Sakinlər işsizlikdən, məmur özbaşınalığından bezdiyini, qəsəbədə sosial partlayışın olacağını deyirlər
Ilham Əliyevin əmr və tapşırıqları burada da keçmir; Zakir Fərəcov sovxoz torpaqlarını özəlləşdirib satır; deputat Eldar Quliyev seçicilərlə gizli görüşür
Maştağa sakinləri dad edir. Onlar kommunal xidmətlərdən tutmuş hər şeydən narazıdırlar. Qəsəbə sakinləri həm işığın, qazın zəif olmasından gileylənirlər, həm də pul olmadığı üçün yığılmış borcları ödəyə bilmədiklərini dilə gətirirlər. Bütün bu problemlərin kökündə isə işsizlik amili dayanır.
Işıq pulları kəllə-çarxa çıxır
Reportajımıza Maştağanın girəcəyindəki Olimpiya Kompleksindən başlayaq. Kompleks 2001-ci ildən istifadədir. O qədər də böyük ərazini əhatə etməyən idman meydançası, hasarının bir hissəsi, ətrafdakı istirahət guşələrinin çoxu su içərisindədir. Sağlamlığının qeydinə qalmaq istəyənlər ən azı aya 10-20 manat ödəməlidirlər. Bir sözlə, idmanımıza qayğını elə buradan hiss etmək mümkündür.
Indi keçək qəsəbənin ən ağrılı problemlərinə…
Maştağa sakini Tahir Poladzadənin kiçik bir obyekti var. Ailəsini bununla dolandırır. Bir neçə gün öncə “Bakıelektrikşəbəkə”nin nümayəndələri onun işığını kəsiblər. Səbəb isə 1000 manat borcun olmasıdır. Tahir Poladzadə problemi həll etmək üçün obyektinə təşrif buyuran şəxslərdən vaxt istəyib. Həmin adamlar idarəyə getməyi məsləhət görüblər. O, idarəyə gedəndə isə işığı kəsilib. Orada olan zaman maraqlı təkliflə qarşılaşıb. Tahir Poladzadəni qarşılayan şəxslər onun 1000 manat borcunu qısa zamanda həll etmək gücündə olduqlarını söyləyiblər. Sayğacdan əlavə bu borcu dövlətə olan borc kimi qeyd edən idarənin işçiləri 200 manatla məsələni həll edə biləcəklərini vurğulayıblar. Indi Tahir bəyi bir sual düşündürür. Onun dövlətə 1000 manat borcu haradan yarandı? Axı işlətdiyi obyektin aylıq işıq pulu 20 manat edir. Yox əgər, həqiqətən onun dövlətə borcu 1000 manatdırsa, nədən 200 manatla həll edirlər? Dərəbəylikdirmi? Bir müddət keçəndən sonra Tahir Poladzadə ölkədəki sosial proseslərin necə baş verdiyini bilib. Anlayıb ki, Azərbaycan miqyasında Maştağada da hər kəs özünü ağa sayır.
Maştağada hamı Ilham Əliyevdən danışır. Yox, elə zənn etməyin ki, hər kəs zati-alilərinin səxavətindən söz açır. Sadəcə, ölkə başçısının bir neçə il öncə yığılmış borcların ləğv edilməsi ilə bağlı verdiyi qərara hər yerdə olduğu kimi, Maştağada da əməl edilmir. Indi qəsəbənin hər evinə köhnə borcların ödənilməsiylə bağlı bildirişlər gəlir. 500 manatdan başlanan bu borcları 200-300 manatla həll etmək mümkün olur. Azca hüququnu bilən şəxs bu hiylədən qurtula bilir.
Icra nümayəndəliyi uğrunda savaş
Maştağa sakinləri qazdan da şikayətlidirlər. Onlar deyirlər ki, havanı da insanlara pulla satırlar. Fikirlərini isə belə izah edirlər: “Verilən maye qazın yarısı havadır. Sonra gəlib qazın pulunu tələb edirlər. Havanı da adama satarlarmı?”.
Kənd sakini Məşədi Zaur Qafarbəyli Maştağa əhlinin ta bineyi-qədimdən məşğuliyyətinin əkinçilik və maldarlıq olduğunu deyir: “Indi nə əkinçiliyə yararlı torpaq sahələri, nə də heyvandarlıq üçün örüş yeri var. Dövlətin iş yerləri yoxdur. SSRI vaxtında hər bir maştağalının 5-6 ailəni saxlamaq imkanı vardı. Indi bu qəsəbənin sakini öz ailəsini dolandıra bilmir. Camaat işıq, qaz, su problemlərinin öhdəsindən gələ bilmir. Kommunal borclar ərşə dirənib”.
