Ermənipərəst senator onun Bakıda səfir səlahiyyətlərinin uzadılmasını yenidən əngəlləyir
Erməni lobbisi Metyu Brayzanın ikinci il üçün Azərbaycanda yenidən səfir təyinatına yol verməməkdən ötrü fəallaşıb. “Turan”ın məlumatına görə, Senatda bu məsələyə növbəti dəfə baxılması prosesi yaxınlaşdıqca lobbiçilər ciddi cəhdlə buna imkan verməməyə çalışırlar.
Məlum olub ki, ABŞ Senatındakı erməni diasporu Senatda səfirin təyinatı ilə əlaqədar prosesə ciddi mane ola bilib. Brayzanın təyinatı ötən il ermənipərəst senatorlar Nensi Pelosi və Robert Menendez tərəfindən əngəlləndiyi üçün prezident Obama onu və daha üç səfiri bir il müddətinə “aralıq təyinat”la namizəd göstərildikləri ölkələrə göndərmişdi. Hər 4 diplomatın namizədliyi bu il yanvarın ortalarında yenidən Ağ Ev tərəfindən Senata təqdim edilib. Lakin “təyinatçı-səfirlərdən” yalnız 2-si – ABŞ-ın Türkiyə və Suriyadakı elçiləri Francis J.Ricciardone ilə Robert Stephen Ford artıq ötən aylarda Senatın mandatını qazanaraq vəzifələrini uzada biliblər. Bu yaxınlarda isə Senat Obamanın “aralıq siyahısı”ndan daha bir qalmaqallı diplomatı – Çexiyadakı səfir Norman Eisenin də dinləməsini özünün iş cədvəlinə daxil edib. Lakin Brayza ÿyenidən “unudulub”.
“Turan”a məlum olub ki, buna səbəb senator Menendezin səfirə qarşı ötən il irəli sürdüyü vetonu hələ də geri götürməməsidir. Senatora yaxın mənbələr bunu erməni diasporunun təkidləri ilə əlaqələndiriblər.
Pelosinin ofisindən isə bu barədə suala konkret cavab verilməyib. Buna baxmayaraq, Dövlət Departamentindəki mənbənin bildirdiyinə görə, Obama Administrasiyası səfir Brayzanın Azərbaycanda fəaliyyətinin davamında olduqca maraqlıdır və onun təsdiqinə nail olmaq məqsədilə Senat ilə yaxından əməkdaşlıq edir. “Səfir Brayza son 11 ay ərzində ABŞ-ın Azərbaycanda maraqlarının müdafiəsi, təmsili və ölkələrarası münasibətlərin irəliləməsi işində misilsiz xidmət göstərib. Lakin Administrasiya Senatın işinə müdaxilə edə bilməz. Səfirlərin təyinatı və dinləmələrin təşkili yalnız senatorların öz səlahiyyətində olan məsələdir”, – deyə o əlavə edib.
Eyni zamanda, Vaşinqton analitikləri səfir Brayzanın dekabrın sonunadək vəzifəsinə təyinatı barədə proqnoz verməkdə çətinlik çəkilblər. ABŞ qanunvericiliyi prezidentlərə Senatın başı üzərindən yalnız bir dəfə eyni namizədi təyin etmək imkanı verir. Yalnız istisna hallarda, prezident xüsusi mandatından istifadə edib – Senat tətildə olduğu zaman -öz namizədini “ikinci aralıq təyinat” ilə də mandatlandıra ÿbilər, lakin bu halda, həmən şəxs maaşsız işləməli olacaq. Sonuncu dəfə oxşar vəziyyət 2005-2006-cı illərdə ABŞ-ın BMT-dəki səfiri Con Boltonun başına gəlib. O zaman prezident Buşun birillik aralıq təyinatı ilə Senatın səsini qazana bilməyən diplomat sonradan vəzifəsindən imtina etmişdi. Brayza ilə bağlı dinləmə bu ayın sonunadək baş tutmasa, o zaman o, ABŞ-ın Bakıdakı ən qısamüddətli səfiri kimi yadda qalacaq.