Hələ neftin-qazın bol vaxtlarında yuxarıdakı başbilənlərimiz harda gəldi “qarşıdakı on illər boyunca yanacaq ehtiyatımız var” deyib öyünürdülər. Indi aydın olur ki, o, bizim arzularımızın, ümidlərimizin, qəlbimizin yanacaqları imiş. Demə ki, o neftin-qazın səfası onlara, fəryadı, cəfası bizlərə qalacaqmış. Demə ki, “başbilən” dediyimiz o adamların heç başı-ayağı belə bəlli deyilmiş. Olsaydı, ölkənin ən azı 60-70 illik iqtisadi inkişafına stimul verə biləcək gəlirləri beş-on ilin içində satılıb-sovulmazdı. Beş on ilin içində bunca qazanc götürən ölkəni talan edib iqtisadi böhran səviyyəsinə gətirməzdilər. Beş on ildə gələn böyük milyardları göyə sovurub, ölkəni bu qədər borclandırmazdılar.
Sonra da “ölkə niyə yanır” deyirik. Bu haqsızlıqdan ölkə od tutub yanacaq, əlbət. Qurunun oduna yaş da yanacaq. Necə ki, yanır. Necə ki, buralarda alovumuz tutuşa-tutuşa dənizə gedib çıxır. Bu atəşi, bu acını, bu yanğını bir dəniz söndürə bilər ancaq. Amma söndürə bilmədi, dəniz belə alışıb yandı o acıdan. Yenə dərdlərimiz təzələndi, ciyərimiz yanıb töküldü, ürəyimiz parçalandı. Bir ümid arxasınca uzaq dənizə çıxmış 32 insanın xəyalı sulara gömüldü. 32 insan bir amansız rüzgarın qurbanı oldu o gün. Nişanları-izləri bilinmədən div dalğaların arasında sönüb getdi neçə ailənin ümid işığı. Dənizin ortasında baş verən belə bir qəzanın, qasırğa ilə şiddəti yeri-göyü inlədən yanğının nə demək olduğunu anlamaq çətin deyil. Ancaq o insanlar qəza baş verən kimi platformada yanmayıblar ki. Xilas üçün mütləq mənada bir şeylər etmək, itkini minimuma endirmək olardı. Lakin insan yaxın tarixdə Bakının ortasındakı çoxmərtəbəli binada xilas gözləyə-gözləyə yanıb ölən sakinləri düşününcə, “nə qoyub, nə axtarırsan” deyir. Orda da küləkli qasırğa, ərşə qalxan dalğalar, tufanlı-boranlı dəniz vardı məgər? Əgər bir işə yaramayacaqsa, bu qədər xərc tökülən təlimlərin, texnika və insan qüvvəsinin nümayişi nəyə lazımdır axı? Bir insan həyatını belə xilas etməyən güc nəyə dəyər ki?
Bir qara günün qasırğası da dəniz 32 insanımızı beləcə udub apardı. Indi onların acılar içində qovrulan yaxınlarını düşünmək belə dəhşətlidir. Bir ana illərin odundan-alovundan qoruyub bu yerə gətirdiyi övladının dənizin ortasında itkin düşməsini necə qəbul etsin? Biz on illərdir müharibə itkinlərinin siyahısı ilə masadan-masaya dolaşan, onların gözü yollarda qalan doğmalarına bir “öldü-qaldı” xəbəri çatdırmaq əzabını yaşayan ölkənin vətəndaşlarıyıq. Indi Bakının içində, Xəzərin ortasında oğlunun yoxa çıxdığını necə izah edəcəksiniz bir anaya? Bir körpəni necə alışdıracaqsınız atasının həmişəlik dənizlərdə qalacağını? Bir gəlini necə inandıracaqsınız bütün gözəl arzularının bir qasırğaya düşüb getdiyinə? Necə anladacaqsınız bütün bunların təbii fəlakət anında gecikmədən səfərbər olmağa borclu sayılan qurumların və adamların vecsizliyi üzündən baş verdiyinə? Hansı üzlə çıxacaqsınız onların qarşısına? Axı bu ölkədə canlı insan nə zaman az-azacıq dəyər qazanacaq sizin nəzərinizdə? Yəni nə zamansa qazanacaqmı?
“Hələ qarşıdakı on illər üçün yanacaq ehtiyatımız var” deyirdilər öyünə-öyünə. Artıq hamı bilir ki, qarşıdakı illər üçün yanacaq adına da bir şeyimiz qalmayıb. Yerin təki tükənib qurtarır demək olar ki. Xəzinəni də silib-süpürüb viranə qoyublar. Bizə qalan özümüzün, itkilərimizin, dərdlərimizin yanacağıdır ancaq…