«Açıq-aydın görünür ki, kimlərsə oğluma qarşı qərəz aparır»
Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin sabiq rəhbəri, Qara polkovnik kimi tanınan mərhum Fətulla Hüseynovun oğlu Adil Hüseynovun anası Eleonora Hüseynova ölkə başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin bir surəti də “Azadlıq”ın redaksiyasına daxil olub.
Qeyd edək ki, Adil Hüseynov Beynəlxalq Bankla bağlı kredit qalmaqalına görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. Eleonora Hüseynova isə oğlunun günahsız olduğunu deyir. Müraciəti təqdim edirik: “Mən uzun illər daxili işlər orqanlarında işləmiş, Azərbaycanın bütövlüyü uğrunda döyüşmüş, ermənilərin başına pul qoyduğu ”Qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun həyat yoldaşıyam. Sizə etdiyim bu müraciət “Azərbaycan Beynəlxalq Bankı”nın Birləşmiş Ərəb Əmirlikləri üzrənümayəndəsi olan oğlum Adil Hüseynovun üzləşdiyi haqsızlıqla bağlıdır.
Nəzərinizə çatdırım ki, oğlum 2015-ci ilin may ayının 12-də Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə çağırılıb və orada həbs olunub. Onun həbsinin səbəbləri hələ də bizə bəlli deyil. Çünki bizim görüşünə icazə verilmir. Yalnız onu bilirəm ki, oğlum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə ittiham olunur. Onun barəsində ilk öncə 3 aylıq həbs-qətimkan tədbiri seçilib, daha sonra isə Nərimanov Rayon Məhkəməsinin qərarları ilə 02 mart 2016-cı il tarixədək uzadılmışdır. Oğlum hazırda 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılır.
Oğluma qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində külli miqdarda ziyan vurmaqla dələduzluğu nəzərdə tutur. Iddia edirlər ki, guya oğlum dövlətin 318 milyon manatını mənimsəyib. Mən oğluma qarşı bu ittihamdan xəbər tutanda çox sarsıldım. Çünki mərhum Fətulla Hüseynovun ailəsində dələduz ola bilməz. Vətənini, millətini sevən bir şəxs övladlarını da bu ruhda böyüdüb. Mən Adil Hüseynovun anası kimi oğluma qarşı irəli sürülən ittihamın əsassız olduğuna əminəm. Adil atası ilə birgə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxsdir. O heç zaman xalqın, dövlətin pulunu mənimsəməz.
Oğlum “Azərbaycan Beynəlxalq Bankı”nın Birləşmiş Ərəb Əmirlikləri üzrə nümayəndəsi olsa da, maliyyə əməliyyatları həyata keçirməyə səlahiyyəti olmayıb. Onun vəzifəsi yalnız və yalnız Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyindəTekstil fabrikinin və Poladtökmə zavodunun inşasına nəzarət etmək olub. Hər iki tikintiyə şəxsən Cahangir Hacıyev və onun müavini Emil Mustafayev nəzarət etmişlər. Bütün ödəmələr də məhz Emil Mustafayevin göstərişinə əsasən olunmuşdur. Həmin göstərişlər elektron poçt vasitəsi ilə olduğuna görə oğlumun Dubaydakı iş kompyuterində bu gündə qalmaqdadır. Lakin oğlum 7 (yeddi) aydır ki, əsassız yerə həbsdə saxlanıldığından bu faktları heç cür istintaqa təqdim edə bilmir. Nəticədə tikinti işlərinə krediti ayıran və onun xərclənməsinə nəzarət edən Emil Mustafayev bayırda azad şəkildə yaşayır, ancaq oğlum isə heç bir səlahiyyəti olmayan şəxs olduğu halda 7 aydır ki, həbsdə saxlanılır. Adil telefon danışığı zamanı ailə üzvlərinə bildirib ki, o, dəfələrlə istintaq aparan əməkdaşlara onu həbsdən azad edərək birlikdə Birləşmiş Ərəb Əmirliklərinə getməsini, orada onlara götürülən kreditlərin rəhbərliyin göstərişinə əsasən hansı istiqamətlərəxərclənməsi barədə müfəssəl məlumat verməsini və bununla bağlı lazımı sənədləri onlara təqdim etməyi təklif etmiş, lakin ibtidai istintaq tərəfindən müraciətinə heç bir cavab verilməmişdir.
