«Etdiyi qanunsuzluqların cavabsız qalacağından əmin olan Ali Attestasiya Komissiyasının özbaşınalığının həddi yoxdur»
1932-ci ildə SSRI-də təsis olunan və faktiki olaraq 1934-cü ildə fəaliyyətə başlayan Ali Attestasiya Komissiyasının (AAK) təşkili, imperiyada kifayət qədər peşəkar və dissertasiya işlərinə qiymət verə biləcək ideoloji baxımdan davamlı alimlərin çatışmazlığı ilə izah olunurdu. O zamana qədər elmi adların verilməsi bilavasitə institutlarda və universitetlərdə həyata keçirilirdi. Imperiya dağıldıqdan sonra sovet üsul-idarəsindən tam şəkildə qopa bilməyən respublikalar öz ölkələrində analoji qurum yaratdılar. Lakin az keçmədi ki, dünya birliyi ilə sıx inteqrasiya kursu seçən bir çox respublikalar AAK-ın ləğv edilməsi, birpilləli attestasiya sisteminin tətbiqilə bağlı qətiyyətli addımlar atdılar. Azərbaycan Respublikası Prezident Aparatı yanında AAK isə bünövrəsini möhkəmləndirərək Respublikanın təhsil sistemində korrupsiyanın baş alıb getdiyi ən önəmli halqa oldu.
Fars dilində iqtibasa ərəb dili iradı
AAK tələb etdiyi sənədlərin sayının kifayət qədər çox olması üçün xüsusi səy göstərir. AAK-a göndəriləcək sənədlərin səhifə sayının dissertasiyanın öz həcmindən az olması yalnız təəccüb doğuracaq hal olar. Dissertasiya səhifələrinin sayı humanitar elmlər üçün ən azı 120-130 səhifə olmalıdırsa (texniki elmə aid dissertasiyalarda bundan az da ola bilər), AAK-a göndərilən sənədlərin ümumi səhifəsi çox zaman 170-180 və daha artıq olur. Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan AAK-ın dissertasiyanın ikinci müzakirə, müzakirələrdən sonrakı iki seminar və aparıcı müəssisə protokollarına qoyulan tələbləri də, şübhəsiz bununla izah olunur. Həmin protokolların mətnindən çox, onun neçə səhifədən ibarət olması əsas tutulur. Səhifələrin sayı AAK-ın son qərarına görə 15-dən az olmamalıdır.
Qeyd etmək yerinə düşərdi ki, protokolları hazırlayan elmi dərəcə namizədləri bir həftə ərzində eyni protokolu 5-6 dəfə dəyişmək, yenidən işləmək məcburiyyəti qarşısında qalırlar. AAK-nın “peşəkar mütəxəssisləri” bu və ya digər başlığın bu və ya digər cümləsindəki sözünün yazılışı üzərində dəfələrlə düşünərək, qəti qərara gəlməkdə çətinlik çəkdikləri üçün nümunə nüsxələri də tez-tez dəyişirlər. Əlbəttə, gərəksiz kağızların yeniləri ilə əvəz olunması iddiaçıların problemidir, elmi dərəcə almaq istəyirlərsə, qənaətcil olmağı yaddan çıxarmalıdırlar. Iqtibasların ədəbiyyatın yazıldığı dildə olmasını tələb edən AAK rəhbərliyi “ekspertlərinin” iqtibasları nəinki anlamadıqlarından, hətta hansı dildə olmasını aydınlaşdıra bilmədiklərindən yəqin ki, xəbərsizdir. Əks təqdirdə iddiaçının fars dilində yazılan iqtibaslarına “ərəb dilində yazmısan, başa düşmürük” kimi irad olmazdı.
