Bir məşhur mahnıda deyildiyi kimi, dünya köhnə dünyadı… Sevgiləri təzədir.
Indi dünyanın da sevgi təzələyən vaxtıdır, daha köhnə dünyanın qalıqları olan diktatorları istəmir, eşq təzələyir dünya və havanı təmizləyir.
Bu eşqdən, havadan azadlıq qoxusu gəlir…
Bu eşq Azərbaycana gəlib çıxacaq, onu heç bir divar, qala, əngəl saxlaya bilməz və indi ölkəni gəzərkən rast gəldiyimiz uca, hündür divarlar, o binaların arxasındakı qəsrlər bu havanın hardansa o qəsrlərə girib onları içindən sökməyə əngəl ola bilməz.
Azərbaycanda bu azadlıq havası hələ nə Ilham Əliyevə, nə də ətrafındakılara çatıb. Bizim diktaturanın “sahibləri” hələ qiymət qaldırmaqla, adamların son tikəsini ağzından çıxarmaqla məşğuldur. Ya son yığım dövrü olduğunu anlayıb bunu edirlər, ya da dediyim kimi, təzə hava hələ bunlara çatmayıb. Ikinci variant daha doqru görünür mənə, çünki bundan əvvəl dünyanın təzə havası dəyən ölkələrdə diktatorlar elə israrla o havanı həbs edib saxlamaq, öz qəsrlərinə buraxmaq istəmirdilər ki, qanı su əvəzi axıdırdılar. Amma olmurdu, hava ola, özü də ona azadlıq qatıla, onun qarşısında heç nə dayana bilməz.
Azərbaycanda da elə zənn edirlər ki, təzələnən dünyada bir nümunə kimi köhnəlik saxlaya biləcəkər. Ilham Əliyev və komandası güman edir ki, onun qurduğu diktatura dağılanlardan güclüdür, Azərbaycan xalqı da ərəb xalqlarından acizdir, qorxaqdır…
Düşünürlər ki, 20 il ərzində ölkədə qurulan diktatura rejiminə uyğun bir xalq formalaşıb.
Amma olsun! 20 il vətənsizləşdirilib Rusiyanın tarixi ilə bəslənən xalq bir ağac üçün qalxdısa, bir də görərsən elə yenə də bir ağac üçün qalxıb qurduğunuzu başınıza tökdü.
Azərbaycanda ağac inqilabının olması qayət mümkündür axı, gündə deyil, hər saat Bakının küçələrindən ağaclar qırılmırmı? Bakı göreşən məzar eşən kimi hakimiyyətin göreşən iştahına qurban gedən tinlər, küçələrlə bol deyilmi?!
Zaman-zaman adam ümidini itirir, ya da hələ bu rejimin çox çəkəcəyini düşünür. Nə gizlədim, belə düşündüyümüz də olur. Amma anlar olur, bu zamanın düşüncəsi deyil. Sonra bu anların ardından bir gün elə bir sabahın açılmasını təsəvvür edirsən ki, Bakının göreşənlərin iştahına təslim olunmuş küçələri, tinləri indi də azadlıq havasının sədaları altında “rəqs edir”. Belə bir sabahı təsəvvür edərək Bakının ətrafına hörülmüş, sanki məmurlar, Ilham Əliyevlə “qara camaat” hesab etdikləri adamlar arasına çəkilmiş divarların yıxımını izləmək, özlərini hər şeyə sahib hesab edənlərin vurnuxmaları, qəsr kimi tikilib quşqonmaz olan evlərin pəncərələrindən süzülən qaranlığı izləmək kimsənin azadlıq havasına oynamaq həvəsini poza bilməz.
Illərdir bu xalq sümüyünə düşməyən havaya oynayır. Iqtidarın çaldığı havalar ancaq yalan, dolanla bol olduğundan insanlar artıq bir-birinin dediyi düz sözə inanmaz hala gəlib. Ömür daş kimi insanların ürəyindən asılıb, arzuları viran qalıb. Indi nə olacaq, arzuları viran qalmış bir xalq deyirsiniz sizin xanimanlarınızı viran qoymayacaq?
Qoyacaq!
Hələ divar tikin, qəsrlərinizlə xalq arasında daha qalın, hündür divarlar hörün. Üzərinə qalın, ağır daşlar döşəyin. Bəzək vurun, naxış salın…
Edə biləcəyiniz, tikə biləcəyiniz qədər divarlar tikin, ağır, qalın..
Sonda o tikdiyiniz divarların altında elə özünüz qalacaqsınız, qazdığı quyuya düşmək misalı… Qiymətləri qaldırın, hətta kitab oxumaq üçün kampaniya keçirən gəncin əlindəki kitabı belə alıb çırın. Beş adamın bir yerdə dayanmasına, yığışmasına dözməyib dinc insanların üstünə göndərdiyiniz, əlindəki dəyənəyin gücü ilə özünü bir şey zənn edənlərin arxasında gizlənib zora güvənin…
Haqqını istəyəni döyün, həbs edin və…
…Bütün ölkəni divarlarla əhatəyə alın, zənn edin ki, bütün ölkəni keçilməz qəsrə çevirmisiniz..
Yol kənarları, Bakının ətrafı, evlərinizə gedən yol ətrafındakı xarabalıqlarla öz aranıza çəkdiyiniz divarlar…
Bu tikdiyiniz divarlarmı, məzarlarmı?!