Həmin fabrik və zavodlar Azərbaycan dövləti tərəfindən inşa olunub. Fabrikin açılışında Azərbaycandan yüksək səlahiyyətli şəxslər, o cümlədən Beynəlxalq Bankın o zamanki rəhbəri Cahangir Hacıyev, Azərbaycanın Abu Dabidəki səfiri iştirak edib. Bu fabrik barədə yerli və beynəlxalq mətbuatda da məqalələr dərc olunub. Adil işinin öhdəsindən yüksək səviyyədə gəlib. Artıq 3 ildir ki, həmin fabrik fəaliyyət göstərir və dövlətə gəlir gətirir. Adil Hüseynovdan tələb olunan həmin pullar da məhz bu fabrik və zavodun tikintisinə sərf olunub. Lakin Adil maliyyə məsələlərinə cavabdeh olmayıb. Əgər bu məsələlərdə hər hansı nöqsan, qanunsuzluq olsaydı Adili çoxdan həbs edərdilər. Axı Vergilər Nazirliyi bir neçə iləvvəl həmin fabrik və zavodla bağlı yoxlamalar aparıb. Yoxlamaların nəticəsi ilə bağlı aktlar, sənədlər var. Amma indi Adilə qarşı ittiham irəli sürənlər bu aktlara, sənədlərə baxmaq istəmir. Açıq-aydın görünür ki, kimlərsə oğluma qarşı qərəz aparır. Bütün bunlar da bir ana kimi mənə təsir edir.
Sizdən bir ana kimi xahiş edirəm ki, oğlumla bağlı məsələni nəzarətə götürəsəniz, baş verənlərin obyektiv araşdırılmasını təmin edəsiniz. Əminəm ki, obyektiv araşdırılma aparılacağı təqdirdə oğlumun təqsirsiz olduğu üzə çıxacaq.
Oğlumun səhhətində ciddi problemlər var. O, bir neçə dəfə əməliyyat olunub. Elə sonuncu dəfə də Bakıya gəlməkdə məqsədi növbəti dəfə əməliyyat olunmaq idi. O, təcili əməliyyat olunmasa, səhhətindəki problemlər kritik həddə çata bilər.
Adil Hüseynov həbs olunmazdan qısa müddət öncə qolunda yaranmış şişlə bağlı, həmçinin öd kisəsində əmələ gəlmiş yara ilə bağlı əməliyyatlar olunmuşdur və davamlı həkim nəzarəti altında müalicə olunurdu. Bundan başqa Adil Hüseynovun sağ ayağında menisk cırılması vardı və o, bununla bağlı da həbs olunmazdan bir müddət əvvəl əməliyyat olunmuşdur. O, həmçinin böyrəklərində daş əmələ gəlməsindən əziyyət çəkir və dəfələrlə müxtəlif qospitallarda bununla bağlı müalicə olunmuşdur.
Həmçinin Adil Hüseynov həbs olunmamışdan bir ay öncə ona məlum olmuşdur ki, sidik kisəsində şiş əmələ gəlmişdir və təcili cərrahiyyə əməliyyat olunmalıdır. Hətta əməliyyat günü təyin olunmuş, lakin həbs olunması səbəbindən əməliyyat baş tutmamışdır.
Adil Hüseynov Bakı Istintaq Təcridxanasına köçürüldükdən sonra Təcridxananın Tibb məntəqəsində edilmiş müayinə zamanı onun prostat vəzisində kristallaşma baş verdiyi məlum olmuşdur. Həmçinin Tibb məntəqəsində müayinə zamanı Adil Hüseynovun qara ciyərində kistalar və qalxanvari vəzisində düyünlər aşkar edilmişdir.
Adil Hüseynov dəfələrlə vəkilinə bildirib ki, nəfəs alanda sinəsində kəskin ağrılar olur və bu hal ona çox əziyyət verir. Həmçinin müayinələr zamanı onun şəkərində qəfil qalxma və enmələrin baş verdiyinin müəyyən edilir.
Lakin Adil Hüseynov yuxarı göstərilən xəstəliklərdən əziyyət kəçdiyi halda və hətta qeyd edilən xəstəliklərin bir hissəsi özləri tərəfindən müəyyən edilməsinə baxmayaraq Bakı Istintaq Təcridxanasının Tibb məntəqəsinin həkimləri Təcridxananın digər əməkdaşları kimi ona qəsdən heç bir yardım göstərmir, əksinə səhhətinin daha da pisləşməsinə çalışırlar. Belə ki, o, dəfələrlə vəkilinə bildirmişdir ki, Istintaq təcridxanasının əməkdaşları, o cümlədən Tibb məntəqəsinin həkimləri bildirmişlər ki, o, “Azərbaycan Beynəlxalq Bankı” ASC-ilə bağlı cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxs qismində həbs edildiyi üçün rəhbərliyin göstərişinə əsasən digər saxlanılan şəxslərdən fərqli olaraq ona qarşı aşağı səviyyəli və qəddar münasibət göstərilməlidir. Bu səbəbdən də məhz rəhbərliyin göstərişinə əsasən Tibb məntəqəsinə yerləşdirilmir və onun səhhətindəki problemlər bilərəkdən müalicə olunmur.
Mən həyat yoldaşımı, bir oğlumu faciəli şəkildə itirmişəm. Növbəti faciəni yaşamaq üçün gücüm qalmayıb. Sizdən bir daha xahiş edirəm ki, bir ana kimi mənim harayıma səs verəsiniz. Ümid edirəm ki, ədalətli və humanist bir şəxs olduğunuzu bir daha nümayiş etdirəcəksiniz!”