Sərkisyanın tənqidinə cavab verənlər, Putinin təhqirinə susdular
Azərbaycan cəmiyyətində Türkiyəyə münasibət birmənalıdır. Yəni ölkə vətəndaşları Türkiyənin qardaş ölkə olduğunu səmimi qəbul edir və “bir millət, iki dövlət” şüarını qürurla səsləndirir.
Amma Azərbaycan hökuməti prinsipial məqamlarda həmişə Türkiyəyə birmənalı dəstək verməyib. Son hadisələr zamanı da hökumət Türkiyədən daha çox Rusiyanı dəstəklədi və bu da cəmiyyətdə aqressiya ilə qarşılandı. Ancaq hökumət hər dəfə sübut etməyə çalışır ki, Türkiyəyə münasibətdə səmimidir və istənilən məsələdə Türkiyənin yanında olacaq.
Yeri gəlmişkən, 2014-cü ilin aprelində Praqada Avropa Ittifaqının Şərq Tərəfdaşlığı Sammitinin beş illiyinə həsr olunmuş iclasda Ermənistan prezidenti Serj Sərkisyan Türkiyənin ünvanına hədyanlar söyləmişdi və qondarma soyqırım məsələsini qabardaraq heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirmişdi. Həmin vaxt ölkə başçısı Ilham Əliyev çıxış edərək “Türkiyə burada yoxdur, mən buradayam” söyləmişdi. Yəni Ilham Əliyev bu jestlə Türkiyəyə dəstəyini ifadə etmişdi.
Bu hadisə uzun müddət hökumət mətbuatının gündəmini zəbt etdi. “Ilham Əliyev Sərkisyanı yerində oturtdu”, “Dövlət başçısı qardaş ölkənin müdafiəsinə qalxdı” başlıqlı yazılar meydan sulayırdı. Yəni Ilham Əliyevin cəsarətli addım atdığını, Türkiyənin iştirak etmədiyi tədbirdə Azərbaycan prezidentinin layiqli performans göstərdiyinin təbliğatını aparırdılar.
Iki gün öncə isə Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Türkiyəni təhqir etdi. Bəli, Vladimir Putin bütün etik normaları kənara qoyub, qardaş ölkəyə ən aşağılayıcı ifadələrlə qiymət verdi.
Amma rəsmi təbliğat yenə də susub. Heç bir rejim təmsilçisi, hökumət mətbuatı, özünü “bitərəf” adlandıran ekspert, Türkiyəyə qarşı bu hədyanları pisləmədi. Sanki, qurbağa gölünə daş atılıb.
Bəs, hanı sizin Türkiyə sevginiz, hanı qardaş ölkəyə dəstək?
Deməli, bunlar yalnız Ermənistan kimi zəif ölkələrin qarşısında cəsarətli ola bilirlər. Söhbət Rusiyadan gedəndə qardaşlıq, dostluq yaddan çıxır. Amma Putinin dediklərini Sərkisyan demiş olsaydı, indi rejimoloqlar qılınc oynadırdı.
Göründüyü kimi, təyyarə məsələsində olduğu kimi, təhqir məsələsində də hökumət susdu. Qardaş ölkə işğalçıya qurban verildi. Bir daha aydın oldu ki, bunların səmimiyyəti “kitayski”dir.
Bu rejim yalnız avtoritarların və pulun müdafiəçisidir. Ona görə də Türkiyənin təhqir olunmasına karlıq nümayiş etdirirlər. Əsas odur ki, Putinin könlü xoş olsun.
Samir