Iddiaçıların əsəblərilə oynayan məcmuə faktoru
2010-cu ilin may ayında təşkilat elmi dərəcələrin verilməsi üçün tələb olunan məcmuələrin yeni siyahısını açıqladı. Lakin AAK-ın təsdiq üçün əsas tələbi olan xarici məcmuələrin adları siyahıda yoxdur. Ümumiyyətlə, bu siyahını şərti adlandırmaq daha düzgün olar. Ona görə ki, məhz siyahı məsələsi təsdiq cavabı gözləyən iddiaçıların əsəblərinə həddən artıq mənfi təsir edən məqamdır. Təşkilat, işini təsdiq etmək istəmədiyi iddiaçıya “sizin məqaləniz dərc olunan məcmuə artıq siyahıda yoxdur” deməklə işini bitmiş hesab edir. Maraqlıdır ki, iddiaçı vəziyyətdən xəbərsiz də ola bilər. Təşkilat ən yaxşı halda haqqını tələb edən, gəlib-gedən iddiaçılara cavab verir, “nüfuzlu məcmuələrdən birində yenidən məqalə verin” deməklə iddiaçıya böyük iltifat göstərir. Müdafiə mərhələsi dövründə iddiaçının qüvvədə olan siyahıda məqaləsinin dərc olunması AAK-nı qətiyyən maraqlandırmır. Bununla da geriyəqanun məsələsinin yalnız analoqu olmayan bu təşkilatda işlədiyini təsdiq edir. Əksinə, əgər iddiaçının yeni siyahıda olan məcmuədə məqaləsi vardısa, “o zaman bu məcmuə siyahıda yox idi” cavabını alacağı aydındır. Xarici məcmuədə məqalənin olması tələbini əsas tutan AAK bununla yerli elmi məcmuələrin əhəmiyyətsiz olduğunu da inkar etmir. Elmi nəşrlərin böyük əksəriyyətinin rüsvayçı vəziyyətdə olduğunu nəzərə alsaq, AAK-a haqq qazandırmaq da olar. Sözügedən elmi nəşrlərin təsisçiləri, məqalələrin hər səhifəsinin ödənişli olmasına baxmayaraq, redaktor, korrektor, bu kimi gərəkli işçiləri işə alıb əməkhaqqı ödəməyi gərəksiz hesab edirlər. AAK-ın siyahısında hər zaman mötəbər yerləri tutan həmin elmi nəşrlərin, məqalələri disklərdən birbaşa, saysız səhvlərlə dərc etmələri başqa cür izah olunmaz. Əslində isə sirr deyil ki, hər dəfə yenilənən siyahıda AAK rəhbərliyinin nüfuzlu məcmuə kimi tövsiyə etdiyi elmi nəşrlərin keyfiyyəti deyil, “maddi nüfuzu” nəzərə alınır. “Maddi nüfuzu” yetərli olmayan məcmuələr siyahıdan çıxarılır.
AAK-ın əməkdaşları “xarici nüfuzlu jurnal” anlayışını da açıqlamaqda çətinlik çəkirlər. Bu “nüfuzlu” məcmuələrdən biri Gürcüstanın “Iberiya” beynəlxalq universitetinin Azərbaycan üçün nəşr etdirdiyi “Kafqaz i mir”dir (nədənsə AAK siyahısında yer almayıb). Məcmuənin sonuncu sayında (H10,2011) 27 müəllifdən yalnız birinin gürcü, qalan 26 müəllifin azərbaycanlı olduğunu aydınlaşdırsanız da, beynəlxalq və nüfuzlu məcmuə oxuduğunuza şübhə etməyin.
Qeyd etməliyəm ki, sözügedən məcmuədə dərc olunan məqalələrin hər səhifəsi üçün müəlliflər 10 ABŞ dolları ödəyiblər. Beləliklə, hər müəllifin orta hesabla 8-15 səhifəlik məqaləsi olduğunu nəzərə alsaq, ölkədən çıxarılan valyutanın məbləğini hesablaya bilərik. Həm də nəzərə alsaq ki, sözügedən məcmuə yalnız tarix və siyasi bölümlər üzrədir, vəziyyətin acınacaqlı olduğu anlaşılar. Bu cür məcmuə biznesinin çiçəklənməsinə xidmət edən Azərbaycan vətəndaşını xalq düşməni adlandırsaq, doğru olmazmı?
