Özünü yandıran direktor müavini Alik Novruzov vəfat edib. Məlumatı lent.az yayıb.
***
Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlu bu gün səhər saatlarında özünü məktəbin qazanxanasında yandırıb.
Neftçala şəhər sakinlərinin verdiyi məlumata görə, təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub. Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş. Çıxış yolunu intiharda görən Alik Novruzov məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb.
Ağır yanıq xəsarətləri alan Alik Novruzov hazırda Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun yaşamaq şansının çox az olduğunu deyiblər.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırlıb. (virtualaz.org)
Qızı Svetlana Novruzova Azadlıq Radiosuna müsahibəsində deyib ki, Alik Novruzovun durumu ağırdır:
– Məni onun yanına buraxmırlar. Vəziyyəti çox ağırdır. Onu söndürməyə yanğınsöndürən gəlib, təsəvvür edirsinizmi? Sizcə, vəziyyəti necə olar?.. Anam yanındadır. O da şəkər xəstəsidir. Bilmirəm hansının halına yanım.
– Atanızın borcu nə qədərdir banka?
– Atam yaşlı, fağır adamdır. Keçən ilin avqustunda məktəbin xadiməsi – adı Şəfiqədir – oğlu, gəlini ilə bunu yoldan çıxarıblar ki, «bizə zamin dur, bankdan kredit götürək». O da bunlara inanıb. Özünün başqa banka 1000 manat krediti ola-ola «Ekspressbank» ona həm 5000 manat borc verib, həm də 2500 manat borcalana zamin kimi qəbul edib. Atama gətirib evdə ağ kağıza qol çəkdiriblər. Mənim atam deputatdır, nazirdir? Bu 7500 manatı haradan alıb verəcəkdi? Bank nəyə əsaslanıb ona bu qədər pul verib? Getdim banka, dedilər: «Biz də bilmirik, necə olub ona bu qədər pul verilib».
– Polisə müraciət etmişdiniz?
– Prokurorluq da, polis də dedi ki, «biz bank işinə baxmırıq». Amma yanğın olandan sonra polis əl-ayağa düşüb.
– Bəs atanızın zamin durduğu adamlar haradadır? Onlar nə deyirlər?
– Borc götürəndən az sonra rayondan qaçdılar. Bakıdadırlar, deyəsən. Sən demə, çox adama bu şəkildə pul atıblar. İndi bu xəbər çıxandan sonra bizim yanımıza gəlirlər ki, yazaq, polisə verək…
– Atanızı özünü yandırmağa nə vadar etdi? Yəni səbir kasasını daşıran səbəb nə oldu?
– Atam yaşlı adamdır, gündə bankdan gəlirdilər ki, «borcunu ödə». Bezmişdi. Dünən, yanvarın 6-da atam məhkəmədə olmaya-olmaya qərar çıxarılıb. Deyirlər bütün maaşı, təqaüdü borca tutulacaq. Elə dünəndən halı pisləşmişdi. Dedi ki, «2 litr nöyüt tapıb özümü yandıracam». Dedim ki, «ata, darıxma, özünü ələ al, namaz qıl, Allah Kərimdir»… (Ağlayır və söhbət yarımçıq kəsilir).
Müsahibədə adıçəkilən «Ekspressbank»dan münasibət öyrənmək mümkün olmayıb.