Rusiya Bəşər Əsədin proqnozlarına uyğun davranır
Azərbaycan patronsuz qalan hakimiyyət dönəminə girir
Rusiyada parlament seçkiləri avtoritarizmin tüğyan etdiyi ölkələrdə olduğu kimi keçirildi. Hakim partiya dövlətin inzibati resurslarına güvənərək kütləvi saxtakarlıqla öz birinciliyini təmin etdi. Saxtakarlıqların və seçkiyə inzibati müdaxilənin detalları KIV-də yetərincə işıqlandırılıb. Amma bütün bu əyintilərə baxmayaraq, Rusiyanın hakimiyyət elitası özünün mütləq üstünlüyünü təmin edə bilmədi. Dəyişiklik, demokratiya, hüquqi cəmiyyət tələb edən Rusiya cəmiyyəti əlbəyaxa savaş hesabına da olsa, avtoritarizmin tam təntənəsinə imkan vermədi.
Rusiyada demokratikləşməni israrla tələb edən cəmiyyət dirənişi davam etdirir və bir neçə aydan sonra keçiriləcək prezident seçkilərində bu dirəniş daha da kəskinləşəcək. Rusiya Suriyanın devrilməkdə olan prezidenti Bəşər Əsədin proqnozuna lap yaxınlaşmaqdadır. Mart ayında orada böyük ETIRAZın görsənişləri küçə və meydanlara çıxarılacaq.
Rusiyada dəyişikliklərin ictimai-siyasi zərurət olması, cəmiyyətin bu dəyişikliklər uğrunda mübarizə naminə siyasi partiyalarda mərkəzləşməsi Azərbaycan üçün bir sıra nümunələr yaradır. Çünki Azərbaycan avtoritarizmi Rus saraylarından qidalanan çoxayaqlıdır. Azərbaycan hakimiyyəti öz ideoloqu cənab Ramiz Mehdiyevin simasında “kəşf” etdiyi “suveren demokratiya” nəzəriyyəsini Rusiyanın inzibati elitasından əxz etmişdi. Azərbaycan avtoritarizmi daxili və xarici siyasətini Rus faktoruna söykənərək tənzimləyir. Rus faktorunun mahiyyətcə dəyişməsi (bu dəyişiklik isə o qədər də uzaqda görünmür – Q.Z.) bizim oliqarxların xarici həzz mənbələrinin vurulması kimi dəyərləndirilə bilər.
Siyasətdən kənar hakimiyyət necə olur
Aydındır ki, Azərbaycanda hakimiyyətin siyasi mahiyyəti yoxdur. Bizim hakimiyyət siyasi üsul və vasitələrlə formalaşmayıb, sadəcə, müsəlləh bir qrupun davamlı olaraq siyasi hakimiyyəti uzurpasiya etməsi səbəbinə görə mövcuddur. Amma hər bir halda, bu hakimiyyət beynəlxalq münasibətlərin subyektidir, özünün bütün davranışlarını da beynəlxalq siyasi münasibətlərin müstəvisində nizamlamalıdır. Rusiyada demokratizm tendensiyalarının güclənməsi, Azərbaycanın və sair avtoritar postsovet ölkələrinin bu müstəvidə rahatsızlıqlarının başlanğıcıdır.
Amma mütləqdirmi ki, Azərbaycanda islahatlar xarici faktorlardan asılı olaraq həyata keçirilsin? Axı, istənilən hakimiyyətin mənbəyində xarici siyasi faktorlar, şübhəli transmilli biznes, çirkli pullar və bu qəbildən olan başqa amillər deyil, məhz, xalq dayanır. Əgər Azərbaycan hakimiyyətinin yerli siyasi dayaqları olsaydı və hakimiyyət hesab etsəydi ki, bu siyasi dayaq Azərbaycan xalqıdır, o zaman minlərlə ailənin evini başına uçurmaz, minlərlə sahibkarı müflisləşdirərək ölkədən qaçırmaz, yüzlərlə insanı siyasi motivlərlə həbsxanalara doldurmazdı.
