Manatın ucuzlaşması təkcə iqtisadi hadisə deyil. Bizdəki böhran neftin qiymətinə bağlı olsaydı, neft ölkəsi Norveç də sarsılardı, nefti olmayan Türkiyə və Gürcüstan da təlatümə düşərdi. Artıq hamı dərk edir ki, bu ağır böhranı ölkəyə bəxş edən mövcud hakimiyyətdir, onun idarəçilik üsulu, avtoritarlığı, xalqa biganəliyi, insan haqlarına və qanunlara hörmətsizliyi, həyata keçirdiyi seçki saxtakarlığı, qurşandığı sistemli korrupsiya və talançı xislətidir. Bu, siyasi nəticədir, amma təkcə siyasi hadisə də deyil.
Bu, bir əxlaq hadisəsidir həm də. Qoy iqtisadçılar, siyasətçilər fikrimə etiraz etsin. Amma əmin olun ki, ölkənin yuvarlandığı əxlaq aşınması imkan vermirdi ki, siyasi ağalıq və korrupsiya bu qədər dərinə işləməsin. Yaltaqlar imkan vermədilər ki, əməl sahibləri hərdən kənardan deyilən tənqidləri eşidib, bir azca məsuliyyət hiss etsin, bir azca ağıla söykənsin. Bəli, məddahlığa böyük tələb vardı, amma məddahlıq və təriflər bu hakimiyyəti daha sərt uçurumun kənarına gətirdi. Ən sadə misal çəkə bilərik: biz binaların polimer mənşəli materialla üzlənməsinin yanlış və təhlükəli olduğunu yanğınlardan öncə deyirdik, amma yaltaqlar bizi paxıllıqda günahlandırır, düşmən elan edir, dil-dil ötüb yalançı inkişafı və gözəlliyi tərənnüm edir, imkan vermirdilər ki, rəsmilər heç olmasa tənqidi fikirlərə cavab vermək məsuliyyəti daşısınlar.
Bunları söylədikcə, faşizmdən və İkinci Dünya müharibəsindən sonra Avropanın ekzistensializm spazmalarını yada salmamaq mümkün deyil. Bütün bunlar necə baş vermişdi? Canavarlara qoşulan quzuların vəhşiliyi, təriflərin tiranı daha da coşdurması, sözlərin tökülən qanları artırması, yalanların milyonları qaranlıq yollara səfərbər etməsi… Onda da əxlaq yalanın zindanında sorğu-sualsız çürüyürdü, səsi dərhal boğulurdu.
Görürsünüzmü, əxlaq olayı varsa, həqiqət anı da var. Məhz indiki günlərdəki kimi. Həqiqətin yalanı sıxışdıra bildiyi məsum anlardır bunlar. Gördünüzmü, hər şey yalan idi. Gördünüzmü, inkişaf adına deyilənlər bir nağıl idi. Gördünüzmü, bahalı neft pullarının havaya sorulması barədə dediklərimizdə haqlı idik.
Ölkəyə əxlaq qayıtmasa, böhrandan çıxmaq mümkün olmayacaq. Bu, “ölkədə ciddi islahatlar olmalıdır” tezislərinin baş xəttidir. Çağdaş və demokratik idarəçilik əxlaqlı və ədalətli qərarlarla yanaşı, bütün rəzalətləri rədd edir. Seçkinin saxtalaşdırmasını, hər cür ayrı-seçkiliyi, tərəfkeşliyi, regionçuluğu, korrupsiyanı, yalanı və yaltaqlığı! Gözünüzün qabağına Norveç kimi idarə edilən bir ölkə gətirin. Bizdə də o cür olmasa, milli kimlik də əldən gedəcək, etnik cizgilər də məhv olacaq. Lap elə tar-saz da əldə qalmayacaq. Eynən manat kimi! Çünki əxlaq olmadan inkişaf da olmur!
Axı necə ola bilər ki, manata azadlıq verirlər, insana yox?! Necə olur ki, azad bazar olmur, oliqarxiya meydan sulayır, amma manat azad məzənnəyə keçir?! Bunun yaxşı nəticəsinin olmayacağı iki əsrdir bəşəriyyətə məlumdur.
Neft pullarının təntənəsi fonunda ölkə düşüncə dumanında qərq olmuşdu. Müxalifət, siyasət adı gələndə hamını mətləbdən yayınmağa məcbur etmişdilər. Bir tərəfdə qorxu və xof, digər tərəfdə isə parıltı və neft pullarından faydalanmaq şansı. Indi gözünüz açılsın. Yenidən düşünün.
Bu adamların, bu komandanın gördüyü iş budur. Gətirdikləri mənzil buradır. Böhran, haqsızlıq və ümidsizlik… Amma biz deyirik ki, müxalifət hətta ən ucuz neftlə də ölkədə inkişafa nail ola bilər. Biz bütün hallarda varlı ölkəyik. Hətta neftsiz də!
Bizim bacarıqlı insanlarımız var, bu hakimiyyətin çirkabından özünü qoruyan, hətta hər cür təhlükəyə baxmayaraq onunla mübarizə aparmağı bacaran insanlarımız var. Işıqlı bir gənclik var. Xalqa hesabat verməyə hazır olan siyasilər, təşkilatlar var. Onlar ölkəni böhrandan da çıxarar, inkişafa da aparar. Onlar inkişafın yolunu bilir! Onlar söz azadlığı və azad seçkilər olmadan rəzalətdən qurtulmağın mümkünsüzlüyünü qəbul edir!
Başqa yol yoxdur! Qaranlıq otaqda qara pişik axtarmayın!