Qibleyi-aləm Ilham müəllim bir sərəncam verib. Sərəncamın adı “Azərbaycan 2020: gələcəyə baxış”dır. Sərəncamın icrası kimə tapşırılsa yaxşıdır? Prezident Administrasiyasına, yəni sahib əz-Azərbaycan Mehdiyevə…
Bu sərəncamla Ilham Əliyev lap uzaq gələcəyə də boz kardinal Ramiz Mehdiyevin gözü ilə baxdığını etiraf etdi. Bu sərəncam Ilham Əliyevli gələcəkdən bəri başdan əl götürməyə bəs edir. Ramiz Mehdiyevin korrupsiyaya, təhsilə (bunu yersiz xatırlamadım, uzaq keçmişdə əlahəzrət təhsildə problemlər olduğunu dilə gətirmiş və xüsusi komissiya yaradaraq ona Mehdiyev sahib-əz Azərbaycanı sədr təyin etmişdi) necə nəzarət edibsə, gələcəyə gedən yola da o cür baxacaq.
Amma məsələyə daha ciddi yanaşsaq, hakimiyyət bu sərəncamla kütlələrin şüuruna “hələ uzun müddət sizi talayacağıq”, “sizdən əl çəkən deyilik”, “bizdən qurtula bilməzsiniz” mesajlarını verir. Bir qayda olaraq, insan güclü olduğu haqda o vaxt təkrar-təkrar danışır ki, onun gücünə şübhələr artır. Azərbaycan hakimiyyətinin taleyinin 2012-də dəyişəcəyindən hamının danışmağa başladığı vaxtda “2020”lik sərəncamın ortaya düşməsi təsadüf sayılmaz.
Sizə bir faktı desəm, yəqin ki, sirr açmaq sayılmaz: Bizim evdə bir qırmızı cildli kitab var, 1975-ci ildə nəşr edilib. Adı bilirsinizmi nədir? O zaman yazım, bilin: “2000-ci ildə SSRI-də mədəni-maarif, istehsal obyektləri”.
Ruslar deyir ki, arzulamaq pis deyil. Sovetlər də 2000-ci ilə qədər yaşamağı məsumcasına arzulayırdı… Indi Ilham müəllimi 2020-yə görə yamanlayası deyilik ki… Qoyaq, özü üçün xəyallar qursun.
Yaramaz partiya…
Hörmətli dostlar, mən təklif edirəm ki, keçmiş səhiyyə naziri, YAP-ın qurucularından olan Əli Insanovu xatırlayaq. O, indi 11 illik həbs cəzasını çəkir. Mən Insanovun məhkəmə çıxışından bir sitat vermək istəyirəm. Qoy, onu xüsusən, yap üzvü olan, yapa girməyə hazırlaşanlar oxusun və düşünsün.
Bugünlərdə akademik Əli Insanovun məhkəmə çıxışlarını yenidən oxudum. Çox maraqlı və təsirli çıxışlardır. Zənnimcə, yeri gəldi-gəlmədi müxalifəti aşağılamaq üçün 92-93-cü illərdə Cəbhə-Müsavat hakimiyyətindən təhrif edilərək gətirilən iqtibaslara cavab olaraq, Insanovun çıxışları tirajlanmalıdır. Ilk addımı mən atıram, çox istərdim ki, bu yazını çiçəyi burnunda olan gənc yapçılar diqqətlə oxusun:
“Əli Insanov ixtiraçı alim olub, milyonlarla dollar qazanıb. Bu milyonlar YAP kimi yaramaz bir partiyanı maliyyələşdirib. Mən həbs olunanda YAP-ın 160 min üzvü vardı. Bu 160 min YAP-çı həmin partiyanın yaradıcılarından biri olan Əli Insanovun taleyinə baxıb nə nümunə götürəcək? 160 minlik YAP-dan nə gözləyirsiniz? Həmin o partiya özü əzəcək sizi. Əgər o partiyanın sədaqətli üzvünün taleyi budursa, bütün yapçılar bundan ibrət alsın…” (Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmə, 15 fevral 2007-ci il)
Yuxarıdakı sitatda “yaramaz partiya” sözünə diqqət yetirdinizmi? Bu, çox mühüm məsələdir. Elə bu yerdə yadınıza Sirus Təbrizlini salıram. O, YAP haqqında nə demişdi? Yaddan çıxaranlar varsa, xatırladım: Simasız quldurlar partiyası!
Hörmətli oxucu, sən əsas müxalifət partiyalarından – AXCP və Müsavatdan dönüklük edən, satılan çoxlu funksioner tanıyırsan. Təslim olan, şərin qucağına sığınan bu adamların heç birinin dilindən siz “AXCP, Müsavat yaramaz, simasız quldurlar təşkilatıdır” kimi fikirlər eşidə bilməzsiniz. Ən satqın funksioner belə, bu partiyalardakı fəaliyyətinə görə təəssüflənməyib. Hətta bəziləri mübaliğəyə vararaq, “ömrümün o hissəsini bioqrafiyamın şərəfli çağı sayıram” deyib.
Düşünürəm ki, nəsihət almaq istəyənlər üçün elə bu fərqin özündə böyük ibrətlər var.