“Neftlə zəngin məmləkətdə hökumətin bu addımı vətəndaşların həyatına biganə münasibətinin ifadəsidir”
AXCP Bakı metropolitenində gediş haqqının və bəzi başqa mal və xidmətlərin qiymətlərinin bahalaşması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Tarif Şurası 24 noyabr 2011-ci il tarixdə ölkədə bir neçə mal və xidmətlər üzrə qiymət artımlarına dair qərar verdi. Bakı metropolitenində gediş haqlarının qiyməti 15 qəpikdən 20 qəpiyə, soba mazutlarının topdan satış qiyməti 1 ton üçün 100 manatdan 140 manata qaldırılıb. Tarif Şurası Bakı şəhər İcra Hakimiyyətinin müraciəti ilə əhali üçün məişət tullantılarının yığımı və daşınması tariflərini də artırıb.
Bütün bu qiymət artımları içərisində vətəndaşlarımızın ictimai nəqliyyat növü kimi istifadəçisi olduğu metropolitendə qiymətlərin 30% artması daha çox narahatlıq doğurur. Çünki, bu, daha çox əhali qrupunu olduqca çətin vəziyyətə salacaq. Bu qərar metropoliten xidmətindən istifadə edən, sosial baxımdan müdafiəsi zəif olan təbəqənin xərclərini artırmaqla maraqlarına ciddi zərbə vuracaq.
Neftlə zəngin məmləkətin və böyük maliyyə imkanları olan ölkənin vətəndaşlarına hökumətin bu “qayğısı” dövlət başçısının səsləndirdiyi bənatlarla ziddiyyət təşkil edir. Büdcənin “sosial yönümlü olması” ilə fəxarət duyan hökumətin bu addımı sosial-iqtisadi vəziyyəti günü-gündən ağırlaşan vətəndaşlarımızın həyatına olan biganə münasibətinin ifadəsidir.
AXCP hökumətin bu addımın şiddətlə qınayır və vətəndaşlarımızı belə iqtisadi baxımdan əsaslandırılmayan qərarlara etiraz etməyə çağırır.