Ailəsi yazarın həyatından narahatdır
Redaktorlar Birliyi bıçaqlanma olayı ilə bağlı jurnalist təhqiqatı aparacaq
“Cinayətkarın tezliklə tapılıb məsuliyyətə cəlb olunması üçün Daxili Işlər Nazirliyinə və Baş Prokurorluğa yazılı müraciət etmişik”. Bunu, yazıçı Rafiq Tağının qardaşı Alim Tağıyev deyib. Onun sözlərinə görə, hələ ki, müraciətə cavab gəlməyib: “Biz Rafiqin həyatına təhlükədən narahatıq. Bildiyiniz kimi, Rafiqə yeddi bıçaq zərbəsi vurulub. Bu o deməkdir ki, onu öldürmək istəyiblər və yenidən həyatına qəsd ola bilər”.
A.Tağıyev bildirib ki, Rafiq Tağının vəziyyəti getdikcə yaxşılığa doğru dəyişir. “Hələ ki, yaraları bitişməyib. Yaralar bitişdikdən sonra həkimlər Rafiqi evə buraxacaqlarını deyiblər”.
Dünən R.Tağı ilə bağlı Redaktorlar Birliyinin iclası keçirilib. “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, iclasda əsasən yazıçı Rafiq Tağıya edilən sui-qəsd müzakirə olunub: “Redaktorlar Birliyi hüquq-mühafizə orqanlarını Rafiq Tağıya sui-qəsdin üstünü tezliklə açmağa çağırır. Eyni zamanda bu sui-qəsdlə bağlı jurnalist təhqiqatı aparmağı qərara almışıq”.
Dünən Iranın Azərbaycandakı səfirliyi də R.Tağıya sui-qəsdlə bağlı açıqlama yayıb. Səfirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir: “Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının Iran Islam Respublikasına aid edilməsi ilə bağlı bəzi şəxslər və Azərbaycanın bəzi informasiya vasitələri tərəfindən irəli sürülən əsassız və həqiqətdən uzaq iddiaları təkzib etməklə yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri Iran Islam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik(”Media forum”).
Xatırladaq ki, noyabrın 19-da naməlum şəxs R.Tağını bıçaqlayıb. Klinik Tibb Mərkəzində əməliyyat olunan yazıçının vəziyyəti hazırda sabitdir. Fakt üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işini Daxili Işlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi xüsusi nəzarətə götürüb. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.