Ölkəmizə «Bakı dövləti» deyən Həsən Qulu Iranı Azərbaycanın daxili işlərinə qarışmağa da çağırıb
Iranda Azərbaycan əleyhinə keçirilən tədbirlər davam etdirilir. Məlumata görə, “Şəriət məhkumları” silsiləsindən keçirilən növbəti konfrans “Azərbaycanda islamçılıq hərəkatının araşdırılması” mövzusunda keçirilib.
Toplantıda “Aran” Beynəlxalq Araşdırmalar və Mədəniyyət Institutunun müdiri Həsən Qulu Azərbaycana qarşı ərazisi iddiası ilə çıxış edib. O, Azərbaycanda insan hüquqlarının və dini dözümsüzlüyün, əsasən də müsəlmanlara qarşı diskriminasiya siyasətinin yeridilməsi kimin iddialar səsləndirib:”Dünyanın ikinci şiə müsəlman ölkəsi olan Azərbaycan xalqı üçün Imam Hüseyn əzadarlığının normal keçirilməsi təmin olunmur. Azərbaycan tarixi Iran ərazisidir, zor gücünə işğal edilib.
Bu ərazilərin adı Aran olmasına baxmayaraq, indiki Azərbaycan Irana və şiəçiliyə qarşı düşmənçilik cərəyanları ortalığa atılıb, indiyə kimi də davam etməkdədir”.
H.Qulu deyib ki, 1937-ci ildə Azərbaycanda müsəlmanlara qarşı repressiya ən yüksək həddə olub:”Bu dövrdə regionda 300 mindən yuxarı şiə qətlə yetirilib, çoxlu sayda ruhani və hətta müctəhid öldürülüb. Məscidləri bağlamaq, Imam Hüseyn əzadarlığını qadağan etmək kommunist rejiminin şiəlik əleyhinə olan digər əməllərindən olub(APA).
Təəssüf ki, Azərbaycan müstəqillik qazandıqdan sonra da dinlə mübarizə başqa formada davam etdirilir, Bakı dövləti Misir və Tunisdə diktatorların süqutundan sonra dünyanın ən anti-Islam ölkəsinə çevrilib. Halbuki, bu ölkə Islam Əməkdaşlıq Təşkilatının üzvüdür. Məscidlərin sökülməsini, din alimlərinin dəftərxanalarının açılmasının qadağan olmasını, əzadarlıq heyətlərinin küçələrə çıxmasının qarşısının alınmasını, Iranda dini təhsil almış ruhanilər tərəfindən dinin təbliğ olmasına qadağa qoyulması və sair əməllər Bakı dövlətinin islamofobiya siyasətinin göstəricisidir”. O, Iranı Azərbaycanın daxili işlərinə qarışmağa da çağırıb: “Bu ölkənin şiələrinin təzyiqlər altında olduğunu demək və onları dəstəkləmək, biz, Iran xalqının vəzifələrindən biridir”.