«Əhalinin sosial-maliyyə imkanlarıyla uzlaşmayan bu addıma ehtiyac yox idi»
Nemət Əliyev: «Azərbaycan hökumətinin yeritdiyi siyasət talançılıq, xalqın yoxsullaşmasına gətirən bir siyasətdir»
Metroda gedişhaqları dekabrın 1-dən 20 qəpik olacaq. Bu barədə Tarif Şurasının qərarı var. Metroda gedişhaqqının artırılacağı barədə müzakirələr uzun müddətdir davam edirdi. Qurum rəhbərliyi artımı yeraltı nəqliyyatın xərclərilə bağlayaraq metronun hazırkı qiymətlə özünü realizə edə bilməməsini “əsaslandırırdı”. Lakin reallıq budur ki, bu ictimai nəqliyyat növü təkcə metrodan istifadə edən sərnişinlərin ödədiyi pulla deyil, metropolitenin əlavə gəlirləriylə də özünü tam təmin etmək gücündədir.
Diqqət edin, əksər metro stansiyalarının çıxışı əsl bazarı, yarmarkanı xatırladır. Bu giriş-çıxışlardakı ticarət obyektlərinin icarəsindən hər ay metropoliten külli miqdarda mənfəət götürür. Bundan başqa, qatarların içindəki reklam lövhələri ciddi nəzarət altındadır və kimsə ora özbaşına reklam yerləşdirməyə cürət etməz. Tanınmış firmaların ərzaq və qeyri-ərzaq məhsullarının reklamları digər nəqliyyat növlərini deyil, məhz metronun stansiyalarını, vaqonların içini, eskalatorların üstünü bəzəyir. Bu və sadalamadığımız digər gəlirlər kimin cibinə axır? Əlbəttə, metropolitenin. Bu halda metronun gəlirlərinin kasad olması və arqument kimi gedişhaqqının artırılması absurd fikirdir. Çanaq sərnişinin başında çatlamamalıdır, fikrimizcə.
Iqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, metroda gedişhaqqının artırılması indiki zamanda məsqədəuyğun olmayan addımdır. Əhalinin sosial-maliyyə imkanlarıyla uzlaşmayan bu addıma hazırda ehtiyac yox idi: “Bu qurumun ziyanla işləməsi barədə gətirdiyi arqument inandırıcı görünmür. Nəzərə almaq lazımdır ki, hətta ziyanla işləsə belə, qiymətlərin artırılması yeganə vasitə deyil. Ümumiyyətlə, xidmət haqlarının maya dəyərinin aşağı salınması istiqamətində tədbirlər həyata keçirilməlidir. Lakin bu qurumlar bir qayda olaraq qiymətlərin artırılmasıyla vəziyyətdən çıxış yolu axtarır. Məsələnin belə qoyulması bu qurumlara inamı azaldır. Azərbaycanda elə bir iqtisadi siyasət həyata keçirilir ki, bu, az bir qrupun sürətlə varlanmasına, əhalinin böyük bir kəsiminin kəskin şəkildə yoxsullaşmasına səbəb olur”. Nemət bəy söylədi ki, metro stansiyalarındakı ticarət obyektlərinin icarəsindən, reklamlardan əldə olunan vəsait indiki halda metropolitenin gəlirlərini kifayət qədər artırır. Bu qədər gəlirlərin fonunda metropolitenin kütləvi istehlak xidmət sahəsində gedişhaqqını qaldırması hər bir halda yanlış addımdır: “Hökumətin qarşısında qoyduğu əsas hədəf də var. O hədəfə çatmaqdan, əhaliyə keyfiyyətli xidmət göstərməkdən ötrü hökmən əhalinin sosial vəziyyətini nəzərə almaq vacibdir. Əhalinin bu xidmət növünə ehtiyacı, tələbatı ödənilirsə, hökumətin bu sahədə öhdəliklərini, vəzifəsini yerinə yetirdiyi qənaətinə gəlmək mümkündür. Təəssüf ki, biz hər zaman bunun şahidi ola bilmirik. Bu da ölkədə yeridilən iqtisadi-sosial siyasətin mahiyyətindən irəli gəlir. Azərbaycan hökumətinin yeritdiyi siyasət talançılıq, xalqın yoxsullaşmasına gətirən bir siyasətdir. Eləcə də əhalinin kütləvi maraqlarının müdafiəsini nəzərə almayan siyasətdir. Belə bir addım atılırsa, hökumət zəhmət çəkib əhalinin maliyyə imkanlarını yaxşılaşdırmalıdır ki, gedişhaqqı artırılanda onu ödəyə bilsin”.
Sosial şöbə