«Hakimiyyətin bu böhtanlarından müdafiə olunmaqla vaxt itirməyə dəyməz»
Hakimiyyətin şər-böhtan təbliğatı yenidən işə düşüb. Nardaranda baş verənlərə fərqli don geyindirən iqtidarın təbliğat maşını demokratik düşərgəni də unutmur. Milli Şura rəhbərliyi Nardaranda olayları qızışdırmaqda, vətənə xəyanətdə ittiham olunur. Özü də bu ittihamlar rəsmi qəzetlərin səhfələrindən, telekanallardan səslənir. Ünvanladıqları ittihamlarda heç bir sərhəd tanımayan hakimiyyətin «sözünü» deyənlər, bütün həddləri aşmaqdan belə çəkinmirlər.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Qurban Məmmədov bildirdi ki, yürüdülən şər-böhtan siyasəti təsadüfi deyil. Vaxtı ilə hakimiyyətin ona qarşı da olmazın şər-böhtan kampaniyası apardığını deyən Q.Məmmədov vurğuladı ki, hakimiyyətin Naradaranlıların polisə qaşı silah işlətdiyi də inandırıcı məlumat deyil: «Hakimiyyətin yürütdüyü bütün bu kampaniya əsassız və şər-böhtan xarakterlidir. Hakimiyyət əvvəlcə Nardaranda baş verənlərin dövlət çevrilişi olduğunu sübut etsin. Milli Şuranın rəhbərliyi həmişə birmənalı olaraq terroru pisləyib və dinc mübarizə tərəfdarı olduğunu vurğulayıb. Hakimiyyətin bu böhtanlarından müdafiə olunmaqla vaxt itirməyə dəyməz. Heç bu barədə yazılması və onlara cavab verilməsi də məsləhət deyil. Sadəcə olaraq hakimiyyət bizi bu yol ilə şantaj etməyə çalışır ki, biz onların qanunsuz əməllərinə mane olmayaq. Hakimiyyət ibadətlə məşğul olan, heç bir silahı olmayan kənd camatına qarşı əməliyyat keçirməklə Azərbaycan xalqında xof yaratmağa çalışırlar. Hakimiyyətin məqsədi insanların gözünü qorxutmaqdır».
Q.Məmmədov bildirdi ki, terroru gerçəkləşdirən nardaranlılar deyil, hakimiyyət təmsilçiləridir. «Milli Şura olaraq dövlətdə baş verən hər bir qanunsuz hərəkətə münasibət bildirmişik. Amma silahsız insanlara qarşı qeyri-adekvat güc işlətmək dövlətçiliyə qarşı çıxmaqdır», deyə Q.Məmmədov vurğuladı.
Xəyal