini bəhanə edib, dolları məhdudlaşdırdılar, sonra bank terminallarında və valyuta dəyişmə məntəqələrində də dollar qıtlığı açıq hiss olundu. Belə bir vəziyyətdə kommersiya bankları öz müştərilərinə bazarda dollar qıtlığının yaranmasının səbəbini və onun doğurduğu məsuliyyətini MB-da gördüklərini ifadə etdilər. MB isə bankları dollarla təmin edə bilməməsinin məsuliyyətindən uzaqlaşmaq üçün xarici valyutada alqı-satqı məzənnəsini kommersiya banklarının daxili işləri olduğuna dair dünən qərar qəbul etdi. Əslində, valyuta bazarında bir oyunçunun (kommersiya bankları) və tənzimləmə orqanının məsuliyyətdən hansı məsafədə uzaq durmasından asılı olmayaraq gəlinən qənaətim budur: valyuta bazarında dollar qıtlığı yaşanır: “Əslində söhbət bu dollar tələbinin hansı formada təmin edilməsinin mexanizmindən getməlidir. Özüdə ki, təkcə dolların kommersiya banklarının hansı məzənnə ilə satmasında deyil, onun məhdudlaşdırması həddinin müəyyənləşməsi problemin olduğundan xəbər verir. Yəni, söhbət bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğindən artıq mübadilə əməliyyatının şəxsiyyəti təsdiq edən sənəd əsasında satılması valyuta bazarı üzərində sərt nəzarətin həyata keçirməsindən gedir. Çünki, bayramdan öncəki həftədə MB-ın bazara əvvəlki həftələrlə müqayisədə 2 dəfədən (320 mln-750 mln) daha çox intervensiya etmişdi. Bu artım sayəsində geniş həcmdə valyutanının alınmasında sabotajçı qüvvələrin olmasının simptomlarının olduğunu hiss edən MB preventiv tədbirləri həyata keçirməyə qərar verdi. Nə fərqi var, hansı səbəbdən ölkədəki valyuta kənara çıxarılır? Onu yaradan səbəblər aradan qaldırlmasa, yenə monetar risklər yenə də qalacaq”.
M.Talıblının sözlərinə görə, kommersiya banklarına verilən bu sərbəstliyin əsas məqsədlərindən biri də qara bazarın yaranmasını inzibati üsullarla almaq yox, həmin dollar ehtiyacı olanları kommersiya banklara yönəldilməsidir. Demək, MB problemi həll etmir, ünvanı dəyişdirir: “Tutaq ki, bir vətəndaş hər ay 1500 dollar həcmində kredit ödənişi həyata keçirir. O nə etməlidir? Kimlərdənsə, xahiş edib, şəxsiyyətini təsdiq edən sənədlər toplayıb, manatını dollara konvertasiya edib, kredit ödəməlidir? Heç olmasa banklara borcu olan müştərilərin kreditlərinin həcminə adekvat olaraq bu limiti 2000 manata qədər artırmaq lazım idi. Dollarla banklara əmanət yerləşdirən vətəndaşlardan siqnallar alırıq ki, onların dollarla əmanətlərinin geri alınmasında banklarla problemlər yaşayırlar. MB isə bu vəziyyətdə olan həmin kommersiya banklarına qarşı heç bir tədbir görmür, amma dollarla borcu olan müştərisindən təcili kreditini həmin valyuta ilə qaytarıılmasını tələb edir. MB bu kimi problemlərə aydınlıq gətirməlidir. Mən hesab edirəm ki, əsas məsələ böyük şirkətlərin dollara artan tələbinin həlli üçün təcili tədbirlər həyata keçirmək haqqında düşünməlidir. Çünki, bu ölkədə insanların dərdi,qayğısı yığımında olan 500 manatını dollara konvertasiya edib sandıqda saxlamaq deyil. Daha vacib məsələ böyüş şirkətlərin biznes əməliyyatlarında tələb olunan dolların necə əldə etməsi çətinliyidir. Bu şirkətlərin problemi deyil, başda Mərkəzi Bank olmaqla bank sektorunun problemidir”.
Xəyal