Naxçıvan klanının ölkə başçısına təzyiqləri davam edir
“Yeni Azərbaycan Partiyası Idarə Heyətinin üzvü və Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri kimi mənim düşüncəmə görə, 2013-cü il prezident seçkisində həm YAP, həm də Azərbaycan seçicilərinin digər bəzi təşəbbüs qrupları cənab Ilham Əliyevin namizədliyini irəli sürəcək. Məncə, o da bu təşəbbüslərə müsbət yanaşaraq, namizədliyinin irəli sürülməsinə razılıq verəcək”. Bunu APA-ya müsahibəsində Azərbaycan Prezident Administrasiyası Ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənovun bu açıqlamasını hakimiyyətdəki Naxçıvan klanının Ilham Əliyevə təzyiqlərinin davamı kimi qəbul etmək olar. Ölkə başçısına təzyiqlər onun “Əl Cəzirə” telekanalına müsahibəsində 2013-cü ildə keçiriləcək prezident seçkisinə qatılıb-qatılmayacağı barədə qeyri-müəyyən açıqlamasından sonra başlayıb. Naxçıvan klanı hesab edir ki, Ilham Əliyevin seçkidə iştirakla bağlı hələ qərar vermədiyini dilə gətirməsi iqtidardakı başqa bir qruplaşmanın – Bakı-Şirvan klanının hakimiyyəti tam ələ keçirməsinə ilkin razılıqdır. Elə bu baxımdan, ölkə başçısının “Əl Cəzirə”yə müsahibəsindən dərhal sonra Naxçıvan klanının sözçüləri YAP-ın namizədinin Ilham Əliyev olacağı barədə bəyanatlar səsləndirməyə başladılar. Bu, Ilham Əliyevi mövqeyindən çəkindirməyə hesablanmış addımlar idi. Lakin bununla belə ölkə başçısı açıqlamasına düzəliş etmədi. Görünür, elə buna görə də Naxçıvan klanı artıq bu bəyanatların bir qədər yüksək tribunadan səsləndirilməsinə qərar verib və ilk olaraq Əli Həsənov önə verilib.
Yeri gəlmişkən, 2008-ci il prezident seçkisindən sonra Paşayevlərin 2013-ə hazırlaşması gündəmə gələndə də Naxçıvan klanı oxşar ssenari qurmuşdu. Əvvəl klanın deputatları Ilham Əliyevin ömürlük prezident olmasını gündəmə gətirdilər. Daha sonra bu təklif bir qədər yüksək tribunadan səsləndirilməyə başladı. Nəticədə, konstitusiyada bir nəfərin 2 dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırıldı. Indi də eyni adamlar Ilham Əliyevin namizədliyindən danışırlar. Lakin bu dəfə ssenarinin uğurla başa çatacağını söyləmək bir qədər çətindir.
Analitik şöbə