AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olunub. Dünən gecə saat 23.00 radələrində Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Hüseynovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə “Azadlıq”a Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil bildirib ki, Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (zor tətbiq etmə hədəsilə milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilir. Vəkilin sözlərinə görə, Fuad Qəhrəmanlıya qarşı ittihamlar onun “facebook” sosial şəbəkəsində paylaşdığı fikirlərilə bağlıdır.
Fuad Qəhrəmanlının ittiham üzrə özünü təqsirli bilmədiyini deyən vəkil qeyd edib ki, Nəsimi Rayon Məhkəməsinin həbs qərarından apelyasiya şikayəti veriləcək.
Qeyd edək ki, dünən günorta saatlarında Fuad Qəhrəmanlı telefon vasitəsilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırılıb. O, hansı statusla çağırıldığı ilə maraqlanıb, həmçinin rəsmi şəkildə çağırış göndərilməsini istəyib. Bundan az sonra onun evinə polislər gəlib və məcburi şəkildə prokurorluğa aparılıb.
Məlumata görə, Fuad Qəhrəmanlı yaşadığı evin həyətində, qızlarını məktəbdən gətirərkən onların gözü qarşısında saxlanılıb.
Fuad Qəhrəmanlının hara aparıldığı əvvəlcə məlum olmasa da, bir neçə saatdan sonra o, telefon vasitəsilə AXCP sədri Əli Kərimli ilə əlaqə saxlayıb və barəsində cinayət işi başlandığını deyib. Axşam saatlarında vəkil Fəxrəddin Mehdiyev prokurorluğa yollanıb.
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlandığı barədə məlumat verdiyi bir vaxtda Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”a açıqlamasında onun şahid qismində dindirildiyini deyirdi.
Fuad Qəhrəmanlı gecə saat 22.00 radələrində barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.
O, məhkəmədə olan saatlarda prokurorluq əməkdaşları Mehdiabad qəsəbəsində onun yaşadığı evdə axtarış aparıb. Jurnalistlər axtarış prosesini müşahidə etmək istəsələr də, buna imkan verilməyib. Axtarış prosesini müşahidə üçün Fuad Qəhrəmanlının yaxınlarına mane olublar. Bununla belə, axtarış zamanı evdən qanunsuz və şübhəli heç nə tapılmayıb. Prokurorluq əməkdaşları evdən yalnız 1 ədəd komputeri özləri ilə aparıblar.
“Səninlə fəxr edirəm, əziz dostum!”
AXCP sədri Əli Kərimli “facebook” səhifəsində Fuad Qəhrəmanlının həbsilə bağlı fikirlərini paylaşıb:
“Fuad Qəhrəmanlını həbs etdilər. Barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi. Ittiham olunduğu maddələrə görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Aydındır ki, Fuad bəyi nə dövlət əleyhinə çağırışlarına, nə də milli, irqi, sosial və ya dini düşmənçilik salmasına görə tuturlar. Fuad bəyi tam əksinə, dövlətini çox sevdiyinə, onu azad etmək istədiyinə, ölkəsində milli, dini bütövlük yaratmaq istədiyinə, recimlə məhz dinc, lakin ardıcıl mübarizə apardığına görə tuturlar. Rəsmən elan ediblər ki, Fuad bəyi “facebook”da yazdığı yazılara görə həbs edirlər. Fuad bəyin vicdan məhbusu olduğunu daha sübut etmək lazım gəlməyəcək. Çünki hökumət də etiraf edir ki, onu düşüncə və yazılarına görə həbs edirlər. Fuad bəyin həbsi hökumətin AXCP-yə və Milli Şuraya qarşı nifrətinin ifadəsidir. Ölkədə real müxalifəti sarsıtmaq siyasətinin tərkib hissəsidir.
Fuad bəyin həbsi qanunsuz və siyasi sifarişin nəticəsi olsa da, gözlənilməz də deyil. Fuad bəy rejimlə mübarizənin ən ön cəbhəsində idi. Rəqib düşərgə də onun mübarizəsində nə qədər səmimi və fədakar olduğunu görürdü və özünəməxsus formada Fuad bəyin həbsi ilə bu fədakarlığı “qiymətləndirdi”. Həbs olunmaq təhlükəsi olduğunu bilə-bilə Fuad bəy mübarizəsində bir addım da geri atmadı, özünü repressiyalardan qorumağa çalışmadı. Vətən belə oğulların hesabına azadlığına qovuşacaq.
Səninlə fəxr edirəm, əziz dostum! Sən əlbəttə ki, azadlığına qovuşacaqsan, hələ bu dövlətin idarə olunmasında da iştirak edəcəksən! Əminəm ki, indi yaşadığımız çətinliklər müvəqqətidir, millətimizin sınağa çəkilməsidir. Millətimiz sınaqdan üzüağ çıxacaq. Görün, bu xalqın nə qədər fədakar, ləyaqətli oğul və qızları var!”

Fuad Qəhrəmanlının evində axtarış aparmağa gəliblər.

Axtarış bitib. Evdən F.Qəhrəmanlının komputeri götürülüb.
Aytən Məmmədova