«Raketdən müdafiə sistemləri Rusiyaya qarşı yönəlməyib»
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Medvedevin raketdən müdafi sistemilə bağlı açıqlamasına münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Mark Toner Rusiyanı bir daha əmin etməyə çalışıb ki, raketdən müdafiə sistemi Rusiyanın nüvə silahlarına qarşı yönəlməyib.
Noyabrın 23-də Kreml rəhbəri bildirib ki, ABŞ raketdən müdafiə sistemləri planıyla bağlı Rusiyanı da tam razı salmasa, rəsmi Moskva Birləşmiş Ştatların müdafiə sistemini vurmaq üçün raketləri işə salacaq. ABŞ prezidenti Barak Obama rəsmi Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı bir vaxtda Medvedevin bu bəyanatı ABŞ-Rusiya əlaqələrinə zərbə vurub. Medvedev Rusiya və ABŞ-ın raketdən müdafiə sistemilə bağlı danışıqlarda razılığa gələcəklərinə ümid bəsləsə də, rəsmi Vaşinqtonu və onun müttəfiqlərini Rusiyanın narahatlığına məhəl qoymamaqda günahlandırıb. Rusiya prezidenti bildirib ki, ABŞ sistemin Rusiyaya qarşı yönəlmədiyinə zəmanət verməsə, Rusiya ABŞ-a qarşı hərbi tədbirlər görəcək.