Bürokratik maneələr
Elmi dərəcə almaq istəyən iddiaçının maddi durumuna mənfi təsir edən səbəblərdən biri də məqalənin xarici dilə tərcüməsi üçün ödənilən məbləğdir. Nədən Azərbaycan Respublikası AAK-nın örnək alaraq yaradıldığı Rusiya Federasiyası AAK elmlər namizədi (bizdə fəlsəfə doktoru) elmi dərəcəsinin verilməsi üçün tövsiyə etdiyi siyahıdan yalnız 1 məqaləni vacib sayaraq, əlavə hər hansı elmi nəşrə aid 2 məqalə ilə kifayətlənir, xaricdə məqalə tələbini isə qətiyyən irəli sürmür? Azərbaycan Respublikası AAK isə eyni elmi dərəcənin verilməsi üçün yalnız tövsiyə edilən siyahıya aid 5 məqalə qəbul edir (necə qəbul etməsi yuxarıda ətraflı açıqlanır) və xaricdə məqalə tələbini vacib sayır? Elmlər doktoru dərəcəsinin verilməsi üçün siyahıdan 20 məqalə, o cümlədən 3-ü xaricdə vacib sayılır. Bunlarla yanaşı monoqrafiyalar tələbi də yox deyil. Rusiya AAK bu elmi dərəcənin verilməsi üçün siyahıdan 6 məqalə, cəmi 10-15 məqalə, heç olmazsa 1 monoqrafiya tələb edir. Fərqin böyüklüyü aydındır. Eynilə müqayisə olunan bu iki ölkənin elmi gücü kimi…
Bizim elmi potensialımız bu cür vasitələrə əl atıldığı üçünmü Rusiyadan (nəinki Rusiyadan) çox geri qalır? Ömrünü elmi tədqiqatlara həsr edənlər AAK-ın açıq şəkildə dəstəklədiyi maddi imkan tələblərinə cavab vermədikləri üçünmü kənarda qalırlar? Nədən AAK Rusiyadakı eyni adlı təşkilatın etdiyi kimi, irəli sürülən tələbləri ictimaiyyətə açıqlamır, internet saytı çox məhduddur? Həmin tələblər və siyahı o qədər məxfidir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat Idarəsinin əməkdaşları belə istəsələr, öyrənə bilməzlər. Bu tələbləri bilmək istəyənlər qurumun binasında, qapı ağzında saatlarla, əbəs yerə gözləməyə məcburdurlarmı? Rusiyada bu təşkilat təsdiq məsələsini 3-6 ay ərzində həll edir. Ölkəmizdəki eyni adlı təşkilat bəzi iddiaçıların illərlə gözlədiyini çoxdan unudub.
Qeyd etmək yerinə düşərdi ki, ötən il D.A.Medvedev elmi dərəcələrin, adların və diplomların tanınması qaydalarının asanlaşdırılması istiqamətində qəti addım ataraq, bir sıra qərarlar imzalamışdır (31 iyul 2011).
Başqa ölkələrdə nə baş verir?
Müqayisələrin əsasən Rusiya ilə aparılması təsadüfi deyil. Avropa, Amerika ölkələri elmi dərəcələrin verilməsində ikipilləli attestasiya sisteminə yaxın da gəlmir. Qərbi Avropa ölkələri içərisində yazılan dissertasiyaların sayına görə birinci yer tutan Almaniya mütəxəssisləri bütün dünyada şəksiz qəbul olunur və yüksək qiymətləndirilir. Hər il Almaniyanın 120 ali məktəbi müxtəlif ölkələrdən gələn 25 min məzuna fəlsəfə doktoru elmi dərəcəsi verir. Bu ölkədə aspirantların təhsili üçün ayrılan vəsait çox yüksəkdir və gələcək alimin fikirlərinin məişət problemlərinə yönəlməsi imkanı vermir. Almaniya ali məktəbini yüksək göstəricilərlə başa vurma fəlsəfə doktoru elmi dərəcəsi üçün əsasdır. Avropa və Amerika ölkələrinin universitetlərində olduğu kimi, Türkiyə universitetlərində də 3 elmi dərəcə almaq olar. Bakalavr üçün 4 il təhsil şərtdir, magistr daha 2 il təhsil alır, elmlər doktoru 5 il (2 il magistratura və 3 il doktorantura) təhsil alaraq dissertasiyanı başa çatdırır. ABŞ-da 1800 universitetdən 1100-ü elmi dərəcələrin verilməsi hüququna malikdir. Onlardan 430 universitet doktorluq elmi dərəcəsi (ən yüksək elmi dərəcə fəlsəfə doktorudur) verir. Yüksək iqtisadi, siyasi və elmi gücə (təbii ki, sonuncu iqtisadi və siyasi gücün mühüm özüllərindəndir) malik bu ölkələrin elmi dərəcə tələblərilə Azərbaycandakı elmi dərəcələrin verilmə tələblərini müqayisə etdikdə güman etmək olar ki, Nobel mükafatı ilə təltif olunanların 80 faizi elə bizim ölkədən çıxıb.
