Yaxud, daxildə düşmən axtarmaqla gündəmi dəyişmək cəhdi
Ölkədə atəşkəs pozulub. Söhbət təkcə cəbhə xəttindəki pozuntulardan getmir, ümumi Azərbaycan cəbhəsindəki “döyüşlər” i nəzərdə tuturuq. Təbii ki, qeyri-döyüş cəbhəsindəki atəşkəs pozuntusu neftin qiymətdən düşməsi ilə başladı. Ölkəiqtisadiyyatının yükü neftin çiynində olduğu üçün, qara qızılın ucuzlaşması ölkəyə “tərs şillə” kimi dəydi. Beləliklə, sosial-iqtisadi böhran qapımıza dayandı. Və məlum oldu ki, uzun illər hökumətin apardığı “analoqsuz inkişaf” təbliğatı nağıl imiş.
Hökumət də başa düşdü ki, hər ötən gün vəziyyətin daha da ağırlaşmasına, cəmiyyətin ciddi narazılığına xidmət edir. Ona görə də zorakılıq üzərində qurulmuş bir sistem, zorakılıq üzərində də “anti-böhran” tədbirlərinə start verdi. Yəni, ölkəni çətin vəziyyətdən çıxarmaq üçün ciddi islahatlar aparmaq əvəzinə, tənqidçilərini zərərsizləşdirməyə üstünlük verdilər.
Hökumət başa düşür ki, beynəlxalq aləmlə münasibətlər korlanıb, ölkə daxilində hakimiyətin heç bir nüfuzu qalmayıb və yeganə çıxış yolu qorxu yaratmaqdır.
Məsələ burasındadır sürətlə hakimiyyətin ifşa prosesi gedir. Əslində MTN-də baş verənlər bir hakimiyyətin könüllü istefaya getməsi üçün yetərli səbəb idi. Amma bizim hökumətin analoqu olmadığına görə bütün masqalar cırılandan sonra da “inkişaf edirik” deyə bilir. Amma dövlətin əsas strukturlarının cinayətkar şəbəkəyə çevrilməsi də son olmadı. “Günəşli” yatağında güclü yanğın baş verdi və 32 vətəndaşımız həlak oldu. Daha sonra məlum oldu ki, insanların həlak olmasına səbəb məsuliyyətsizlik, səriştəsizlik olub.
Amma nə Binəqədidəki yanğına görə, nə MTN-də baş verənlərə görə, nə də “Günəşli” yatağındakı faciəyə görə məsuliyyət daşıyanlar həbs olunmayıb. Həmişəki 10-cu dərəcəli adamlar həbs olunur, qondarma istintaq prosesi gedir və.s
Demək istəyirik ki, yarıtmaz siyasət ölkənin bütün sahələrində özünü göstərir.
Və belə bir vaxtda hökumət “şər siyasəti”nə davam edir. Əvvəllər “bizim Qarabağ boyda dərdimiz var” şüarının arxasında gizlənənlər, indi də “bəzi qüvvələr dövlət əleyhinə fəaliyyət göstərir” təbliğatına girişiblər.
Cəmiyyəti əsas problemlərdən yayındırıb, kimlərisə “düşmən” kimi təqdim etməklə gündəmi dəyişmək istəyirlər. Guya, ölkədə təhlükəli vəziyyət yaranıb və hökumət daxili düşmənlərlə mübarizə aparır.
Bir tərəfdən Nardaran hadisələri baş verir və bundan bəhanə kimi istifadə edərək bütün ölkə boyu “din ovu”na başlayırlar, o biri tərəfdən isə real müxalifəti sıradan çıxartmaq üçün iyrənc ssenarilər hazırlanır.
Bəli, vicdanlı, şərəfli insanları ləkələmklə öz hakimiyyətlərini qorumaq istəyirlər. Başa düşürlər ki, narazı kütlə real təşkilatlamış, xalqın maraqlarından çıxış edən adamların arxasınca gedəcək.
Yəni, hakimiyyətin atdığı addımlar qorxudan, təlaşdan doğur. Bu illər ərzində ölkə insanına böyük haqsızlıqlar edildiyini, xalqın sərvətinə təcavüz olunduğunu, günahsız insanların ləkələndiyini, bir sözlə çirkaba bulaşdıqlarını bilirlər. Ona görə də cəmiyyətdə çaşqınlıq yaratmaq üçün telekanalların, hökumət mətbuatının köməkliyi ilə yalan təbliğatına start veriblər.
Amma cəmiyyət də ayıq olmalı, baş verənləri düzgün analiz etməyi bacarmalı və hakimiyyətin təxribatçı siyasətinə aldanmamalıdır. Əksinə, bütün baş verənlərə görə hakimiyyətdən hesab istəməlidir.
Unutmayın ki, bu gün hökumətin atdığı addımlar ölkəni böhrandan çıxarmağa yox, hakimiyyətin maraqlarını təmin etmək məqsədi güdür.
Samir