Mağazalar boşaldı, satış dayandı, qiymətlər qalxdı
Azərbaycanda dolların qiyməti təxminən 50 faiz artıqdan sonra valyutadəyişmə məntəqələri dolların alış və satışında yeni qiymətləri tətbiq etməyə başlayıb. Bəlli olub ki, bir sıra məntəqələrdə yeni məzənnə qiymət lövhələrində əks olunsa da, dolların alış və satışı həyata keçirilməyib. Məntəqə rəhbərləri bununla bağlı təmsil etdikləri bankların rəhbərliyindən cavab gözlədiklərini bildiriblər.
İri mağazalarda satış dayandı
Paytaxtın bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda da satış dayanıb. İri alış-veriş mərkəzlərinin bağlı qapılarının üstünə “Satış yoxdur. Mağazalar saat 13-dən sonra işləyəcək” məzmunlu elanlar asılıb. Ticarət mərkəzlərinin əməkdaşları buna dolların bahalaşmasının səbəb olduğunu, satışın bir çox malların qiymətlərinin yeni kursa uyğun yenidən müəyyənləşdirilməsi səbəbi ilə dayandırıldığını bildiriblər.
Bəzi dükanlarda isə elektronika malları artıq kəskin bahalaşıb və yeni qiymətə satılıb. Məsələn, dükanlardan biri dünənə qədər 400 manata olan “Samsung” markalı telefonu virtualaz.org saytının müxbirinə 485 manata təklif edib.
Şirkətlər satışı dayandırdı, siqaret, araq, ət bahalaşdı
Bütün şirkət və firmalar dünəndən pərakəndə və topdansatış mərkəzlərinə mal və məhsul verilməsini dayandırıb.
İlk olaraq “Azərsun” firması məhsul satışını dayandırıb.
Nəsimi rayonu, Mirəli Qaşqay küçəsindəki topdansatış mərkəzlərində qiymətlər artırılmayıb. Lakin firmalar məhsul sifarişi qəbul etməyib.
Topdansatış mərkəzinin satıcısı Samir Ağayevin sözlərinə görə, dünəndən “Ankor”, “Avrovest”, “Bakxolodelnik” firmaları sifariş qəbul etməyib. Həmçinin siqaret və alkoqollu içkilərin satışı da dayandırılıb: “Siyəzən”, “Səba”, “Giləzi” firmalarından toyuq və toyuq əti, yumurta gətirilib. Amma sifariş dekabrın 2-dən verildiyindən qiymətlərin artırılıb-artırılmayacağını bilmirik. Hazırda toyuq və toyuq ətinin qiyməti 2 manat 30 qəpik-3 manat 30 qəpik arasındadır. Yumurtanın bir ədədini isə 13 qəpikdən satırıq. Qiymətlərin 50 faiz artırılacağını güman edirik”.
Hazırda topdansatış mərkəzlərində mal ətinin qiyməti 5 manat 50 qəpikdir. Satıcılar mal ətinin 7 manat 30 qəpiyədək bahalaşacağını deyirlər: “Mal ətini yerli firmalardan alırıq. Əlaqə saxladıq, dekabrın 22-dən qiymətlər 2 manat 50 qəpik bahalaşacaq. Yumurta isə 15 qəpikdən veriləcək”.
Firmalar siqaretin satışını dayandırdığı üçün topdansatış mərkəzlərində siqaret qıtlığı yaranıb.
Digər topdansatış mərkəzinin satıcı Aqşin Məmmədovun sözlərinə görə, siqaretlərin 50 faizədək bahalaşacağı deyilir, amma firmalar hələlik heç bir açıqlama vermirlər: “Xaricdən gətirilən spirtli içkilərin də satışı dayandırılıb. Artıq pivə, araq sifarişimizi qəbul etmədilər. Satışda siqaret də yoxdur. Səhər saatlarında bütün siqaretlər satıldı”.
“Fresko” ticarət mərkəzində qiymətlər hələlik dəyişməyib. Ancaq firmalar satışı dayandırdığından bahalaşma olacağı şübhəsizdir.
Mağazanın adını açıqlamayan satıcısı qiymətlərin sabahdan (bu gündən – red.) dəyişəcəyini dedi: “Firmaların qərarını gözləyirik. Yəqin ki, dekabrın 22-dən yeni qiymətlər olacaq”.
