Nüsrət Ibrahimov: «Mənzil bazarında qiymətlərdə azalma mümkünsüzdür»
Ölkənin daşınmaz əmlak bazarında hazırda xaotik bir vəziyyət hökm sürür. Keçən ilin fevralında baş verən ilk devalvasiyaya qədər manatla dollar arasında olan cüzi fərq daşınmaz əmak bazarında, alqı-satqı proseslərində ciddi problemlər yaratmırdı. Lakin dekabrda baş verən ikinci kəskin devalvasiya prosesi milli valyutanı çökdürməklə mənzil bazarına da ciddi zərbə vurdu.
Yüksək məbləğli kreditlərin qarşılığında girov qoyulan mənzillərin manatla dəyərləndirilməsi bankların da bu məsələyə həssas yanaşmasını labüd edir. Belə bir məqamda, istər bank sektoru, istərsə də əhali üçün bir sual aktuallığını itirmir: görəsən, mənzil bazarında qiymətlər manatla, yoxsa dollarla olacaq?
“MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəriÿNüsrət Ibrahimov deyir ki, hazırda daşınmaz əmlak bazarında qeyri-müəyyənlik olduğundan, dəqiq proqnoz vermək çox çətindir. Ekspertin sözlərinə görə, yanvar və fevral aylarında qiymətlərin cüzi şəkildə azalması gözlənilir: “Lakin sonradan manatla ifadədə əvvəlki vəziyyətin bərpa edilməsi mümkündür. Dollarla ifadədə isə başqa mənzərə yaranır. Ilin axırına qədər ümumən daşınmaz əmlak bazarında manatla ifadədə təxminən 6 faiz civarında azalma ola bilər. Lakin mənzil bazarında, xüsusilə də ilkin mənzil bazarında qiymətlərin azalması mümkün sayılmır. Çünki tikinti materialları bazarında qiymətlərdə artım var. Ona görə də bu bazarda azalma mümkünsüzdür. Əksinə, manatla ifadədə az da olsa, artım olacaq”.
Nigar