Dolların 47.6 % bahalaşması sığorta bazarına da təsirsiz ötüşməyəcək. Ekspertlərinin açıqlamalarına görə, sığorta bazarına əsas təsir ölkəyə xaricdən gətirilən avtomobil ehtiyat hissələrinin və dərmanların qiymətlərinin artması ilə bağlıdır. Yəni, bu iki amil sığorta şirkətlərinin xərclərini artıracaq.
Sığorta bazarı üzrə ödənişlər 10-20% arta bilər
“Amrah Sığorta” şirkətinin idarə heyətinin sədr müavini Rəşid Salıfov bildirib ki, əvvəlki devalvasiyadan fərqli olaraq bu dəfəki bahalaşmaya sığorta şirkətləri daha hazırlıqlı idi. Manatın ucuzlaşması öz risklərini qabaqcadan təkrarsığortaçıya ötürən sığorta şirkətlərinə o qədər də təsir etməyəcək. Ümumilikdə isə avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin artması fonunda sığorta şirkətlərinin təmir xərcləri artacağı gözlənilir. Belə ki, həm xaricdən gətirilən ehtiyat hissələri bahalaşacaq. Bundan əlavə avtomobilin təmiri üçün usta xərcləri də arta bilər. Ödənişləri artması 10-20 % civarında ola bilər.
Tibbi xərclərin artması dərmanların qiymətinin tənzimlənməsindən aslı olacaq
Xaricdən gətirilən dərman və tibbi ləvazimatların bahalaşması isə sığorta şirkətləri üçün tibbi sığorta xərclərini artıracaq.Lakin bu sahədə dövlət tənzimlənməsinin olması xərclərin nə qədər olacağını deməyə imkan vermir.
Turistlər qonşu ölkələrə səyahət edəcəklər
Xaricə gedənlərin azalması səyahət sığortasına təsir edəcək. Yəni, əvvəl Avropaya gedən turistlər səyahətlərini Gürcüstan və Türkiyə kimi ölkələrdə edəcəklər. bununla da həm də səyahət sığortasına çəkdikləri xərci azaltmış olacqlar.
Təkrarsığorta xərcləri artacaq
Sığorta eksperti Xəyal Məmmədxanlı fins.az-a bildirib ki, bununla yanaşı sığorta şirkətlərinin təkrarsığorta xərcləri də artacaq. Məsələn, 10 milyon dollarlıq əmlakın sığorta haqqı 10 min dollar təşkil edir. Sığorta şirkəti risklərinin yarısını öz üzərinə götürdükdən sonra digər yarısı üçün xarici təkrarsığorta şirkətinə 5 min dollar ödəməlidir. Aldığı sığorta haqqını dollara çevirib ödəməlidir. Yəni əvvəl 5 min dollar almaq 5250 manat ödəməli idisə, hazırda bunun üçün 7750 manat ödəməli olacaq. Bundan əlavə sığorta şirkətlərinin topladıqları sığorta haqları nisbətən azalacaq. Belə ki, gəlirlərin azalması fonunda şirkətlər işçilərinin tibbi sığortasını azaldacaqlar. Eyni zamanda avtomobil parklarına yenidən baxacaqlar. Yəni, korparativ avtomobil sığortası satışının da azalması gözlənilir.
“Gəlirlərin azalması fonunda əhaliyə sığortanın vacibliyi aşılanmalıdır”
Sığorta ekspertləri bildirirlər ki, tam da olmasa, müəyyən tədbirlərin görüzlməsi sığorta şirkətlərinin zərərlərinin qarşısını ala bilər. R.Salıfov deyir ki, belə vəziyyətdə vətəndaşlar əsas xərclərini nəzərə almaqla digər xərclərini ixtisar edirlər. Və sığortaya da əlavə xərc kimi yanaşılır. Amma əksinə bu heç də belə deyil. Vətəndaşın əvvəl avtomobilin təmirinə sərf etdiyi məbləğ 1000 manat idisə, hazırda bu 1200 manat olacaq. Belə vəziyyətdə isə gözlənilməyən xərcləri qarşılamaq çətindir. Sığorta şirkətləri bu vəziyyətdən çıxış yolu olaraq maarifləndirmə işi aparmalıdırlar. Yəni, gəlirlərin azalması fonunda sığortalanmağın əvvəlkindən daha çox vacib olduğu əhaliyə çatdırılmalıdır. (fins.az)