Maraqlıdır ki, artıq köşklərdə də siqaret satışı dayandırılıb. Hətta vitrində siqaret olsa da satılmır.
“Bazar Store” ticarət mərkəzində də vəziyyət fərqli deyil. Firmalar qiymətləri müəyyənləşdirmədiyindən satıcılar bahalaşmanın neçə faiz olacağını bilmirlər.
Onu da qeyd edək ki, həm topdansatış mərkəzlərində, həm də mağazalarda alıcı sıxlığı müşahidə olunur. Belə ki, kassaların qarşısında apardığımız müşahidələrə görə, əksəriyyət yuyucu tozlar, makaron, qənd, şəkər, çay, un, düyü alır.
Məişət texnikası bazarında isə satış, ümumiyyətlə, dayandırılıb. Məsələn, metronun “28 may” stansiyasının yaxınlığındakı mağazada telefon almaq olar. Amma bu gündən qiymətlər 50 faiz artır.
“Kontakt” mağazasından isə bildirdilər ki, satışı dayandırıblar: “Qiymətlər tam müəyyənləşdiriləndən sonra mağazalar işləyəcək. Hələlik bir neçə gün işləməyəcəyik”. “Irshad Telecom”, “Bakcell”, “Azercell”, “Music Gallery”, “Baku Electronics” və digər mağazalarda da satış yoxdur.
İstilik sistemləri avadanlıqları (kombi) mağazalarında da satış dayandırılıb. Dərnəgül qəsəbəsindəki kombi mağazalarının qapısına qıfıl vurulub.
Manatın ucuzlaşması hələlik geyim mallarına təsir etməyib. Lakin endirimlər ləğv edilib. Məsələn, “28 may” yeraltı ticarət mərkəzindəki mağazaların üzərindəki “endirim” sözləri silinməyə başlayıb (Virtualaz.org).
Supermarketlərə hücum
Manatın kəskin şəkildə ucuzlaşması Bakının supermarketlərinə alıcı axınını gücləndirib. Əksər marketlərində əsl ajiotaj yaşanıb. Sakinlər əllərindəki manatdan xilas olmaq üçün gündəlik tələbatdan dəfələrlə artıq mal almağa başlayıb. Bir çox mağazalarda piştaxtalar sözün əsl mənasında hücuma məruz qalıb.
Banklar pul köçürmələrini məhdudlaşdırdı
Banklarda keçirilən monitorinqlər dekabrın 21-də milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq Azərbaycan banklarının pulköçürmə əməliyyatlarını dayandırdıqlarını göstərib. Pul köçürmələri yalnız günün ikinci yarısında qismən bərpa edilib.
MB devalvasiyadan 3,1 milyard manat qazanıb
Manatın ABŞ dollarına qarşı devalvasiyası Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin kəskin artmasına səbəb olub.
“APA-Economics”in hesablamalarına görə, ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi MB-nin sərəncamında olan ehtiyatların manat ekvivalentində 48% və ya 3 mlrd. 145 mln. 272,160 min manat artmasına gətirib.
Xatırladaq ki, MB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il dekabrın 1-ə 6 mlrd. 245,6 mln. dollar olub. Başqa sözlə, əgər 6 mlrd. 245,6 mln. dollarlıq ehtiyatı bu günə qədər olan məzənnə ilə manata konvertasiya olunsaydı, bu rəqəm 6 mlrd. 535,396 mln. manat edəcəkdi. Son məzənnə ilə konvertasiya edəndə isə Mərkəzi Bankın valyuta ehtiyatları manat ekvivalentində 9 mlrd. 680,668 mln. manata bərabərdir.
Xaricə aviabiletlər 48% bahalaşıb
Devalvasiyası nəticəsində “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin həyata keçiridiyi aviareyslərəÿbiletlərin qiyməti manat ekvivalentində adekvat səviyyədə bahalaşıb.
AZAL-dan “Report”a bildirilib ki, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz qalıb: “Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilməli olduğu üçün biletlərin qiyməti IATA-nın şərtlərinə əsasən, Mərkəzi Bankın avronunÿrəsmi məzənnəsinə uyğunÿödəniləcək. Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası müəyyənləşdirir və hazırda əvvəlkiÿqiymətlər dəyişməz qalıb”.
