Valideynlər Turan Yazqana müraciət yolladı
«Sinifi məktəbin örnək siniflərindən, özü isə örnək müəllimlərdən olan Isa Ərdoğanı məktəbə qaytarın»
Bakı Atatürk Liseyində ötən həftə sonu başlayan gərginlik davam etməkdədir. Yada salaq ki, liseyin ibtidai sinif müəllimi Isa Ərdoğan ictimaiyyətə açıqlanmayan səbəbdən qəflətən işdən qovulub. Bu addımı isə valideynlərdə təpki yaradıb. Onlar müəllimin işdən hansı səbəbdən çıxarılmasına aydınlıq gətirilməsini və geri qaytarılaraq tədrisi davam etdirməsini tələb edirlər. Valideynlərin fikrincə, Isa Ərdoğan bilik, bacarıq və pedaqoji keyfiyyətləri ilə seçilən müəllimlərdən olub.
Bəzi xəbərlərə görə, Isa Ərdoğan “Azər-Türk” qadınlar birliyinin rəhbəri Tənzilə Rüstəmxanlının Türkiyədə liseyin tabe olduğu vəqfə verdiyi rəyin badına gedib. Tənzilə Rüstəmxanlı Atatürk liseyinin boz kardinallarından sayılır. O, burda heç bir vəzifə tutmasa da idarəetmədə əsas sima sayılır. Bildirilir ki, Isa Ərdoğan liseylə bağlı ciddi pozuntu hallarını ona məruzə edib və bununla da karyerasını bitirib.
Bir qrup valideyn ötən gün vəqfin başqanı Turan Yazqana müraciət imzalayıblar. Müraciətdə Isa Ərdoğanın işdən kənarlaşdırılmasından narahatlıq bildirilir və onun geri qaytarılması xahiş olunur: “Isa müəllimi 5 ildir tanıyırıq. Onun necə dürüst, işinin ustası, bundan başqa yüksək əxlaqi dəyərlərə sahib olduğuna dəfələrcə şahid olmuşuq. Əfəndiliyi, türk kültürünə kökdən gələn bağlılığı, bundan da öndə olan gözəl müəllimliyi tanıdığımız ilk günlərdən ona dərindən hörmətimizə səbəb olub. Məktəbimizlə bağlı mübahisəli məqamlarda hər dəfə onun ədalətli mövqeyinin şahidi olmuşuq. Belə bir müəllimin işdən çıxarılmasından çox narahatıq…
… Hər bir məktəb Isa bəy kimi müəllimi olmasıyla yalnız fəxarət duyar. Ölkəmizdə yetərincə haqsıqlıqlar içərisindəyik. Bakı Atatürk Liseyi bizim ailələrimiz üçün sadəcə təhsil müəssisəsi deyil. Bura bizim övladlarımıza normal cəmiyyət, normal quruluş adına göstərə biləcəyimiz bir məkandır. Biz ədalətsiz toplumda kiçik bir özgürlük adasına bənzəyən sevimli məktəbimizdə baş verənləri evladlarımıza anlatmaqda çətinlik çəkirik. Bu məktəbdə özgürlük, haqsızlıqla barışmamaq, haqqını yedirtməmək ruhunda tərbiyə alan gənclik bizdən öyrətmənlərini müdafiəsini tələb edir”.
Müraciətdə göstərilir ki, Isa Ərdoğan Bakı Atatürk Liseyindən öz mənfəətini güdən insanların davranışlarına etiraz etdiyi üçün uzaqlaşdırılıb: “Inanırıq ki, Bakıda baş verənlərlə bağlı Sizə düzgün bilgi verilməmişdir. Əks halda sinfi məktəbin örnək siniflərindən, özü isə örnək müəllimlərindən olan Isa bəy işdən çıxarılmazdı. Durumun dərindən araşdırılacağına, ömrünü təhsilə sərf etmiş Isa Ərdoğanın müəllimliyə bərpa ediləcəyinə böyük ümid bəsləyirik”.
Natiq