Abdulla Gülün Britaniya mətbuatına müsahibəsindən daha hansı nəticələri çıxarmaq olar
Türkiyə prezidenti Britaniya mətbuatına müsahibə verib. Türkiyə-AB münasibətlərinə dair bir sıra məqamlara aydınlıq gətirib. Amma əsas açıqlamaları Qərb ölkələri ilə Iran arasındakı münasibətlərə dair olub. Bəşər Əsəd rejiminə qarşı xalqın legitim tələblərini dəstəklədiklərini deyən Abdulla Gül Suriya müxalifətinə silahlı yardım etmədiklərini, amma bu günə kimi 3000-ə yaxın suriyalı dinc vətəndaşın həlak olmasından ciddi narahat olduqlarını bildirib.
Bu məqamda qeyd edək ki, Suriya hərbçilərinin türkiyəli zəvvarlara atəş açması Ankaranı hərbi müdaxiləyə təhrik edən səbəblərdən biri ola bilər. Görünür, Türkiyə hökuməti bunu da gözdən keçirməli olacaq. Abdulla Gül Iranla bağlı fikirlərində maraqlı münasibətlər kombinasiyasını açıqlayıb. O bildirib ki, Iran qədim təcrübəyə və mədəniyyətə malik bir dövlətdir. Orada hakimiyyətin bir neçə qolu var – Prezident, parlament, dini hakimiyyət və hərbi qanad. Gül hakimiyyət qanadları ilə ayrı-ayrılıqda münasibət qurduqlarına da işarə vurub. Nəhayətdə deyib ki, Türkiyə Iranla Qərb arasında vasitəçiliyə hazırdır. Ilk baxışdan bu fikirlər, sadəcə, Türkiyə prezidentinin regionda baş verən mühüm hadisəni təhlükəli istiqamətdən yayındırmaq cəhdi kimi görünə bilər. Fikrimizcə, söhbət daha ciddi siqnaldan gedir.
Irana hərbi müdaxilə olmasın…
Aydın məsələdir ki, Irana hərbi müdaxilənin səmimi əleyhdarlarından biri də Türkiyədir. Tehran rejiminin mahiyyətindən asılı olmayaraq bu ölkəyə silahlı müdaxilə olarsa, Türkiyənin həm iqtisadi, həm də demoqrafik və təhlükəsizlik baxımından ciddi fəsadlarla üz-üzə qalacağı şübhəsizdir. Bununla belə, Türkiyə də bütün demokratik dövlətlər kimi xalqların legitim tələblərini dünyanın hər yerində dəstəklədiyini bəyan edib. Deməli, hərbi müdaxilə olmasa da, Türkiyə regionda demokratikləşmə tələb edən xalqların dəstəkçilərindən biri olacaq. Bu baxımdan biz hesab edirik ki, Abdulla Gülün mesajlarında Irana qarşı yeni beynəlxalq taktikanın elementləri gizlənib. Hər halda regionun əsas dövləti kimi bütün gözlərin Türkiyəyə dikilməsi Ankaranı daha məsuliyyətli qərarlar verməyə məcbur edir. Yəni hazırda Türkiyə hökuməti iki işi eyni vaxtda görməlidir. Birincisi, demokratiyaya dəstək vermək, ikincisi, bölgədə iri miqyaslı müharibələrin qarşısını almaq.
Iran parçalansın…
Əslində, bundan öncə də dəfələrlə Iranda siyasi rejimin dəyişdirilməsi yollarından biri kimi sistemdaxili və ya milli zəmində parçalanmanın vacibliyi önə çəkilib. Bu, molla rejiminə qarşı beynəlxalq birliyin və regionda sabitliyin olmasını arzulayan qüvvələrin daha israrla təklif etdikləri əsas variantlardandır. Türkiyə prezidentinin açıqlamasında aydın ifadə olunur ki, Iranda rejimin taleyi bir qüvvənin əlində deyil, əksinə burada hakimiyyətin müxtəlif subyektləri var. Deməli, ayrılıq varsa, münasibətlər də fərqlidir. Yəni, Iranda bu cür rejimin qalması və dünya ilə qarşıdurmanın dərinləşməsi hazırda nə prezident və parlament, nə də hərbi hakimiyyətə sərf edir. Indiki şəraitdə hakimiyyətin adını çəkdiyimiz qolları yalnız rejimin dini mahiyyətinə görə dünya ilə qarşı-qarşıyadır və bu, Iran dövləti üçün də təhlükədir. Bu baxımdan Gül demək istəyib ki, Irana bütünlüklə təzyiq etməkdən və onu kompleks zərbələrə məruz qoymaqdansa, ayrı-ayrı qüvvələrlə dialoqa cəhd etmək daha faydalı olardı. Bu zaman həm rejimin daha asan və ağrısız transformasiyası təmin olunardı, eyni zamanda Iran və region ciddi zərbələr almazdı. Türkiyə prezidentinin bu açıqlaması istiqamətində irəliləyişlərin olacağına ümid verən bir məqam da odur ki, ABŞ daha bir sanksiyalar addımı atdı. Deməli, hələlik hərbi müdaxilə planlaşdırılmır. Iranda bu jesti anlayanlar nə qədər çox olsa və hadislərə tez reaksiya versələr, hesab etmək olar ki, burada daha pozitiv gəlişmə üçün əsaslar var. Başqa tərəfdən isə Iranda Azərbaycan türklərinin milli azadlıq mübarizəsi də dünyanın diqqətində olan məsələlərdəndir ki, bu da fundamental olaraq dini rejimi sarsıdan əsas amillərdən biridir.
Qafqaz Araşdırmalar Dərnəyi