“Rusiyada demokratiya inkişaf edəndə, Xalq Cəbhəsi də Azərbaycanda demokratik yolla hakimiyyətə gələ bilmişdi”
Dekabrın 10-da Moskvada da daxil olmaqla Rusiyanın bir sıra şəhərlərində parlament seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən kütləvi aksiyalar və ümumiyyətlə Rusiyada cərəyan edən proseslərlə əlaqədar “Azadlıq” radiosu AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərdən mövqe öyrənib.
“Rusiyada baş verənlər Azərbaycandakı proseslərə təkan olacaq”
AXCP sədri Əli Kərimli deyib ki, dünyada başlayan demokratikləşmə dalğasının Rusiyadan da yan keçməyəcəyi məlum idi. Amma belə tez zamanda bu ölkədə müxalifətin böyük gücə çevrilməsi ciddi bir hadisədir: “Bu ölkədə pis və yaxşı nə baş verirsə, hamısı Azərbaycan da daxil olmaqla qonşu ölkələrə təsir edir. Rusiyada avtoritarizm möhkəmlənəndə, bu, Azərbaycana çox neqativ təsir göstərmişdi. Rusiyada demokratiya inkişaf edəndə, Boris Yeltsinin hakimiyyəti zamanı – 1992-ci illərdə Xalq Cəbhəsi də Azərbaycanda demokratik yolla hakimiyyətə gələ bilmişdi. İndi Rusiyada baş verənlər demokratiyanın lehinə olduğundan hesab etmək olar ki, bu, Azərbaycanda və digər ölkələrdə başlayan proseslərə təkan verəcək».
“Baş verənlər Azərbaycanda hakimiyyət dairələrinə ciddi təsir edəcək”
Müsavat başqanı İsa Qəmbər Rusiyada baş verənləri yaxından izlədiklərini bildirib. «Biz dekabrın 10-da İctimai Palata adından Rusiyada xalqın, cəmiyyətin azad seçkilər uğrunda mübarizəsinə dəstək verdiyimizi bəyan etdik. Xalqın öz hüquqları uğrunda mübarizəyə qalxması, saxta seçkilərlə barışmayıb yeni seçki tələb etməsi həddən artıq önəmli bir hadisədir”, – deyə o qeyd edib. İ.Qəmbərin fikrincə, artıq dünyada gedən azadlıq və demokratiya prosesləri cənubda İranı, şimalda Rusiyanı əhatə etməkdədir: “Hesab edirəm ki, bu proseslər regiona və o cümlədən Azərbaycanda da gedən proseslərə öz təsirini göstərəcək. Azərbaycan hakimiyyəti öz siyasətində Rusiyanın avtoritar rejiminə indeksləşdiyindən bu ölkədə baş verənlər Azərbaycanda da hakimiyyət dairələrinə ciddi təsir edəcək».