“Korrupsioner sistemdə idarəçiliyin yalnız bir amalı var – pul, sərvət. Odur ki, hər addımda nəzarətsizlik, boşluq, qəza riski var”. Bu, mənim qəti inandığım və tarixi təcrübə ilə sübut olunmuş fikrimdir.
Hətta qəza təbii fəlakətlə gəlibsə, onun nəticələrinin ağırlaşmasında korrupsiyanın, avtoritar idarəçiliyin payı olur. Avtoritarlaşma və korrupsiya hər zaman, hər yerdə qəza problemidir.
Şəffaflıq çatışmır, ictimai nəzarət və fərqli fikrə sayğı yoxdur, azad mətbuat və vətəndaş cəmiyyətinin səsi elə boğulub ki, boşluqları və riskləri istəsən də həmişə görə bilmirsən. Üstəlik, görmək istəmirsən, çünki əsas məqsəd hakimiyyətin qorunması, rəqiblərin məhv edilməsi və sərvətlərin talanında daha yaxşı pay almaqdır. Keyfiyyətli iş, keyfiyyətli kadrlar da ola bilməz. Əksər hallarda ot itin, ət atın qabağına qoyulur.
Ötən illərdə avtobus sürücüsü böyük tələfata yol açarkən dedilər ki, qəza hər yerdə olur. Bu zaman mütəxəssislərdən biri ortaya fakt qoydu: “Ispaniyanın əhalisi 46 milyon 152 min nəfərdir, 2011-ci ildə avtomobil qəzalarında 2605 insan həyatını itirib. Hər 9 milyon nəfərə – Azərbaycan əhalisinin sayına 500 ölüm hadisəsi düşür. Bizdə isə həmin 9 milyona 2011-də qəzalarda ölənlərin sayı 1016 nəfər olub. Yəni iki dəfə çox olub. Üstəlik, orada hər 1000 nəfərə 471, Azərbaycanda isə 51 avtomobil düşür”.
Kim desə ki, baş verən qəzalarda bu hakimiyyətin rolu yoxdur, hökumət bunu istəməzdi, o, yalnız iqtidarın qanlı əllərini yumaqla məşğul olur.
Indi hamımız “Günəşli” yatağında baş verən qəzanın ağrıları ilə yaşayırıq. Amma həqiqəti necə müəyyən edək, məsələn, idarəçilərin məsuliyyətini necə aydınlaşdıraq? Kim araşdıracaq bunu? Prokurorluq bu faciəli günlərdə tanınmış müxalif siyasətçi Fuad Qəhrəmanlının şərlənməsi ilə məşğuldursa, məsuliyyəti kim müəyyən edəsidir ki!
Biz cəza dövlətində yaşayırıq və bu da öz növbəsində onu qəza dövlətinə çevirmiş olur. Ölənlər tək səs-küylü olayların qurbanları olsaydı nə vardı! Bu idarəçilik hər yerdə öldürür insanlarımızı. Səhiyyədən tutmuş, məişət faciələrinədək. Haqsızlıq, kasıblıq, işsizlik hər yerdə insanları əzir. Intiharların artmasında xüsusi sirr axtarmağa ehtiyac yoxdur – boğulur yurdumuzun insanı!
Dövlətin cəza və korrupsiya maşınına çevrilməsi özü bir qəzadır. Ən böyük qəza da elə budur – siyasi qəza. Bütöv bir xalq siyasi qəzaya düşüb!
“Günəşli” faciəsindən qabaq ölkədə çox ciddi bir hadisə baş vermişdi – parlament seçkiləri keçirilmişdi. Bu cür saxta və qurama bir seçki elə böyük qəzadır ki, ölkəni görünən və görünməyən bəlalara sürükləyir. “Günəşli” də bu qəzanın tərkib hissəsidir.
Ötən əsrin əvvəlində bizim babalarımız yoxdan bir dövlət qurdular. Respublika qurdular – müsəlman Şərqinin Ulduzunu yaratdılar. Amma artıq qəzaya uğrayıb bu Respublika.
Ötən əsrin sonunda isə biz müstəqilliyimizi yenidən bərpa etdik. Rus əsgərinin tapdağından yaralı da olsaq (Qarabağın ermənilər pərdəsində işğalı ilə) qurtulduq. Amma müstəqilliyimiz qəzaya uğradı.
Neft səltənəti idik, avtoritarlıq və korrupsiya elə vəziyyət yaratdı ki, neftin durmadan ucuzlaşmasına insanlar açıq şəkildə sevinir və yaxud onu bu itki heç narahat etmir. Hətta yalan da – inkişaf nağılı da qəzaya uğradı. Manatın qəzası rəsmiləşdiriləndə yalanlar rəsmiləşmiş oldu.
Qabaqdan isə böyük iqtisadi və sosial qəza gəlir. Amma dövlət uşaq hiyləsi ilə idarə olunur hələ də. Şərləyib məhbəsə atdıqları, ölüm ayağına gətirdikləri Leyla Yunusu buraxırlar, bunun da gözünə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsini qatırlar.
Bəs böhran? Bəs dumana bürünən gələcək? Nə etmək istəyirlər bu yolla? Bəlkə vəziyyətin dözülməz olmasını və xalqın çaşıb “Rusiya, gəl bizi xilas et!” çağırışları etməsini istəyirlər? Başqasını çağırış maddəsi ilə şərləyib tutanlar bilirmi ki,əsl çağırışı onlar hazırlayır və bu, çox ağır, olduqca təhlükəli gedişatdır!