Hadisənin səbəbləri barədə müxtəlif məlumatlar var
İntihar etdiyi bildirilən məhkumun öldürüldüyü iddia olunur
Qaradağ rayon ərazisində yerləşən 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qanlı insident baş verib. Rəsmi açıqlamaya görə, dekabrın 8-də saat 19.45-də müəssisədə cəza çəkən və daxili rejim qaydalarını pozduğuna görə cərimə cərimə təcridxanasına (“Karser”) salınan saxlanılan 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu kanalizasiya xəttinin nasaz olması barədə yalan məlumat verməklə müəssisə rəisinin növbətçi köməkçisi Seymur Məhərrəmov və nəzarətçi Ramiz Əlifovdan onlara köməklik göstərmələrini xahiş ediblər.ÿ
Növbətçi köməkçi ilə nəzarətçi “karser”ə daxil olmaq istədikdə Fərid Dadaşov və Faiq Fərəcov əvvəlcədən çarpayıdan sökdükləri dəmir parçalarla onların bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq müxtəlif dərəcəli xəsarətlər yetirib. Məhkum Faiq Fərəcov hadisə yerindən qaçıb, Fərid Dadaşov isə müəssisənin əməkdaşları tərəfindən saxlanılaraq yenidən “karser”ə salınıb. Məhkum “karser”dəki adyalın sonluğunu cırıb özünü pəncərənin dəmir barmaqlıqlarından asaraq intihar edib.
Faktla bağlı dekabrın 8-də Bakı şəhər prokurorluğunda CM-nin 125, 304.2.1, 304.2.2, 304.2.3 və 317.3-cü maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə məhkum Faiq Fərəcovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.ÿ
“Azadlıq”a daxil olan məlumatlarda isə iddia edilir ki, qanlı insident pul üstündə baş verib. Söhbət ondan gedir ki, adətən məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar müəyyən məbləğ müqabilində cəzalarını evdə çəkirlər. Pul vaxtında çatdırılmayanda məntəqə rəhbərliyi ilə məhbuslar arasında mübahisələr baş verir. Məhkumların məntəqə tipli cəzaçəkmə müəssəsisəsindən qaçması təcrübəsinə nadir hallarda rast gəlinmir. Bu da hansısa məhkumun rəislə ciddi probleminin olması üzündən baş verə bilər.
Iddialara görə, adı çəkilən məhkumlar “aylığı” vaxtında çatdırmadıqlarına görə, “karser”ə salınıblar. Bu isə onların narazılığına səbəb olub və nəticədə qanlı insident baş verib. Konkret Fərid Dadaşovla bağlı hadisəyə gəlincə, onun öldürüldüyü də iddialar sırasındadır.
Məlumatlarda o da qeyd edilir ki, müəssisəsinin rəisi Baba adlı şəxsdir. Bu şəxs əvvəllər başqa bir cəzaçəkmə müəssisəsində rəis olub. Lakin işəd yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib. Sonradan onu 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə rəis təyin ediblər.
Informasiya şöbəsi