ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu həftə Türkiyəyə gəlir. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, səfər dekabrın 2-də başlayır. Cozef Baydenin səfərinin əsas məqsədi İkinci Beynəlxalq Təşəbbüskarlıq Sammitində iştirakdır. ABŞ vitse-prezidenti səfər çərçivəsində prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Səfər çərçivəsində terrorla mübarizə, Kıbrıs, Ərəb baharı, Suriya, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, Heybəliadada Rühban Məktəbinin açılması məsələsi və Türkiyədəki islahatların gündəliyə gəlməsi gözlənilir.
Cozef Baydenin səfəri ilə bağlı Ağ Evdə jurnalistlərə verilən brifinqdə terror təşkilatının NATO müttəfiqi Türkiyə və ABŞ-ın ortaq düşməni olduğu vurğulanıb. Kəşfiyyat, diplomatiya və təhlükəsizlik qüvvələri də daxil olmaqla Türkiyəyə hər cür dəstəyin veriləcəyi bildirilib. Brifinqdə pilotsuz təyyarələrin İraqdan İncirliyə keçirildiyi vurğulanıb, eyni zamanda səfər çərçivəsində terror təşkilatının Avropadakı maliyyə mənbələrinin kəsilməsi üçün atılan addımların müzakirə olunacağı qeyd edilib.
Verilən açıqlamada səfərin Yaxın Şərq və Şimali Afrikadakı kritik zamanda həyata keçiriləcəyinə diqqət çəkilib. Bölgə ölkələri üçün önəmli nümunə olaraq göstərilən Türkiyənin Yaxın Şərqdə artan təsiri, Avropa Birliyinə üzvlük prosesi və Vaşinqtonla yaxın əlaqələri ilə müxtəlif ölkələr arasında körpü əhəmiyyəti daşıdığı vurğulanıb. Açıqlamada eyni zamanda Vaşinqtonun Türkiyə və İsrail arasındakı əlaqələrin düzəlməsi üçün tərəfləri cəsarətləndirəcəyi qeyd edilib.