Yaltaqlığa görə də cərimə tətbiq olunsun
Son zamanlar ölkə gündəmində hərarət aşağı düşmür. Bir hadisənin təsirindən ayılmamış, o biri “sürpriz”lə qarşılaşırsan. Çox uzağa getmək istəmirik. Milli valyutanın devalvasiyasından sonra, bəd xəbərlər bir-birini əvəzləyir. Məsələburasındadır ki, gündəmi silkələyən bütün xəbərlər hökumətin səriştəsizliyindən, ölkədəki neqativ idarəetmədən doğur. Son bir neçə gündə isə ölkə gündəmini cərimələr zəbt edib. Hara gedirsən, hansı qəzeti oxuyursan, hansı kanala baxırsan cərimədən danışırlar. Həm də bunu elə bəh-bəhlə təqdim edirlər ki, guya hökumət xalqa qayğı göstərir.
Biz cərimələr haqqında çox yazmışıq. Təbii ki, ictimai əsayişi pozan da, yeraltı keçiddən istifadə etməyən də, məhkəmənin qərarına hörmətsiz yanaşan da, məktəbə getməyən də cəzalandırılmalıdır. Insanlar yanlış addımların ağır nəticələr verəcəyini bilməlidilər.
Amma bütün bunlar bizim ölkəyə şamil oluna bilməz. Çünki, bu ölkədəki idarəetmə özlyünüdə cəriməlikdi. Ölkəni sosial-iqtisadi böhranın qucağına atıb, vətəndaşı elementar hüquqlardan məhrum edib, sonra anormal hallara görə cərimətətbiq etmək absurddur. Ötən yazılarımızda da qeyd etmişik ki, hökumətimizn “cərimə günləri” keçirməsi sadə vətəndaşın hesabına büdcəni doldurmaq cəhdidir. Yəni öz aləmlərində bütün sahələrdə cərimələri artırmaqla anti-böhran tədbirləri görürlər. Amma cəmiyyətə bu mesaj verilir ki, hökumət cərimələri tətbiq etməklə saflaşdırma aparır, cəmiyyəti tərbiyələndirir, pis tendensiyaların qarşısını alır.
Tutaq ki, belədir. O zaman sayğıdəyər, qayğıkeş hökumətimizə bəzi məqamları xatırlatmaq istəyirik.
Əgər doğurdan da köhnə cərimələrin artırılması, yeni cərimələrin tətbiq edilməsi cəmiyyəti sağlamlaşdırmaq üçündürsə, o zaman “xəstə ənənə”lərə niyə cərimə tətbiq olunmur?
Məsələn, ölkəni ağuşuna almış yaltaqlıq mərəzinə niyə çarə tapılmır? Niyə gecə-gündüz daha iyrənc formada yaltaqlanmaq üçün baş sındıranlara yüksək cərimələr tətbiq edilmir? Gözümüzün qarşısında özünü ziyalı, məmur, müğənni, aktyor kimi tədqim edənlər yaltaqlıq şousu göstərirlər. Hamı başa düşür ki, yüksəlmək üçün alçalmaq laızmdır. Adamlar dərk edir ki, karyera pilləkənini sürətlə qalxmaq, fəxri ad almaq üçün mütləq başda oturanları mədh etməlisən. Ona görə dəprezidentə həsr olunmuş şeirlər, mahnılar meydan sulayır.
Göründüyü kimi, yaltaqlıq bütün sahələrə sirayət edir. Nəticədə, əsl sənətkar, elmli alim, savadlı həkim, qələmi iti yazıçı kənarda qalır, yaltaqlıq önə çıxır. Və bu “peşəkar yaltaqlar” cəmiyyətə nümunə kimi göstərilir. Amma yaltaqlara qarşı yüksək cərimələr tətbiq edilsə, cəmiyyətdə belə iyrənc mənzərə yaranmaz.
Məsələ təkcə yaltaqlıqla da bitmir. Gəlirləri haqda məlumat verməyən vəzifəlilər də, qanunsuz hökm çıxaran hakimlər də, üzəduran yalançı şahidlər də, efirə çıxıb vətəndaşı aldadanlar da, seçkidə topa bülleten atanlar da, Avropa Məhkəməsinin saxta seçildiyini təsdiqlədiyi deputatlar da cərimələnsin.
Bu siyahını uzatmaq da olar. Bütün sahələrdə cəriməlik məqamlar çoxdur. Amma hökumət ölkəyə banan gətirəni yox, bazarda banan satanı cərimələməyə üstünlük verir.
Yəni cəmiyyəti sağlamlaşdırmağın yolu sadə vətəndaşın səs-küyündən pul çıxarmaqdan yox, ölkədə zülmün, rüşvətin, ədalətsizliyin səs-küyünü yüksəldənlərin cərimələnməsindən keçir.
Deməli, indiki halda cərimələrin məqsədi cəmiyyəti canlandırmaq yox, heydən salmaq üçündür.
İlham