Siyasi şüur öldükcə azğın kütlələr «gözə göz, dişə diş» deyir
Seymur Həzi,
AXCP Rəyasət Heyətinin üzvü
Dünən “Facebook”da Liviyanın devrilmiş və qətlə yetirilmiş diktatoru Müəmmər Qəzzafinin oğlundan yazdım. Onun barmaqlarını kəsən əsgər həbs olunmasa, fikrimcə, Liviyada nəyinsə dəyişməsindən danışmaq yersiz olar. Seyfülislam hər nə qədər qatil olsa da, sivilizasiyanın bu günə qədər gətirib çıxardığı, seçib qəbul etdiyi yollarla cəzalandırılmalı idi. Seyfülislam Qəzzafinin barmaqlarının kəsilməsinin, rəmzi olaraq nə məna kəsb etdiyini mən deyə bilmərəm. Və siyasətin bu cür vəhşi mesajlara alət olmasını da qəbul etmirəm. Kimisə şəxsiyyətini alçaltmaq, barmağını kəsməklə cazalandırmaq metodunu seçmək ifrat yaramazlıq və ya vəhşiliyin göstəricisidir. Insanlar dünyəvi qanunların olmadığı dövrlərdə belə, Tanrıya tapşırmağı, ilahi ədalətə təslim etməyi bacarıblar. Bu, əsla günahkarı bağışlamaq deyil. Sadəcə, daha betərini və daha kəskinini etməkdən çəkinməkdir.
“Facebook”da yazdığım fikirlərə yalnız bir neçə tərəfdarımız və AXCP üzvləri müsbət reaksiya verdi. Başqa fikirlərimə intensiv dəstək və diqqət gördüyümdən bu vəziyyət məni üşəndirdi. Beləliklə, üşənmənin ardınca düşünmək məcburiyyətində qaldım. Niyə insanlarımız mənim Seyfülislama qarşı qanunsuzluğa, sadəcə, sözlə etdiyim etiraza bu qədər etinasız yanaşdılar? Başqa sözlə, onlar da məni boykot etdilər. Bu mövzuda şəxsi yazışmalardan sonra belə qərara gəldim ki, artıq təhlükənin qırmızı işığının üstündəki tozu silim… Yəni, o işıq əslində, yanır, üstünü toz basdığı üçün onu yalnız diqqətlə baxanlar görür.
Təhlükə nədir?
Nəhayət, biz də öz insanlarımızdan, hətta qara kütlələrdən, boz çoxluqdan yox, sosial şəbəkələrdə ağıllı yazıların altına şərh yazan, biz də səhv tutan insanlardan qorxmalıyıq. Onlar dəhşətli dərəcədə qəzəblidirlər. Və bu qəzəbi yaradan sosial ədalətsizliyin sərhədi təkcə bizim ölkəmizin hüdudlarıyla bitmir. Qloballaşma deyilən nəsnənin təsirilə onlar artıq obrazlara nifrət edir, tendensiyalara çox ümumi qiymət verirlər. Bir sözlə, indi insanların diqqətindən (nifrətindən və sevgisindən) qaçmaq mümkün deyil. Dünyanın harasında bir INSANa haqsızlıq baş verirsə, bütün INSANLIQ xəbər tutur, etiraz edir, əl uzadır. Biz bunu sosial şəbəkələr vasitəsilə diktatorlara vurulan informasiya zərbələrindən və Somaliyə edilən yardım aksiyalarından da gördük.
Bütün bunlar şəxsən məni bir tərəfdən sevindirir, başqa tərəfdən isə içimdə bir əndişə böyüməkdədir. Sevinirəm, ona görə ki, bizim insanımız da artıq münasibət bildirir, biganə deyil. Bu gün sosial şəbəkədə, sabah real həyatda… Bu, çox vacib məsələdir. Əndişələnirəm, ona görə ki, ərəb dünyasındakı insanların səbr kasasını dolduran, suyunun qabağında əjdaha kimi yatıb insanları quraqlıqlarda yaşamağa məcbur edən hakimiyyətdən bizdə də var. Və bizim insanımız, bir nümunə ilə amansızcasına qəzəblənir.
Çox təəssüf ki, işi yalnız ziyanlı şeylər arzulamaqla və əmr etməklə bitən simnar xanlar və ancaq yıxıb dağıtmaqla insanların beynini donduran, özlərini daşa (baş daşına) döndərən göygöz kosalar təkcə nağıllarda olmur. Onlar bütün məsələləri “kökündən həll etmək” üçün müdrikləri zindanlara salmaqdan, öldürməkdən çəkinmirlər. Amma anlamırlar ki, qarşısında yatdıqları sel daşanda onları heç kim xilas edə bilməyəcək. Tarixdə isə əjdahalardan ancaq nağıllar qalıb. Insanlar və insanlıq isə həmişə yaşayacaq və yaşayır.
