Hakimiyyət sanksiyalardan qorxur

aliyev-munich

aliyev-munichİqtidar ənənəvi siyasətlə çıxa bilməyəcək

Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq edilməsi barədə ABŞ Konqresinin Helsinki Komissiyasının hazırladığı qanun layihəsi iqtidarda ciddi təşvişə səbəb olub. Doğrudur, hakimiyyət ABŞ-a “adekvat cavab” hazırlayıb. Milli Məclisə ABŞ-a sanksiyalar tətbiq olunması barədə qanun layihəsi təqdim edilib. Iqtidar istəməsə də, sanksiyalardan çəkinmədiyini nümayiş etdirmək məcburiyyətindədir. Lakin bununla belə bəzi hökumət nümayəndələrinin çıxışları, iqtidarın nəzarətində olan mediada yazılanlardan açıq-aydın sezilir ki, Helsinki Komissiyasının hazırladığı qanun layihəsi hakimiyyətdə ciddi qorxu yaradıb.

Məsələn, jurnalist Eynulla Fətullayev rəhbəri olduğu media quruluşunda müəllif yazısı ilə çıxış edərək bu məsələnin kifayət qədər ciddi olduğuna işarə vurub. Eynulla Fətullayevin məqaləsindən bəzi məqamları diqqətə çatdırırıq:

“…Müxalif tərəfin arqumentlərinə gəldikdə isə burası doğrudur ki, K.Smit Konqresdə əhəmiyyətli fiqurdur. Ikincisi o, respublikaçıların lideridir. Respublikaçılar isə Konqresin hər iki palatasında çoxluqdadır. Həmçinin Smit Dövlət Departamentinin və Pentaqonun da təmsil olunduğu nüfuzlu Helsinki komissiyasının həmsədridir. Nəhayət Smit ”Belarusda demokratiya Aktı”nın-Azərbaycana qarşı irəli sürülmüş sənədin oxşarının müəllifidir. O, Çinə, Bosniyaya, Vyetnama və digər ölkələrə qarşı da sanksiya qətnamələrini hazırlayan adamdır…

…Vaşinqtondan gələn xəbərlərə görə, konqresmenlər Smitin layihəsini artıq fevralın ilk ongünlüyündə gündəliyə çıxarmağa hazırlaşırlar.

Bəs bu qətnamə layihəsinin təkcə Smitin yox, Amerika siyasi istebleşmentinin bir hissəsinin mövqeyi olduğu barədə müxalif düşüncəli insanların arqumentləri nə dərəcədə tutarlıdır?

Qərb dairələrindən əldə olunan informasiyalara əsasən bu arqumenti tutarlı hesab etmək olar. Smitin qanun layihəsinin arxasında dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland dayanır…

…Bizim Vaşinqtondakı səfirimiz Elin Süleymanovu “üzdəniraq adama” çevirən də məhz odur. Bir ildir ki, E.Süleymanov Dövlət Departamentində görüş ala bilmir…

…Azərbaycan sanksiyaların qəbulunu əngəlləmək üçün ənənəvi müttəfiqlərindən-yəhudi lobbisindən istifadə edə bilər. Lakin Obama administrasiyası ilə Israil arasında münasibətlərin son illər Irana və Fələstin probleminə görə kəskinləşməsi üzündən yəhudi lobbisinin təsir rıçaqları xeyli zəifləyib.

Bəs neft lobbisi? Neftin qiymətinin kəskin aşağı düşməsi bu lobbinin da imkanlarını məhdudlaşdırıb. Üstəlik bu lobbi Azərbaycandan istədiyini əldə edib. Bütün əsas neft layihələri reallaşıb. Deməli, bu lobbinin də köməyinə arxayınlaşmaq olmaz. Mərkəzi Kəşfiyyat Idarəsinə bağlı qüdrətli fətullahçı təriqət bu işdə bizə kömək edə bilərdi. Ancaq bu təriqətin Ərdoğanla düşmənçiliyini və fətullahçıların sıxışdırılması üçün Bakının atdığı addımları nəzərə alsaq, belə kömək ağlabatan deyil…”