Qeyd edək ki, 2006-ci ildən başlayaraq, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) reqlamentinə əsasən, Azərbaycandan beynəlxalq uçuşları yerinə yetirən aviadaşıyıcıların qiymət siyasəti, bütün qarşılıqlı hesablaşmalar vahid Avropa valyutası – avro ilə həyata keçirilir. Avro ilə hesablaşmalar üzrə bu tələb postsovet məkanının digər ölkələri – Rusiya, Gürcüstan, Belarus və digər ölkələrə də aiddir.
Maşın bazarında qiymətlər qalxdı
Manatın yenidən ucuzlaşması avtomobil bazarına da təsirsiz ötüşməyib. Bəzi avtomobil şirkətləri qiymətləri bahalaşdırsa da, bəziləri qeyri-müəyyən vəziyyəti nəzərə alıb satışı dayandırıb. Bəzi avtomobil şirkətləri isə hələlik köhnə qiymətlərlə satışları davam etdirir.
“X5″ avtomobili 46 min manat bahalaşıb
“BMW”, “Mini” və “Rolls Roys” avtomobillərinin satışı həyata keçirən “Improtex Motors” şirkətindən bildirilib ki, avtomobilin avro ilə qiyməti artmasa da, manat məzənnəsində yeni qiymətlə satılır. Məsələn, 87 min avroya satılan (100 min manat) 3.0 mühərrikli 2015-ci model “BMW X5″in manatla qiyməti 46 min artaraq 146 min manat olub. ”BMW 520″ avtomobilinin qiyməti 57 min manatdan 84 min manata qədər artıb. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin qiyməti manatın ucuzlaşma faizi həcmində (47.6 %) bahalaşıb.
“Toyota” satışı dayandırdı
“Toyota Bakı Mərkəzi” isə dünən satışı dayandırıb. Şirkətdən verilən məlumata görə, manatın ucuzlaşması ilə bağlı yaranan qeyri-müyyən vəziyyətlə əlaqədar olaraq satışlar saxlanılıb.
Bəzi şirkətlər qiyməti dəyişməyib
“Auto Azerbaijan” şirkətinin də satışları dayandırmadığı deyilsə də, şirkət bu məlumatı təkzib edib. Bildirilib ki, hazırda bütün modellər köhnə qiymətləri ilə satılır. “Audi Bakı Mərkəzi”ndən də avtomobillərinin qiymətlərində hər hansı dəyişiklik olmadığını deyiblər: “Audi”lər köhnə qiymətlə satılır. Lakin yeni gətiriləcək avtomobillərin qiymətlərində mütləq bahalaşma olacaq”.
“Honda” indiki qiymətləri 10 gün dəyişməyəcək
“Honda Avtomobil Mərkəzi”nin marketinq meneneceri Kamran Məmmədov bildirib ki, “Honda”, “Mitsubishi”, “Mazda” və “Subaru” avtomobillərinin qiymətlərində hər hansı artım yoxdur. O bildirib ki, dekabr ayının 31-nə kimi avtomobillər köhnə qiymətlərlə satılacaq. Yeni ildə avtomobillərin qiymətlərinin necə dəyişəcəyi hələlik məlum deyil.
“Binə” və “Sədərək” bazarları bağlandı
Manatın ucuzlaşması ticarət mərkəzlərinə də ciddi təsir edib. Sosial şəbəkələrdə yayılanÿməlumata görə, dünən “Binə” və “Sədərək” ticarət mərkəzləri fəaliyyətini dayandırıb. Bazarın nə vaxta qədər bağlı qalacağı məlum deyil.
Dərmanlar 50 faiz bahalaşdı
Dünən redaksiyamıza daxil olan çoxsaylı informasiyalarda qeyd olunurdu ki, bəzi apteklərdə dərmanların qiyməti 50 faiz artırılıb. Bu arada yayılan başqa bir məlumata görə isə, Azərbaycanda qiymətləri Tarif (qiymət) Şurasının tənzimlədiyi dərmanların siyahısına yenidən baxılmasına zərurət yaranacaq.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan dərman vasitələrinin 95 faizini xaricdən alır: “Onlar xaricdən dollarla alınır. Dolların da manata nisbəti dəyişdiyinə görə həmin dərmanların qiymətləri dəyişəcək. Buna görə də ya Tarif Şurası dollar-manat nisbətinə uyğun indeksasiya tətbiq etməklə qiymətlərə yenidən baxmalıdır, ya da qiymətlər sərbəst buraxılmalıdır. Çünki sahibkar onu bu qiymətə gətirə bilməyəcək”.
