Səhiyyə Nazirliyinin rəsmiləri nədənsə, bu barədə sualı cavablandırmaq istəmir
Rasif Bağırov: «Sərhəd-keçid məntəqələrində xüsusi karantin komissiyası yaradılmalıdır»
Qış fəslinin gəlişilə infeksion xəstəliklərin də aktiv dövrü başlayıb. Bu ərəfədə Iranın Kirman əyalətində 22 nəfərin qrip səbəbindən öldüyü barədə xəbər yayılıb. Iranın dövlət televiziyasına danışan səhiyyə naziri Həsən Haşimi Kirmanda 22 nəfərin qrip səbəbilə həyatını itirdiyini təsdiqləyib.
Ölkədə ötən il də oxşar halların baş verdiyini yada salan Haşimi, ölümcül qrip epidemiyasına səbəb olan virus haqqında məlumat verməyib.
Iranın rəsmi xəbər agentliyi IRNA-da yer alan başqa bir xəbərə görə, Sircan şəhərində də 67 nəfər qrip diaqnozu ilə regiondakı müxtəlif xəstəxanalara yerləşdirilib.
Iranın Azərbaycanla qonşu olduğunu nəzərə alaraq, sözügedən virusun əhalimizə yoluxması da istisna olunmur. Belə bir təhlükənin mümkünlüyü şəraitində görəsən, səhiyyə qurumları hansı profilaktik tədbirlər görməyi planlaşdırır?
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Azadlıq”ın bu barədə sorğusuna cavab olaraq bu işin Taun Əleyhinə Stansiyaya, oradan isə Gigiyena və Epidemiologiya Mərkəzinə aid olduğu bildirildi. Beləliklə, əlaqə saxladığımız rəsmi şəxslər Iranda mövcud olan qrip epidemiyasının ölkəmizə keçmə ehtimalı barədə suala cavab vermək istəmədilər.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Irana gedib gələn azərbaycanlıların kifayət qədər çox olduğunu vurğulayaraq, ölkələr arasındakı bu cür sıx əlaqələr şəraitində hər hansı epidemiya yoluxmasının tam mümkünlüyünü bildirir:
“Prosesin qarşısının alınmasına gəlincə, sərhəd-keçid məntəqələrində mütləq karantini həyata keçirən xüsusi komissiya yaradılmalıdır. Həmin komissiya da Irana keçib qayıdan şəxsləri mütləq yoxlamalı və şübhəli hal aşkar edildikdə müvafiq tədbirlər görməlidir. Qripə yoluxma əlaməti olanların başqa şəxslərlə ünsiyyətinin qarşısı alınmalıdır. Orada hər hansı başqa tədbirlərin görülməsi mümkün deyil”.
Nigar