Vahid Məhərrəmov: «Banklar aqrar sahə məsələsində riskə getmək istəmir»
Kənd təsərrüfatı ili elan olunmasına baxmayaraq, ölkənin aqrar sektorundakı problemlər bu il də həllini tapmadı. Azərbaycanın aqrar sahəsinə ayrılan kreditlərin həcminin azaldılması bu istiqamətdə demək olar ki, inkişafın dayandığını deməyə əsas verir. Ona görə də kifayət qədər iqtisadi resurslara sahib olan ölkənin bu sahəsinin problemləri bitib-tükənmir. Üstəlik, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin hökumətləri daha çox son dönəmdə aqrar sahəyə xüsusi diqqət yetirdiyi halda, Azərbaycan hökuməti kənd təsərrüfatını heç bir vəchlə dirçəltmək istəmir.
Sözügedən sektorda bəlli problemlər azmış kimi, aqrar sahəyə ayrılan kreditlərin həcmi də kəskin azalıb. Görəsən, bunun səbəbi nədir, hökumət nədən bu perspektivli sektora ögey münasibət bəsləyir?
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərəmmov deyir ki, Mərkəzi Bankın hazırladığı hesabatda kənd təsərrüfatına verilən kreditlərin azalmasının bu ilin sentyabrından başladığı görünür. Ötən ilin sentyabr ayına nisbətən, bu ilin eyni dövründə aqrar sahəyə ayrılan kreditlərin həcmi 6,2 faiz azalıb: “Son iki ayda dövriyyədə milli valyutanın həcmi azalıb. Mərkəzi Bank bunu Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlayır. Lakin ölkənin gəlirlərinin azalması fonunda, banklar bu sahəyə kredit verməkdə maraqlı olmurlar. Banklar aqrar sahə ilə bağlı riskə getmək istəmir. Daha çox vəsait emal müəssisələrinə ayrılır. Real kənd təsərrüfatı məhsulu istehsalına cüzi vəsait verilir. Banklar maliyyə qıtlığı səbəbindən aqrar sahəyə kredit verməyə risk etmir”.
Vahid Məhərrəmovun sözlərinə görə, fermer və sahibkarlar banklardan aldıqları kredit vəsaitlərini əsasən, istehsal vasitələrinin alınmasına sərf edirlər. 2015-ci ilin 10 ayı ərzində kənd təsərrüfatına verilən kreditlərin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə az olub. Keçən ilin 10 ayında bu sahəyə 9811 min dollar ekvivalentində kredit verildiyi halda, bu ilin müvafiq dövründə göstərici 9 faiz azalaraq, 9098 min dollar təşkil edib. Bu ilin oktyabr ayında isə verilən kreditlərin həcmi 685,5 min manat göstərilib. Bu da 2014-cü ilin oktyabr ayı ilə müqayisədə 132,2 min manat və ya 16,3 faiz azdır.
Nigar