İlham Əliyevin mühafizəçisi daxili işlər nazirini «Qara Kəmər» əməliyyatının «qurbanı» olmaqdan xilas edib
Daxili işlər naziri Ramil Usubovun kürəkəni Kamran Xankişiyevi polis orqanlarından xaric etdiyi barədə məlumat vermişdik. Bildirmşdik ki, nazirin bu addımının konkret səbəbi bəlli deyil. Lakin bəzi mülahizələr irəli sürmək mümkündür. Bunlardan ən başlıcası Kamran Xankişiyevin səhhətilə bağlıdır. Bir müddət əvvəl Ramil Usubovun kürəkəni ilə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov arasında silahlı insident baş verib. Robert Əyyubov Kamran Xankişiyevə atəş açıb və nazirin kürəkəni ağır xəsarət alıb. Ola bilsin ki, bundan sonra Kamran Xankişiyevin polis orqanlarında çalışması mümkün olmadığından Ramil Usubov kürəkənini işdən çıxarıb.
Başqa bir mülahizə isə daxili işlər nazirinin Bəylər Əyyubovdan ehtiyat etməsilə bağılıdır. Söhbət ondan gedir ki, bir neçə gün əvvəl Ramil Usubovun əmrilə Bəylər Əyyubovun Göygöl rayon polis şöbəsinin əməkdaşı olan bacısı oğlu Azər Şahverdiyev polis orqanlarından qovulub. Azər Şahverdiyevin işdən qovulması onun həmkarlarına silah çəkməsilə bağlı olub. Ehtimal olunur ki, Ramil Usubov bu addımının Bəylər Əyyubovda qıcıq yaradacağını düşünüb kürəkənini də işdən çıxarıb.
Dünən əldə etdiyimiz məlumatlara görə, daxili işlər nazirinin Kamran Xankişiyevi işdən çıxarması ikinci səbəblə bağlıdır. Yəni, doğrudan da Ramil Usubov Bəylər Əyyubovdan ehtiyat edərək kürəkənini işdən çıxarıb. Məlumata görə, Usubov Azər Şahverdiyevi işdən çıxarmaqla kifayətlənsə də, Bəylər Əyyubovun hətta bu halda da hiddətlənəcəyini düşünüb. Ona görə də kürəkənini işdən çıxarmaqla balans yaratmağı düşünüb. Bildirilir ki, Ramil Usubovun
Bəylər Əyyubovdan ehtiyat etməsinin səbəbi təkcə bu deyil. Ilham Əliyevin cangüdəni “Qara Kəmər” əməliyyatında daxili işlər nazirinin həbsinin qarşısını alıb. Bildirilir ki, martın 10-da keçirilən əməliyyatın səhəri günü Ramil Usubovun həbsi planlaşdırılırmış. Hətta bununla bağlı sanksiya da olub. Ilham Əliyev həmin vaxt ölkədə deyilmiş. Ramil Usubovla eyni komandada təmsil olunan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Ilham Əliyevlə əlaqə saxlayaraq bu həbsin qarşısını almağa çalışıb. Həmin vaxt ölkə başçısı ilə əlaqə Bəylər Əyyubovun vasitəsilə baş tutub. Ramiz Mehdiyev əvvəlcə Bəylər Əyyubovla danışıb. Ramiz Mehdiyev məsələdən xəbərdar olan Bəylər Əyyubovu Ramil Usubovun həbsinə ehtiyac olmadığını inandıra bilib və onunla Ilham Əliyev arasında əlaqə yaratmasını xahiş edib. Bəylər Əyyubov Ramiz Mehdiyevin xahişini yerə salmayıb və ölkə başçısını PA rəhbərilə calaşdırıb. Bu söhbət hakimiyyətdə çoxlarına bəllidir. Hətta indi də yeri düşəndə hakimiyyətdə deyirlər ki, Bəylər Əyyubov Ilham Əliyevlə Ramiz Mehdiyev arasında əlaqə yaratmasaydı Ramil Usubovun həbsinin qarşısını almaq mümkün olmayacaqdı. Məlumatlara görə, Ramil Usubov da Əyyubovun bu jestini unutmayıb. Elə bu səbəbdən Robert Əyyubov Kamran Xankişiyevə ağır xəsarət yetirəndə daxili işlər naziri məsələni dərinləşdirməyib.
Zərifə Məhəddinova