Əvvəla xatırladım ki, 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdi. Artıq demək olar ki, “Kənd təsərrüfatı ili”nı yekunlaşdırmaq olar. Əvvəlki illərdən fərqli olaraq bu il aqrar sahədə uzun müddət öz həllini tapmayan problemlərin sayı bir az da artdı. İstehsalda geriləmələr oldu, nəticədə kənd təsərrüfatı məhsulları, ərzaq malları ixracı azaldı, idxalı isə artdı. Kənd təsərrüfatında əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində hər hansı addım atılmadı. Bu il “Kənd təsərrüfatı ili”nin elan edilməsini əsaslandırmaq məqsədi ilə sahəyə aid fərmanlar, sərancamlar imzalandı, kağız küyü yaradıldı. Əsassız vədlər verildi. İmzalanan fərmanların, sənədlərin bir çoxu kağız üzərində qalsa da, pul ayırmaları ilə bağlı olan sərəncamlar dərhal yerinə yetirildi. Təəssüflər olsun ki, maliyyə vəsaitləri daha çox qeyri -istehsal sahələrinə yönəldildi. Bu il heç bir əsas, ehtiyac olmadığı halda, Dövlət Taxıl Fondunun (DTF) buğda ehtiyatı daha 250 min ton artırılaraq 750 min tona çatdırıldı. Ona görə də xaricdən gətirilən buğdanın həcmi artırıldı. Dövlət Taxıl Fondu bu qədər buğda ehtiyatını daxili istehsal hesabına yaratmır, xaricdən idxal edir. DTF onu əsas gətirir ki, guya bizim fermerlər istehsal etdikləri məhsul unüyütmə üçün yararsızdır. Digər tərəfdən Kənd təsərrüfatı Naziri iddia edir ki, yerli taxıl, xüsusən buğda keyfiyyətlidir. Bu da sual doğurur. Yalnız taxıl idxalı üçün hər il ölkədən 450 milyon dollar vəsait çıxarılır. Bu qədər vəsait əcnəbi fermerlərin istehsalını genişləndirir, biznesini stimullaşdırır. Dövlət büdcəsindən kənd təsərrüfatına 597 milyon manat vəsait ayrılıb. Deyilənlərə inansaq, bu qədər maliyyə vəsaitinin əsas hissəsi taxılçılığın inkişafına yönəlir. Bəs necə olur ki, sahəyə ciddi dövlət dəstəyi olduğu halda, hər il ölkəyə 1 milyon 500 min ton ərzaq buğdası idxal olunur? Bilirsinizmi, bu qədər buğda bizim istehlak etdiyimizdən də çoxdur. Dünyada adambaşına 90 kiloqram ərzaq buğdası istehsal olunsa da bunun 20 faizi ehtiyat kimi saxlanılır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda adambaşına 180 kiloqram buğda istehsal olunur, 150 kiloqram da idxal edilir. Adambaşına 330 kiloqram buğda düşür. Belə təsəvvür yaranır ki, ölkə əhalisi yalnız buğda ilə qidalanır. Əgər ölkəyə normadan çox məhsul idxal edilibsə, istehsal da təlabatdan çox olubsa, həmçinin 7 aylıq ehtiyat buğda varsa, onda unun qiyməti bir gün ərzində niyə 50 faiz artıb?
Bütün ölkələrdə ərzaq buğdası, un, çörək vacib sosial əhəmiyyət kəsb edən strateji məhsul hesab olunur. Əgər başqa ölkələrdə unun qiyməti 50 faizədək artardısa, hökumət qiymət artımının qarşısını almaq üçün dərhal müvafiq tədbirlər həyata keçirərdi. Azərbaycan bazarında da unun qiymətinin kəskin artmasının qarşısı alınmalı idi. “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 4.1. maddəsində ehtiyat buğdadan “lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə” istifadəsi nəzərdə tutulduğu halda, qiymət artımının qarşısı alınmadı. Dövlət Taxıl Fondunun nə üçün, kim üçün yaradıldığı sual yaratmaqla yanaşı həm də şübhələr yaradır. Əslində Azərbaycan hökuməti daxili istehsalı stimullaşdırmalıdır. Ona görə də Dövlət Taxıl Fondu ehtiyat buğdanı yerli fermerlərin istehsal etdikləri məhsulun hesabına formalaşdırmalı idi. Əks halda bu fondu yaratmağa nə ehtiyac var? Dünya bazarında buğda təklifi həmişə tələbi üstələyib. Bizim fermerlərin istehsal etdikləri məhsulu tədarük etməklə onların satışla bağlı yükünü asanlaşdırmaq, istehsala maraqlarını artırmaq olardı. Buğda istehsalı ilə bağlı rəqəmlərin uydurma olduğuna heç şübhə yoxdur. Əgər istehsal olsaydı bazarda olardı. Bir varı, bir də yoxu gizlətmək mümkün deyil. Bu ölkədə dövlət məmurları “pripiska”ya, yalanlar uydurmağa, rəqəmləri istəklərinə uyğun olaraq dəyişməyi vərdiş ediblər. Onlar dövlət büdcəsindən ayrilan maliyyə vəsaitlərini mənimsəmək məqsədilə bunu edirlər.
Bu il Kənd Təsərrüfatı Nazirliyi üçün çox yaxşı fürsət ola bilərdi, aqrar sahənin inkişfı istiqamətində bir sıra ciddi layihələr hazırlayıb həyata keçirərdi. Lakin bu qurumun rəhbərliyi istehsalla bağlı görüləcək vacib işləri kənara qoyub, dövlət büdcəsində nəzərdə tutulan böyük maliyyə və pul resurslarının tikinti işlərinə yönəldilməsinə nail oldu. Külli miqdarda dövlət vəsaitləri heç bir zəruri ehtiyac olmayan 52 inzibati binanın inşasına yönəldildi. “Kənd təsərrüfatı ili”nin kənddə yaşayanlara heç bir faydası olmasa da, nazirin özünə, uşaqlıq dostuna və qohumuna düşərli oldu. Düşünməyin ki,“Bal tutan barmaq yalayar” məsəli burada yerinə düşür. Birincisi, hökümət məmurları bal tutmadan da, almadan da bal yeyə bilir. İkincisi, kənd təsərrüfatı məhsulu istehsalçıları vergidən azad olunduqları halda, bu sahəyə böyük həcmdə dotasiya ayrıldığı halda, nazirlik hansı əsasla büdcədən əhəmiyyətsiz işlərə maliyyə vəsaiti ala bilir? Axı atalar belə də deyib: “İnək südünə görə mələyər”. Süd demişkən, südü, buğdanı, əti, kartofu, şəkəri, çayı, yağı, Rusiyadan, Qazaxıstandan, Hindistandan, Gürcüstandan, Belarusdan, Ukraynadan, İrandan, Braziliyadan, Avstraliyadan və sair ölkələrdən gətirirlər, bahalı inzibati binaları isə sahədən bixəbər olan yerli məmurlar üçün inşa edirlər. Sual olunur, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsinə nəzarət edən dövlət qurumu varmı? Varsa, hanı?
Davamı var.