Azərbaycan tipli hökumətlərin hamısı üçün Misir, Liviya, Suriya,.. hadisələri ibrət dərsi olmur. Diktatorların hər biri belə hesab edir ki, o, daha ağıllıdır və daha tədbirlidir. Amma Rusiya hadisələri müstəsna qaydada ibrət dərsi olmalıdır. Çünki Rusiya totalitar düşüncənin on illər ərzində idarə etdiyi bir dövlət olaraq geosiyasi münasibətlərini də totalitarizmi intixab edən inzibati sistemlərlə qurmağa daha həvəsli olub. Rusiyanın demokratikləşməsi regionun bir çox xırda avtoritar sistemlərini fakt qarşısında qoyaraq siyasi kursun radikal qaydada dəyişikliyini təkid edəcək. Avtoritar hakimiyyətlərin xarakterini nəzərə alsaq, bu radikal dəyişikliklərin yuxarıdan başlanacağını iddia etmək də doğru görünmür.
Plakatları sındırıb təkrar istehsala göndərirlər
Rusiyada dərk olunan həqiqətlər Azərbaycanda da dərk olunmalıdır. Ilk növbədə, bunu hakimiyyyətdə olanlar dərk etməlidir. Dərk etməlidirlər ki, dünyada siyasi idarəetmənin məntiqi də, mənzərəsi də dəyişir. Artıq plakatçılığa, saxta ideologiyalara, şəxsiyyətə pərəstiş üzərində qurulan vertikal idarəetmə demoqogiyasına yer yoxdur (Vertikal idarəetmə demişkən. Azərbaycanda bunun çox əcayib bir nümunəsinin tətbiq edilməsinə qərar verilib. Regionların inkişafı proyektinə ayrılan büdcə vəsaitləri üzərində nəzarət ayrı-ayrı nazirliklərdən alınaraq birbaşa yerli icra hakimiyyətlərinə verilib. Icra hakimiyyətləri təsərrüfat subyekti deyil və bu vəsaitlər də, əgər zəruridirsə, bələdiyyələrin sərəncamına verilməli idi. Görünür, korrupsiyanı asanlaşdırmaq üçün bu nəhəng proyekt icra başçılarının masasına yatırılıb).
Artıq dünyada təkpartiyalı hakimiyyət, müdrik siyasət, dünya şöhrətli fenomen, analoqsuz inkişaf, alternativsiz lider kimi düşük siyasi terminlərdən imtina edilib. Hətta Çin Kommunist Partiyası belə, birinci katib üçün səlahiyyət müddəti müəyyən edib. Rusiyadakı sosial dirəniş, Putinçilikdən imtina dalğası bu prosesin orada da başlandığını göstərir. Şübhəsiz, Azərbaycan bu siyasi düzənə ən sonda qoşulanlardan olmağı planlaşdırır. Amma dünyada baş verən qlobal siyasi dəyişikliklərin Azərbaycanda planlaşdırıldığını güman etmək də çox böyük sadəlövhlükdür. Azərbaycan məmurları, uzaqbaşı Irana gedib orada planlaşdıra bilərlər ki, yerli KIV-lərin mövzuları üzərində hansı senzləri müəyyənləşdirək. Bu da ötəri müddət üçün planlaşdırılan bir niyyət ola bilər. Çünki Iran teokratiyası daxili və xarici burulğanların girdabına düşüb orada boğulmaq üzrədir.
O dünyadan gələn səs
Biz neft satıb totalitarizmin sütunlarını qızıl suyuna boyamaqla məşğul olsaq da, bütün dünya totalitarizmi çürük taxta tabutlarda dəfn edir. Rusiya Azərbaycandan daha böyük neft alverçisidir. Amma dünyanın gözü qabağında Rusiya neftinin lütfündən məhrum olan rusların neft diktaturasına qarşı dirənişi başlayır. Orada mükəmməl bir orta təbəqənin formalaşdığını söyləyən ciddi ekspertlər var. Əsasında orta təbəqənin dayandığı sosial müqavimət, nə qədər radikal tələblər irəli sürsə də ağrısız proseslər yaradır. Azərbaycanda isə bu fenomenlə mübarizənin də yolunu tapdıqlarını zənn edirlər: orta təbəqə yoxdur. Amma cəmiyyət yalnız iki təbəqədən olanda zamanın məntiqinə uyğun olaraq baş verməli olan dəyişikliklər çox ağrılı gedir. Misirdəki, Suriyadakı kimi…
Bəşər Əsəd barmağını bu coğrafiyaya uzatdı. Bu, o dünyadan gələn səs kimi də qəbul edilə bilər. Həmişə belə deyirlər ki, o dünyadan heç kim xəbər verməyib. Amma Bəşər Əsədin səsi gəlir. Rusiyada bu səsin doğru şeyləri ifadə etdiyi çox az zamanda göründü. Azərbaycan da bu coğrafiyada yerləşir.