Saxta elmi dərəcələr
Azərbaycan Respublikası Prezident Aparatı yanında AAK-nın diktatura rejimindəki işi sanki çox müsbət nəticələr verməlidir… Əlbəttə, imkanlı, vəzifəli şəxslərin “elmi dərəcə də pis olmaz” həvəsinin reallaşması, Milli Məclisin deputatlarının elmi dərəcələr uğrunda bir-biri ilə bəhsə girməsi, “mübarizəsi” üçün müsbət nəticələr verir. Maraqlıdır, gəlirləri onsuz da “az” olan bu şəxslərin elmi dərəcəyə görə nəzərdə tutulan əmək haqqına “böyük” əlavəyə çoxmu ehtiyacları var? Bəlkə onları vizit kartlarında “fəlsəfə doktoru (elmlər doktoru)” sözünün gözəl görünəcəyi cəlb edir?
Son illərdə elmi dərəcə alan şəxslərin adlarının açıqlanması barədə müxbirlərin suallarını “bu dövlət sirridir” deyə cavablandıran AAK rəhbərliyi çox incə manevr etmişdir. Əks təqdirdə, vəzifəli və imkanlı şəxslərin ailə üzvləri ilə bərabər “topdan” elmi adlarla təltifinin izahı həm gülməli həm də ağlamalı olacaqdı. AAK-nın səyləri nəticəsində elmi kriteriyalara cavab verən dissertasiyaların sayı çox az olsa da, “Ginnesin Rekordlar Kitabı”na düşə biləcək alimlərimiz olmasa da, ümidimizi üzməyək. Adambaşına düşən keyfiyyətsiz fəlsəfə doktorlarının, elmlər doktorlarının, professorların sayına görə həmin kitaba düşmə şansımız çox yüksəkdir.
Dövlət içində dövlət iddiası?
AAK-ın məxfi Əsasnaməsinə görə, birdəfəlik (ödənişli) elmi şura çağırıla bilər. Bu ödənişli (ödənişlərin hara daxil olması da məxfidir) şuraların sayı o qədər çox olur ki, sənədlərini şuraya təqdim edən iddiaçılar illərlə gözləmək məcburiyyəti qarşısında qalırlar. Dörd-beş il gözləyən iddiaçıların müdafiəsinin təyin olunduğu gün ləğv edilməsi AAK rəhbərliyini qətiyyən narahat etmir. Məsələyə aydınlıq gətirməyə məcbur olduğu zaman rəhbərlik “şura gərəkli qədər müdafiə keçirib, limiti aşmaq olmaz” deyir. Limit anlayışı altında isə ödənişli müdafiələr də nəzərdə tutulur. Hər hansı sivil ölkədə bu cür vəziyyətin məhkəmə ilə, iddiaçının maddi və mənəvi zərərinin ödənilməsi tələbilə bitəcəyi şəksizdir. Etdiyi qanunsuzluqların cavabsız qalacağından əmin olan Azərbaycan Respublikası Prezident Administrasiyası yanında AAK-nın özbaşınalığının isə həddi yoxdur. Təşkilatın dövlət içərisində dövlət iddiasının səbəbi nə ola bilər?
Şəhla Məmmədli