3 aydır ki, qəsəbənin icra nümayəndəsi yoxdur. 150 min əhaləsi olan Maştağaya rəhbərlik edə biləcək yerli sahibi tapa bilmirlər. Buna görə kənar yerdən bu vəzifəyə adam gətirilir. Qəsəbə sakinləri deyir ki, bu post uğrunda Hacı Qalib Salahzadə (Allahşükür Paşazadənin qudası – R.D.) mübarizə aparır: “Hacı Qalib Elçin adlı kürəkənini Maştağanın icra nümayəndəsi təyin etmək istəyir”. Qəısəbənin icra nümayəndəsi uğrunda savaşanlardan biri də 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadır. O da maştağalı deyil. Sakinlərin sözlərinə görə, Nailə müəllimə rəhbəri olduğu məktəbdə soyğunçuluqla məşğuldur. O, hər rübdə ibtidai sinif şagirdlərinin hər birindən 2 manat, 5-11-ci siniflərdən isə 5-10 manat arası pul yığır. Müəllimlərin əmək haqlarından da “cərimə” tutulur. Attestatda pulludur. Oxuyub-oxumamağın bura heç dəxli yoxdur. Məhz buna görədir ki, hər il ali məktəblərə daxil olan maştağalıların sayı getdikcə azalır.
Qəsəbə sakinləri icra nümayəndəsi vəzifəsinə Maştağada nüfuz sahibi olan Rauf Zeynalov adlı şəxsi gətirmək istəsələr də, yuxarı dairələrdə bunu qəbul edən yoxdur.
Maştağada çoxlu tarixi abidələr var. Ovdanlar, qəbirlər, yeraltı keçidlər, hamamlar tarix kimi bu günümüzə gəlib çatsa da, səhlənkarlıq üzündən onları qorumaq çətin bir işə çevrilib.
Qəsəbənin deputatı özünü reklam edir
Maştağada heç bir sakin idarələrdə işləmir. Bütün dövlət qurumlarına ayrı-ayrı bölgələrdən şəxslər təyin olunub. Bu da insanların haqlı narazılığına səbəb olur. Hətta bələdiyyə sədri gədəbəylidir. Qəsəbə əhli deyir ki, burada doğulub boya-başa çatmayan şəxs heç vaxt onların problemi ilə maraqlana bilməz: “Təyin olunan adam məcburdur ki, öz maraqları çərçivəsində hərəkət etsin. Çünki o pul verib. Ödədiyi pulu çıxarmalıdır. Ancaq təmənnasız, qəsəbə sakini hər hansı idarədə rəhbər vəzifədə olsa, bizə xidmət etməyə məcbur olacaq”.
Maştağanın problemlərindən biri də sovxoz sahələridir. Vətəndaş Rasim Əlizadə deyir ki, Bakı kəndlərinin sovxoz torpaqları Abşeron rayonuna baxır. Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov bütün torpaqları özəlləşdirib satır: “Torpağın sotu 3-5 min manata satılır. Zakir Fərəcovun adından bu işi görən Hüseyn Seyidov adlı şəxsdir. Sovxoz ərazisində olan boş torpaq sahələri onun nəzarətindədir”.
Qəsəbə sakinləri deputatları Eldar Quliyevdən də şikayətçidirlər. Onlar deyirlər ki, deputat ayda bir-iki dəfə qəsəbəyə gəlib sakinləri dinləyib gedir. Ancaq normal bir iş görmür. Eldar Quliyev başının dəstəsiylə Maştağaya təşrif buyuranda “Görüş” adlanan kafedə “seçiciləri” ilə süfrə arxasında görüşür. Həmin görüşdən bir-iki şəkil çəkdirib mətbuata ötürür. Bununla da özünün “işgüzar deputat” imicini formalaşdırır. Sakinləri isə ən çox narahat edən məsələ dövlət hesabına deputat üçün qəsəbədə tikilən dəbdəbəli “görüş” otağdır. Zövq oxşayan bu birmərtəbəli “bina”nın qapıları yalnız Eldar Quliyev qəsəbəyə gələndə açılır. Təbii ki, ora lazımi adamlar buraxılır. Maştağalılar Eldar Quliyevi də təyinatlı adam kimi xarakterizə edir: “Eldar Quliyev indiyə kimi bir sakinin problemi ilə maraqlanmayıb. Onun fikri-zikri pul qazanmaq və reklamdır. Qəsəbəyə seçicilərlə görüşə gələndə də öz maraqlarından çıxış edir. Bir-iki dəfə qəbulunda olduq, gördük ki, problemlərimizi qulaqardına vurur. Maştağada bircə dənə də olsun iş yeri açılmayıb. Bu problemi dəfələrlə ona demişik, ancaq faydası olmayıb. Deputat təyin olunduğu gündən Milli Məclisdə bizim sözümüzü deməyib. Hökumətə necə sərf edib, o məzmunda da danışıb”.
Qəsəbənin ən görməli yeri isə Heydər Əliyevin abidəsi olan parkdır. Ancaq bu parkdan heç kim istirahət yeri kimi istifadə etmir. Böyüklər buradan keçid kimi, kiçiklər isə velisoped sürmək üçün yararlanır.
Sakinlər işsizlikdən, məmur özbaşınalığından bezdiyini, qəsəbədə sosial partlayışın olacağını dilə gətirirlər. Özləri bunu bir cümlə ilə belə əsaslandırırlar – artıq dözmək olmur.
***
Bura Maştağadır. Girişi də, çıxışı da çirkab içində batan qəsəbə. Burada yaşayanların halına hələ ki, acıyan yoxdur. Ancaq bir zaman gəlib dərdlərini deyə bilən ünvanı tapa biləcəklərinə ümidlidirlər. Özlərinin dedikləri kimi – axıra qədər belə getməyəcək ki…
Ramin DEKO