Hakimiyyət inhisarçılığa qarşı mübarizəyə, gömrük və vergi sistemində maksimum şəffaflığa gedəcəkmi?
Məhəmməd Talıblı: «Inhisarçılığa qarşı mübarizə, gömrük və vergi sistemində şəffaflıq üçün güclü iradə lazımdır»
Dövlət başçısı Ilham Əliyev manatın devalvasiya prosesinə münasibət bildirib. Növbəti dəfə manatın gələcəyi ilə bağlı nikbin açıqlama verən dövlət başçısı bir sıra mühüm bəyanatlar da səsləndirib. Əslində bu bəyanatlar maraq doğurur. I.Əliyevin sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib: “Neft gəlirlərimizin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin 3 dəfə aşağı düşməsidir. Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi, biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq.
Gözləyirdik ki, neftin qiyməti sabitlləşsin, 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq, amma hazırda neftin qiyməti 36 dollara düşüb.
ABŞ-da dollarla bağlı qəbul edilən son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur”.
Dövlət başçısı bildirib ki, hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məsullarının və tikinti materiallarının, yanacağın qiymətlərinin sabit saxlanması ilə bağlı vəzifələrin qoyulduğunu diqqətə çatdırıb.
“Biz çalışacağıq ki, bu qərarın mənfi fəsadlarını azaldaq” deyən Ilham Əliyev süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirlərinin görüləcəyini vurğulayıb. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarların qəbul olunduğunu deyən dövlət başçısı iqtisadi maliyyə sektorunda daha ciddi islahatların aparılacağını bildirdi. Iqtisadi liberallaşdırma siyasətinin, inhisarçılığa qarşı tədbirlərin görüləcəyini, gömrük vəvergi sistemində maksimum şəffaflığın təmin ediləcəyini bildirib.
Beləliklə, dövlət başçısının çıxışında iki məqam diqqət çəkir. Birinci məqam gömrük və vergi sistemində şəffaflığın təşkil edilməsi, ikinci məqam isə yanacağın qiymətinin stabil saxlanılması ilə bağlıdır.
I.Əliyevin çıxışından sonra sual doğuran birinci məqam hakimiyyətin iqtisadi liberallaşmaya gedəcəyi ilə bağlı nə dərəcədə səmimi olmasıdır? Yəni həqiqətənmi Azərbaycan hakimiyyəti inhisarçılığı aradan qaldıraraq, vergi və gömrükdəşəffaf olacaq?
Ikinci diqqət çəkən məqam, qeyd etdiyimiz kimi, yanacağın qiyməti ilə bağlıdır. Dövlət başçısının açıqlamasından belə anlaşılır ki, hakimiyyət yanacağın qiymətinin bahalaşmasının qarşısını almağa söz verir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ölkədə istehsal olunan məhsulların qiymət artımı baş verməyə bilər. Bu baxımdan yanacağın qiymətini Taarif Şurasının tənzimlədiyini deyən M.Talıblı vurğuladı ki, Taarif Şurasının qiymətlərini tənzimlədiyi məhsulları dövlət qiymət artımından kənarda saxlaya bilər.
Amma Azərbaycanda baş verən qiymət artımının iqtisadiyyatın başqa sektorlarına da təsir edəcəyini söyləyən ekspert qeyd etdi ki, belə olan halda əksər sahələrdə qiymət artımının olacağı qaçılmazdır: “Xüsusilə də neft və neft məhsullarının qiymət artımına gedilməyə bilər. Belə bir addım bahalaşmaya öz mənfi təsirini göstərə bilər. Azərbaycan əgər üzən məzənnəyə keçibsə, bu o deməkdir ki, ölkədə yeni iqtisadi situasiya yaranıb. Və ölkədəki durum ona məcbur edir ki, bazar iştirakçıları qiymət artımına hazır olsun”.
Dövlət başçısının iqtisadi liberallaşmaya gediləcəyi ilə bağlı söylədiklərinə gəlincə, M.Talıblı bildirdi ki, liberallaşmaya gediləcəksə, bunun təsirini bir neçə ay, bəzən isə bir il sonra görə bilərik: “Biz indiyə qədər əhəmiyyətli islahatlara gedib, büdcəni post-neft dövrünə hazırlayaraq onu əlavə gəlirlərlə təmin edə bilərdik. Amma əhəmiyyətli dövr arxada qalıb. Biz bu barədə əvvəllər düşünməliydik. Anti-korrupsiya, anti-inhisar tədbirləri daha öncə görülməli idi. Inhisarçılığa qarşı mübarizə, gömrük və vergi sistemində şəffaflıq üçün güclü iradə lazımdır. Belə çıxır ki, devalvasiya olmasaydı biz bu sahələrdə islahatlara getməyəcəkdik”.
Xəyal