Anar Məmmədli: «Özünə hörmət edən ölkə adı bu siyahıya düşən məhbusları dərhal azadlığa buraxmalıdır»
“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı dünyanın istənilən nöqtəsində ifadə azadlığına görə həbsə atılanları vicdan məhbusu kimi tanıyır. Qurum Azərbaycanla bağlı “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan son hesabatında 17 nəfəri vicdan məhbusu elan etdi.
Bu siyahıya gənc fəallar Cabbar Savalanlı və Bəxtiyar Hacıyev, həmçinin bu ilin yazında keçirilən etiraz aksiyalarında həbs edilən fəallar (Şahin Həsənli, Arif Hacılı, Sahib Kərimov, Məhəmməd Məcidli, Babək Həsənov, Elnur Məcidli, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elnur Israfilov, Ülvi Quliyev, Vidadi Isgəndərli, Zülfüqar Eyvazlı, Arif Alışlı, Elşən Həsənov)düşüb.
“Amnesty International”ın bugünlərdə Bakıda səfərdə olan nümayəndələri Azərbaycan hökumətindən bu şəxslərin tez bir zamanda, qeyd-şərtsiz azad edilməsini tələb etdilər.
Hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, özünə hörmət edən ölkə adı bu siyahıya düşən məhbusu dərhal azad etməlidir: “Tək Azərbaycanda deyil, dünyanın bütün avtoritar ölkələrində bu kimi çağırışlar eşidilmir. Belə hakimiyyətlər bir qayda olaraq beynəlxalq qurumların tələblərinə məhəl qoymurlar. Məlum məsələdir ki, Azərbaycanda vicdan məhbusları elan edilən şəxslər öz alternativ siyasi fikirlərinə görə həbs olunublar. Hakimiyyət onları fərqli düşündüklərinə görə təhlükəli sayır. Belə adamların azadlıqda olması hakimiyyətin maraqlarına uyğun gəlmir. Məhbəsə atmaqla onların üzərində psixoloji təzyiq yaratmaq istəyir və cəmiyyətə aşılayırlar ki, etiraz etsəniz, aqibətiniz eyni olacaq”.
A.Məmmədlinin fikrincə, “Amnesty International” bundan əvvəl də Eynulla Fətullayev, Qənimət Zahid, Mirzə Sakit və başqa şəxsləri vicdan məhbusu elan etmiş, lakin Azərbaycan hakimiyyəti buna əhəmiyyət belə verməmişdi: “Vicdan məhbusu kimi tanınan Eynulla Fətullayev həbsdə nə az, nə çox 4 il qaldı. Yəqin ki, hakimiyyət bu dəfə də ”Amnesty International”ın məlum siyahısına məhəl qoymayacaq. Təbii ki, o məhbuslar azadlığa çıxacaqlar, amma bu, hakimiyyətin bunu nə zaman istəməsindən asılı olacaq”.