Vicdan məhbuslarına qarşı göz qabağında fiziki zorakılıq oldu
Məhkəmə zalına qoçu dəstəsi gəldi; hakim zaldan qaçdı
Vicdan məhbusları Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı və Məhəmməd Məcidlinin dekabrın 9-da keçirilən apelyasiya məhkəməsi qalmaqalla müşahidə olundu.
Gücləndirilmiş iş rejimi
Məhkəmə iclasına İctimai Palatanın rəhbərliyində təmsil olunan AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər də qatılmışdılar. Prosesin sonuncu olacağı ehtimalı məhkəməyə gələn müxalifət fəallarının sayını xeyli artırmışdı. Elə təhlükəsizlik qüvvələri də həmişəkindən azı 5 dəfə çox idi.
Qəhrəman kimi qarşılandılar
Vicdan məhbuslarının zala girişi alqışlarla qarşılandı. Onların ovqatları çox yüksək idi. Məhkəmə nəzarətçilərinin müqavimətinə baxmayaraq liderlər vicdan məhbusları ilə dəmir barmaqlıqlar arasından olsa da, əl tutub görüşə bildilər.
Hakim dava salır
Məhkəmə iclasının açılışından dərhal sonra Arif Hacılı hakimə ötən prosesdə verdiyi vədi xatırlatdı. Keçən prosesdə hakim zalda çəkiliş aparmağa icazə verəcəyini demişdi. Arif Hacılının sözlərinə hakim Mursaqulov “çəkiliş azaddır” cavabını verdi və hər şey bundan sonra başladı.
Müsavatçı gənc fəal Səxavət Soltanlının foto çəkiliş etməsinə hakim etiraz edərək onu çölə çıxartmağı əmr etdi. Hər kəsi təəccüb bürüdü: axı niyə?
Məhkəmə “zalında qoçu” dəstəsi
Hakim isə suallara cavab vermək yerinə “çıxarın “ əmrini təkrarlamaqdaydı. Bu zaman zala 4-5 idmançı görkəmli mülki geyimlilər girdi, onlar Səxavəti zorla uzaqlaşdırmaq istəyəndə Tural Abbaslı buna etiraz etdi. Zaldakı etirazlara da baxmayaraq mülki geyimlilər hərəkətlərindən qalmadılar. Onlardan biri dəmir barmaqlıqlar arxasındakı Turala yumruq atanda vəziyyət böhran həddinə çatdı. Mülki geyimlilərdən daha üçü məhbuslara yumruq atmağa başlayanda zal tam ayağa qalxdı. Zalda “Azadlıq” şüarları səsləndi. Hər kəs hakimdən prosesi tənzimləməyi tələb etdikdə, hakim fasilə elan edib zaldan qaçdı.
“Küsəyən hakim”
Fasilə zamanı dustaqalrı müşayət edən kanvoylar mülki geyimliləri zaldan uzaqlaşdırdılar. Qarşıdurma zamanı “Yeni Müsavat” qəzetinin müxbirinin fotoaparatını mülki geyimlilər sındırdılar.Təqribən 40 dəqiqədən sonra hakim geri döndü. Bu zaman Tural Abbaslı yaranan vəziyyətlə bağlı söz istədi. Hakim izn vermədi. Amma Tural çıxışını kəsmədi və belə olanda hakim növbəti dəfə fasilə elan edib zalı tərk etdi. Onun bu hərəkətinə “nə yaman küsəyən hakimmiş” reaksiyaları gəldi.
“Fotoya izn verməmişəm!!!”
Vəkil Əsabəli Mustafayev zaldakılardan xahiş etdi ki, hakim heyətinin əlinə bəhanə verməmək üçün bir az təmkin göstərilsin. Bundan sonra o hakimləri geri döndərə bildi.
Hakim Mursaqulov geriyə xəbərdarlıqla döndü: “Bir də səs-küy olsa, zalı da boşaldacağam, məhkumları da çıxarıb prosesi keçirəcəyəm”. O, çəkilişlə bağlı belə izahat verdi ki, guya prosesdə videoçəkilişə izn verib, fotoya yox.
Hakim sonra vicdan məhbuslarının 2 vəkilinin prosesdə olmamasını bəhanə edib, prosesi təxirə saldı. Halbuki prosesdə iştirak edən vəkillər və məhbuslar iclasın keçirilməsində maraqlı idilər.
Məhkəmə dekabrın 16-da davam edəcək.
Natiq Güləhmədoğlu