Bu qəzəb və kini kim yaradır?
Bir məmləkətdə ki bütün instansiya məhkəmələri ancaq ədalətsiz qərarlar verir, bir ölkədə ki, məmur-vətəndaş çəkişmələrində, hətta tarixi hadisə saymaq üçün belə, vətəndaşın xeyrinə bir məhkəmə qərarı yoxdur, orada insanların Tanrıya (səbr) və qəzəbə (şeytana) sığınmaqdan başqa nə yolu qalır ki?! Tanrıya sığınanlar isə qəzəbdən, sadəcə, bir müddət uzaq ola bilirlər. Artıq şərin qarşısında Tanrı da savaş tərəfi olduqdan sonra insanlar varlıqlarını sürdürmək üçün şüurlarını unudaraq, vəhşicəsinə savaşmaq zorunda qalırlar. Bu məcburiyyəti yaradan, bu qəzəbin üstünə qətran tökən isə insanları bolluq bir ölkədə hər şeylə sınağa çəkən, divara dirəyən siyasi hakimiyyət, onun avtoritar və totalitar mahiyyətidir.
Biz necə aciz qalırıq?
Məşhur bir filmdə ikinci cahan müharibəsində milyonların qətlə yetirilməsinə etiraz edən bir səhnə var; qoca oğlundan gələn qara kağızı oxuyub əllərini göyə tutaraq haray çəkir: “Ay camaat, balalarımızı əlimizdən alırlar!..”
Şübhəsiz ki, real həyatda bu cür olaylar minlərlə, milyonlarla olub və onların bu səsi sözün həqiqi mənasında, sadəcə, kino üçün yaradı. Çünki müharibə artıq bütün səsləri batırmışdı, heç kim heç kimin kitabını oxumurdu. Hitlerizm məğlub oldu, amma Stalinizmin qurbanları heç də ondan az deyildi. Çünki Stalinizm də xoşbəxt edən bir dəyər deyildi. Indi biz əllərini göyə açıb hayqıran qoca olmaq ərəfəsindəyik. Əgər xalqla dil tapmaq istəməyən faşizm belə davam eləsə, milyonların qəzəbinə tuş gələcəyinə şübhə etməsin. O zaman siyasətçilər həqiqətən aciz duruma düşəcəklər. Qərarı da, cəzanı da məhkəmələrdə haqsız cəzalar alan, istintaqlarda sədəfləri çəkilib boynuna ağır cinayətlər qoyulan qəzəbli Stalinist kütlələr verəcək. Bu isə heç kim üçün yaxşı olmayacaq.
Siyasəti meydanlara qaytarın…
Bu, bizi düşündürməlidir. Hər kəsi düşündürməlidir. Həyatımızda təkcə təqvimi dəyişməklə heç nəyə nail ola bilməyəcəyimizi anlamaq vaxtıdır. Hər kəs beynində bir şeyləri dəyişdirmək zorundadır. Evindən siyasətlə məşğul olmaq adına çıxan hər kəs bu məsuliyyətin bir hissəsini öz çiynində hiss etməlidir. Xüsusən də əlindəki sehrli çubuqla ölkəni idarə etmək iddiasında olan hakimiyyət texnoloqları… Bu ölkəni sivil və demokratik, hamımızın rahat və firavan yaşaya biləcəyi bir məmləkətə çevirmək daha yaxşıdır, nəinki xalqla düşmən olmaq, özünü onunla mübarizədə hiss etmək və bu mübarizədə qalib gəlməyi arzulamaq. Insana qalib gəlmək olar, xalqa qalib gəlmək fikri ağıllı adamların işi deyil. Ağılsızlar isə zatən məğlubiyyətə məhkumdurlar.
Imkan verin, bu xalq nəfəs alsın, asta-asta, qrup-qrup etiraz eləsin, siz də tələbləri eyni ardıcıllıqla yerinə yetirin. Siyasəti və siyasətçiliyi meydana qaytarın, xalq bir qədər nəfəs alsın, debat görsün, mənfi enerjisini, qəzəbini mitinqlərdə ifadə eləsin. Bir demokratik seçki keçirək, öz ölkəmizlə fəxr edək.