«Onun səfir kimi fəaliyyətini davam etdirməsi ABŞ- Azərbaycan münasibətlərinin inkişafına xeyirdir»
Siyasilər belə düşünür
ABŞ prezidenti Barak Obama Azərbaycandakı səfir Metyu Brayzanın namizədliyini yenidən Senata təqdim edib. Xatırladaq ki, 2010-cu il dekabrın sonunda konstitusiyanın verdiyi hüquq və səlahiyyətdən istifadə edərək Obama Metyu Brayzanı Azərbaycana səfir təyin etmişdi. Hazırda həmin müddət başa çatdığından Obama Brayzanın namizədliyini yenidən irəli sürüb. Onu da qeyd etmək yerinə düşərdi ki, ABŞ-ın Azərbaycandakı səfir postu uzun müddət idi ki, boş qalmışdı.
Səfir kimi Azərbaycanda fəaliyyət göstərdiyi müddəti ekspertlər Brayza üçün bir “sınaq” dövrü kimi qiymətləndirirlər. Bəs siyasilər necə, Brayzanın ötən bir il müddətində Azərbaycanda səfir kimi fəaliyyətini necə dəyərləndirirlər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Brayzanın səfir kimi fəaliyyət göstərdiyi son bir ildə ciddi nəzərəçarpacaq və ya tənqidə səbəb olacaq məqamlar olmayıb. Brayzanın Azərbaycanda diplomatik mandatı çərçivəsində fəaliyyət göstərdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, ABŞ-ın hazırkı səfirinin adı ilə bağlı ictimai rəydə hər hansı neqativ fikirlər dilə gətirilməyib. “Brayzanın səfir kimi fəaliyyətini davam etdirməsi ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından müsbət mərhələ kimi xarakterizə oluna biləcək”, deyə F.Qəhrəmanlı vurğuladı.
YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də hesab edir ki, Azərbaycanı tanıyan bir şəxsin ölkəmizə səfir gəlməsi ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir etdi. Brayzanın bir illik səfir kimi fəaliyyətini bu baxımdan müsbət qiymətləndirən A.Mirzəzadə vurğuladı ki, o, ölkəsini layiqli təmsil edib. Brayzanın Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələri ilə bərabər münasibətlər də qurmağa çalışmasını alqışlayan A.Mirzəzadə qeyd etdi ki, o, bir diplomat kimi özünü yaxşı tərəfdən göstərib.
Hikmət