Mərkəzi Bank gündəlik dollar ehtiyacının yalnız 50 faizini ödəyir
Ötən həftədən başlayan dollar ajiotajı həftəsonu “qara bazar”ın yaranmasına səbəb oldu. Hətta həftənin şənbə və bazar günləri “qara bazar”da bir dolların iki manata qədər bahalaşması müşahidə olundu. Dekabrın 28-də Mərkəzi Bankın açıqlamasından sonra bəzi valyutadəyişmə məntəqələrində dollar gün ərzində 1.5560 manata təklif olunsa da, əksər məntəqələr dollar satışından imtina edib. Dünən isə dollar satışı ilə bağlı problem daha ciddi xarakter almağa başladı. Şəhərin topdansatış valyuta məntəqələrində dollar satışı dayandırıldı. Hətta məzənnəni göstərən lövhələrdə də satış kursu yığışdırıldı. Topdansatış valyutadəyişmə məntəqələrində alış kursu 1.595 olub.
Məntəqələr dünən gün ərzində yalnız dollar qəbul eləməklə məşğul olub. Müştərilər məntəqələrin qarşısında dollar təhvil verəcək adamları gözləyirdi. Dolları dəyişmək istəyən adamlara 1.60 və ya daha yüksək kurs təklif edilirdi. Onu da qeyd edək ki, günün sonuna doğru dolların bazardakı kursu hətta 1.70-ə yüksəldi. Dünən “AG Bank” 1 dolları 1. 5665-dən alıb və 1.70 manatdan satıb.
Redaksiyamıza zəng vuran vətəndaşlardan biri 200 dollar almaq üçün az qala bütün şəhəri gəzdiyini bildirib. Onun sözlərinə görə, üz tutduğu valyutadəyişmə məntəqələrinin əksəriyyəti işləmir. Işləyənlər də dollar satışından imtina edib.
Görünür, Rusiyadakı kimi Azərbaycanda da dollar satışı nəzarətə götürülür. Adamların kütləvi dollar almasının qarşısı belə alınır.
“Exhange”lər bağlanır: dollar yalnız banklarda satılacaq
Azərbaycandakı bütün valyutadəyişmə məntəqələri bağlanacaq. Bu barədə hökumətə yaxın mənbələrdən məlumat verilib. Informasiyaya görə, bununla bağlı müvafiq qərar ən yaxın zamanlarda qəbul edilə bilər.
Məlumatı verən mənbə valyutadəyişmə məntəqələrinin bağlanması zərurətini onunla izah edib ki, bu məntəqələrin işçiləri birbaşa banklar tərəfindən müəyyən edilmiş vəzifələrini yerinə yetirmək əvəzinə nəinki təkcə Mərkəzi Bankın, bütövlükdə dövlətin siyasətinə ziyan vuran fəaliyyətlə məşğul olurlar. Belə ki, məhz valyuta mübadiləsi şöbələri əməkdaşlarının “fəaliyyəti” sayəsində möhtəkirlik halları artır, əhali arasında qeyri-sağlam ajiotaj yaranır.
Məlumata görə, əhali bundan sonra pulunu “exhance”lərdə yox, bankların özündə və bank filiallarında dəyişə bilər. Bu isə Mərkəzi Banka öz pul siyasətini daha dəqiq yürütməyə və məzənnə ilə bağlı bütün prosesləri nəzarətdə saxlamağa imkan verəcək. Bu qərar həmçinin hələ 90-cı illərdən formalaşan “qara bazar”ın təsirini də heçə endirəcək. (virtualaz.org)
Mərkəzi Bank dollara tələbatın 50%-ni ödəyib
MB mütəşəkkil banklararası bazarda növbəti valyuta intervensiyasını həyata keçirib. Məlumata görə, 29 dekabr hərracında MB kommersiya banklarının sifariş və qiymət təklifləri əsasında 100 mln. ABŞ dolları həcmində valyuta kütləsi satıb. Nəticədə, MB kommersiya banklarının dollara olan cari tələbatının 50%-ni (dekabrın 28-də – 46%) ödəyib.
Banklar valyuta satışını dayandırdı
Azərbaycan banklarının əksəriyyəti xarici valyutanın satışını dayandırıb. Buna səbəb tələbatın çox olması ilə əlaqədar dollar və avro çatışmazlığının yaranması, eləcə də xarici valyutanın gələcək qiyməti ilə bağlı qeyri-müəyyən vəziyyətinin hökm sürməsidir.
Buna görə də, bankların çox dollar və avro almaq istəyən müştərilərinə “Yox” cavabı verir. Bəzi banklarda isə satış limitlə – adambaşına 500-1000 dollardan və yaxud avrodan çox olmamaq şərti ilə həyata keçirilir.
“Satışı dayandırmaq ajiotajı daha da artıracaq”
AXCP sədri Əli Kərimli öz facebook səhifəsində valyutadəyişmə məntəqələrinin dollar satışını dayandırmasına münasibət bildirib: “Valyutadəyişmə məntəqələrində dollar satışını dayandırıblar. Bundan daha ”ağıllı” tədbir fikirləşə bilmədilər. Sosial şəbəkə fəalları bunlara lağ edib, tez-tez Şimali Koreya ilə müqayisə aparır. Deyəsən, özlərinin də xoşuna gəlib.ÿ Nə baş verir? Bazar iqtisadiyyatından da imtina olunur? Iqtisadiyyatın dövlət tərəfindən tam nəzarət olunması dövrünə qayıdırıq? Aydın deyilmi ki, inzibati yolla dollar satışını dayandırmaq dollar tələbatını aradan qaldırmayacaq, əksinə ajiotajı daha da artıracaq?”.
“10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”
“Hökümət 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.ÿBu barədə Milli Məclisin sədri Oqtay Əsədov bəyan edib. Spikerin sözlərinə görə, banklarda dollarla krediti olan vətəndaşlarla bağlı məsələ planlı şəkildə həyata keçirməlidir:ÿ “5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.
YAP günahı Elman Rüstəmovun üstünə atır
Manatın devalvasiyasının yaratdığı duruma Milli Məclisin 29 dekabr icasında da toxunulub. YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanması üçün davamlı olaraq 2 milyard vəsait xərcləyib: “Bunu etməkdənsə həmin vəsaiti vətəndaşların problemlərinin həll edilməsinə xərcləyərdilər. Yəni bütün problemləri Mərkəzi Bank həll etməlidir. Çünki bank öz potensialından kifayət qədər istifadə edə bilər. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər”.
Manat lari qarşısında da ucuzlaşdı
Manatın ucuzlaşması onun Gürcüstanın milli valyutası olan lari qarşısında da dəyər itirməsinə səbəb olub. Son bir neçə gündür manatın məzənnəsi lari qarşılığında enməkdədir. Dekabrın 28-də isə lari-manat məzənnəsi hətta bir neçə dəfə dəyişib. Səhər saatlarında 1 manat 1,8 lari ətrafında dəyişdirilib. Sonradan manatın məzənnəsi əvvəlcə 1,6 lariyə, günorta saatlarında isə 1,4 lariyə enib.
Ucazlaşma dekabrın 29-da da davam edib. Tiflisdə valyuta dəyişmə məntəqələrində və banklarda 1 manat 1,32 lariyə dəyişilib.
Azərbaycan-Gürcüstanın sərhəd keçid məntəqəsində isə manat daha ucuz qəbul edilir – 1 manat=1,05 lari (Fins.az).
Xəyal