Manatın “ölməyi” Türkiyə mətbuatında – “Qardaş ölkə yandı!”
Azərbaycan manatının birdən-birə 50% ucuzlaşdırılması Türkiyə mətbuatında manşetlərə daşınıb. Türkiyənin əksər qəzetləri saytlarında manatın kəskin devalvasiyaya uğradığını yazıb. Bunu neftin daha da ucuzlaşması, ABŞ FED-in uçot dərəcəsini qaldırması ilə əlaqələndirənlər də var. Türkiyə media orqanlarından bəzilər bu barədə xəbərə maraqlı başlıqlar seçiblər.
“Hurriyet” qəzeti – “Azərbaycanda maliyyə şoku! İkinci devalvasiya”.
“Radikal” qəzeti – “Manat təpətaklak (kəlləmayallaq) oldu”.
“Haberler” – “Azərbaycanda ekonomik fəlakət. Qardaş ölkə rəsmən yandı”.
“Fitch”: “Bankların vəziyyəti ağırlaşacaq”
Manatın məzənnəsindəki dəyişiklik nüfuzlu beynəlxalq qurumların da məsələyə münasibət bildirməsinə səbəb olub. “Azərbaycanda milli valyutanın devalvasiyası bankların aktivlərinə və kapitalına mənfi təsir edəcək”.
Bunu “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin maliyyə təşkilatları üzrə analitik qrupun direktoru Dmitri Vasilyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın bank sistemi aktivlərinin dollarlaşmasının yüksək səviyyəsilə xarakterizə edilir, lakin borcluların valyuta daxilolmalarına çıxışı məhduddur: “Buna görə də devalvasiyaya görə kredit borcları üzrə xidmətin keyfiyyəti pisləşəcək ki, bu da ümumilikdə aktivlərin keyfiyyətinə mənfi təsir göstərəcək”.
D.Vasilyev qeyd edib ki, Azərbaycanın bank sistemi iki risklə üzləşib: “Birincisi, manatda olan aktivlərin qiyməti qalxacaq, müvafiq olaraq bütün bankların kapitalının kifayətlilik normativi (Azərbaycan Mərkəzi Bankının müvafiq tələbatı 50 milyon manatdır) aşağı düşəcək. Ikincisi, bəzi bankların birbaşa açıq valyuta mövqeyi var və onlar devalvasiya ilə əlaqədar valyutanın yenidən qiymətləndirilməsindən böyük birdəfəlik itkiləri etiraf etməli olacaqlar ki, bu da kapitalın kifayətlilik normativlərinə təsir edəcək” (Trend).
“MB-nin bu günə qədər gözləməsi başa düşülən deyildi”
“Azərbaycan Mərkəzi Bankının indiyə qədər gözləməsi başadüşülən deyildi”.
Bunu beynəlxalq maliyyə xidmətləri qrupu və investisiya bankı Nomura International Plc-dən bildiriblər.
Nomura International Plc.-nin Inkişaf edən bazarlar üzrə strategiya direktoru Timothy Ash: “Yeganə sürpriz bu qədər çox gözləmələri idi. Onsuz da az olan valyuta ehtiyatlarını bu müddətdə xərcləmələri və buna bağlı olaraq ölkə balansını və etimadını zəiflətmək başa düşülən deyildi” deyib.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçib və bununla əlaqədar olaraq Manat dollar qarşısında 47,6% ucuzlaşıb (marja).
Mağazalar boşaldı, satış dayandı, qiymətlər qalxdı
“Türk biznesmenləri ehtiyatlı olsun”
Azərbaycandakı devalavsiyaya Türkiyə Baş nazirinin yardımçısı Mehmet Şimşək özünün tvitter səhifəsində münasibət bildirib. O, Azərbaycandakı bu devalvasiyanın türk biznesmənləri üçün problemlər yaradacağını qeyd edib.
O, pulunu dollarla saxlayanların üzərinə təzyiqlərin arta biləcəyini vurğulayıb. “Bu, neft qiymətinin çökməsi və FES faizlərinin artmasının yaratdığı şokdur. Pulunu dollarla saxlayanlar üzərində təzyiq arta bilər”,- deyə Şimşək qeyd edib (Strateq.az).