Savadsız, naşı, acgöz adamlara vəzifəyə o gətirib
Zərdüşt Əlizadə: «Ölkənin yiyəsi ölkəni idarə etmək, xalqa xidmət etmək əvəzinə öz cibini doldurmaqla məşğuldur»
Ötən həftə havanın qarlı keçməsi Bakının, eyni zamanda bütövlükdə ölkənin qeyri-sabit havaya hazır olmadığını göstərdi. Baxmayaraq ki, rəsmi qurumlar qışı qarşılamaq üçün heç bir problemin olmadığını deyir. Deyilənlərin əksinə olaraq qar paytaxtın yollarında və qaz, enerji, istilik təchizatındakı bütün problemləri üzə çıxardı. Bəs hər il milyardlarla vəsaitin xərcləndiyi paytaxtın bu duruma düşməsinin əsas səbəbi nədi? Bəzi rəsmi qəzetlər, həmçinin hakim partiyanı təmsil edən deputatlar günahı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovda axtarmağa başlayıb. Politoloq Zərdüşt Əlizadə ilə söhbətimiz də bu mövzuda oldu.
“Ölkə idarəçiliyinin əsas məqsədi pul yeməkdi”
– Bir neçə gün əvvəl yağan qar, Bakıda yaranan vəziyyət belə fikir yaratdı ki, ölkə idarə olunmur. Siz bu barədə nə düşünürsünüz?
– Ölkə özünəməxsus şəkildə idarə olunur. Azərbaycanda ölkə idarəçiliyinin əsas məqsədi pul yeməkdi. Azərbaycanın qeyri-hökumət təşkilatları iqtisadiyyatı, büdcəni təhlil edir. Hər il eyni biabırçı rəqəmi qoyur ortaya. Dövlət maliyyəsi ilə həyata keçirilən sərmaye quruluşunun zaman cədvəli elə qurulur ki, məbləğin təxminən 50 faizi, guya, son ayda tikintiyə sərf olunur. Əslində mənimsənilir. Bu il də noyabr-dekabr aylarında ayrılan pulları silmək, daha doğrusu, oğurlamaq lazımdı. Ona görə birdən-birə şəhərin 6-7 yerində inşaata başlayıblar. Inşaatı da elə başlayıblar, şəhərin böyük yaşayış massivlərini başqa yerlərindən kəsiblər. Dar bir cığır saxlayıblar. Ona görə tıxaclar yaranır. Ikincisi, hesabatlıq olmadığı, xalq onlardan tələb etmədiyi üçün qaz, su, işıq təchizatı bərbad vəziyyətdədir. Əgər demokratik cəmiyyət olsaydı, əhali hökumətdən, hakimiyyətdən tələb edərdi. Onlar da əhalinin tələblərinə fikir verməsəydilər, seçkidə səs almazdılar və vəzifələrini itirərdilər. Hakimiyyətə daha məsuliyyətli qüvvələr gələrdi. Azərbaycanda 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən iqtidarda eyni qüvvədir. Onlar da xalqın səsindən asılı deyillər. Istədiklərini edirlər. Ölkənin yiyəsi var. Ancaq o, ölkəni idarə etmək, xalqa xidmət etmək əvəzinə öz cibini doldurmaqla məşğuldur.
“Abutalıbov bədbəxtin biridi”
– Hakim partiyanı təmsil edən deputatlar Bakı meri Hacıbala Abutalıbova qarşı cinayət işinin açılmasını tələb etdi. Hətta bu məqsədlə prezidentə müraciət etmək üçün imza toplayacaqlarını deyiblər. Bu nə qədər ciddi addımdır və sizcə, bunun faydası olacaqmı?
– YAP-çı deputatlar çox qorxaq və miskin məxluqatdı. Onlar heç vaxt hakimiyyətdən icazəsiz heç nə etmirlər. Görünür, yuxarıdan deyiblər ki, bu təklifi verin, camaatın qəzəbini yönəldək bədbəxt Abutalıbova. O, doğrudan da bədbəxtin biridi. O, heç nə həll etmir, heç nə idarə etmir. Ona tapşırırlar ki, filan qədər pul ayrılıb sənə. Onun filan qədərini bizə gətir. Qalanından da nə bacarsan, götürərsən. Əlbəttə, Abutalıbov şəhər başçısı vəzifəsinə əsla layiq deyil. Bunu hamı bilir. On ildir ki, o, bu vəzifədə oturub. Deməli, yuxarıdakılara bu cür bacarıqsız, lakin pul mənimsəmələrində fəal iştirak edən adam əl verir ki, onlar ona toxunmur. YAP-çı deputatların təşəbbüsü yalnız xalqın qəzəbini yanlış səmtə yönəltmək məqsədi güdür.
“Savadsız, naşı, acgöz adamları vəzifəyə təyin edən məsuliyyət daşıyır”
– Baş verənlərdə məsuliyyət təkcə şəhər merinin üzərinə düşmür. Burada “Azərenerji”, “Azəriqaz”, FHN-nin də günahı var. Bəs niyə onların adı çəkilmir?
– Bizdə qaz kəsilmişdi. Təxminən bir sutka olmadı. Bunu “Azəriqaz” eləməyib. “Azəriqaz”ın günahı ondadır ki, o, xalqa keyfiyyətsiz qaz verir. Təmizlənməmiş qaz verirlər və dəm qazından camaat ölür. Bu, “Azəriqaz”ın, Rövnəq Abdullayevin məsuliyyətidir. Ancaq eyni zamanda əksəriyyəti Ziya Məmmədova, Cavid Qurbanova məxsus olan tikinti şirkətləri çox naşı inşaat işləri aparırlar. Yeri qazıb, qaz borusunu zədələyirlər. Bütün Səbail rayonu qalır qazsız. Buna artıq Rövnəq Abdullayev məsuliyyət daşımır. Buna görə savadsız, naşı, acgöz adamları vəzifəyə təyin etmiş adam məsuliyyət daşıyır. Konkret olaraq Ilham Əliyev. Nə üçün belə adamları təyin edib?! Nə üçün Azərbaycanda tenderlər bu cür ədalətsiz keçirilir, bütün tikinti imkanları yalnız bir şirkətin əlində toplanır. O da bütün bunlarla bacarmır. Pulları yemək üçün ilin sonunda qarda, çovğunda birdən-birə on yerdə yol təmiri başlayır, tikmək və nə isə qazmaq. Bu, birbaşa Ilham Əliyevin məsuliyyətidir.
“Məmurların sərbəstlik həddini prezidentin yaxın ətrafı müəyyənləşdirir”
– Bəxtiyar Sadıqov bəzi məmurları sərt tənqid etdi. Onun nə xarakteri, nə də tutduğu vəzifə müstəqil şəkildə belə bir addım atmağa imkan verir. Belə bir fikir var ki, hakimiyyətdaxili qruplaşmalar yaranmış vəziyyətdən bir-birinə qarşı istifadə edir. Siz necə hesab edirsiniz?
– Hakimiyyətdaxili bir qrup var. Bu da Ilham Əliyevin qrupudu. Bu qrup daxilində kimsə o birini itələyib onun payından bir az çox qoparmaq istəyir, bunun bir o qədər əhəmiyyəti yoxdu. Onlar da çox gözəl bilir ki, icazə verilmiş həddə hansı addım atmaq, söz demək, hərəkət etmək olar. Onların sərbəstlik həddini prezident, onun ən yaxın ətrafı, adamları müəyyənləşdirir. Onlar da bu həddən azacıq olsun belə, kənara çıxmırlar. Çünki bilirlər ki, cəza sərt və amansız olacaq.
Fizzə