Üç qat militar vəziyyət, zorakılıq və aclıq nəticəsində Irəvanda ancaq rus hərbçiləri yaşayacaq
Son vaxtlar Ermənistandan əhali köçünün sürətləndiyinə dair məlumatlar artır. Iş o həddə çatıb ki, Fransadakı erməni lobbisinə məxsus mətbuat orqanları da həyəcan təbili çalırlar. Xatırladaq ki, Ermənistanın eks prezidenti Levon Ter Petrosyan bir müddət əvvəl hər il 90 min erməninin öz ölkəsini tərk elədiyini bəyan etmişdi. Hazırkı müxalifətin əsas liderlərindən olan sabiq dövlət başçısı baş verənləri ölkədə dərinləşməkdə olan və bu tendensiya ilə qarşısıalınmaz həddə çatan sosial böhranla əlaqələndirir. Onun sözlərinə görə, hazırkı siyasət nəticəsində Ermənistanda yalnız hərbçilər və inzibati aparat üzvlərinin yaşayacağı bir mənzərə gözlənilir. Bizi isə daha çox maraqlandıran hərbi qarşıdurma münasibətində olduğumuz bir dövlətin bu vəziyyətdən çıxması üçün ata biləcəyi addımları üzə çıxarmaqdır. Ermənistanda hazırkı siyasi vəziyyət və siyasi qüvvələrin təbliğ etdiyi dəyərlər nəticə etibarilə bu ölkəni və xalqı xilas edə bilərmi?
Rəqəmlər nə deyir?
1988-ci ilin statistikasına görə, Ermənistan Sovet Sosialist Respublikasının 3 milyon əhalisi var idi. Bu ölkədə yaşayan aborigen əhali hesab olunan 200 min azərbaycanlı deportasiya olunandan və müharibədəki itkilər nəzərə alındıqdan sonra rəsmi statistikaya görə, Ermənistanda 3,6 milyon əhalinin yaşadığı göstərilir. Beynəlxalq humanitar təşkilatların və miqrasiya mərkəzlərinin rəqəmlərində isə hazırda Ermənistanda 1,7 milyon əhali yaşayır. Bu isə o demədir ki, rəsmi statistika nə az, nə çox – iki dəfə şişirdilib. Qondarma Dağlıq Qarabağ Respublikasında yaşayan ermənilərin sayı rəsmi məlumatlarda 170 min göstərilsə də, buradakı əhalinin faktiki sayı 70 min civarındadır. Bu rəqəm də sözügedən quruma humanitar yardımı həyata keçirən təşkilatların statistikasına istinadən formalaşıb.
Göründüyü kimi, Ermənistanın Qarabağ müharibəsinin başlamasından bu günə kimi böyük sürətlə əhali itkisi yaşadığını gizlətmək, artıq nəinki mümkün deyil, hətta bu, aşkar həyəcan çağırışlarına da səbəb olur.
Çiçəklənən Ermənistan Partiyası – qışa doğru
“Artsax” hərəkatının liderləri olmuş həm Robert Köçəryan, həm də Serj Sərkisyan silahlı qanadın təmsilçisi kimi hakimiyyətə gəliblər. Onların ölkədə zorakı nəzarətlərinin gücü hələ də davam edir. Çiçəklənən Ermənistan Partiyası bu ölkənin tarixində siyasi qətllərlə yadda qalıb və Petrosyanı Qarabağ münaqişəsinin həllində konsensusa meylli olduğuna görə deviriblər.
Xatırladaq ki, həmin qətllərin ən böyük qurbanı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və müstəqillik dövründə Ermənistan parlamentinin sədri olmuş Koren Dəmirçiyan idi. Çiçəklənən Ermənistan partiyasının “Artsax” hərəkatından transformasiya olunduğunu qeyd etmişdik. Onu da vurğulayaq ki, hər iki liderin – Köçəryan və Sərkisyan Rusiya hərbi sənaye kompleksinin agentura şəbəkəsində olduğuna dair iddialar hər zaman olub. Amma bu yaxınlarda Ermənistanın tanınmış tarixçi və yazarlarından biri açıq şəkildə bildirdi ki, “Ermənistan Milli Hərəkatı – Artsax” qapalı qurum idi və ruslar bura öz agentlərindən başqa heç kimi buraxmırdılar. Biz hazırkı şəraitdə Ermənistanda iki rus hərbi bazasının olduğunu da nəzərə alsaq, deyə bilərik ki, hazırkı Ermənistan hakimiyyəti Rusiyanın Cənubi Qafqaza nəzarət açarı olan Qarabağı əldə saxlamaq üçün bütövlükdə Ermənistanı işğal edib. Və bu işğal həm də Rusiya ordusu ilə müttəfiqlik şəraitində baş verir.
Ermənistanın əhalisinin sayını bu ölkənin öz silahlı qüvvələrilə rus hərbçilərinin birgə sayının nisbətində hesablasaq, militarlıq həddinin bir neçə yüz faizi keçdiyini görərik. Bu isə real olaraq, ölkədə zorakılıq mühitinin mülki həyata ciddi təsir etdiyini deməyə əsas verir. Ölkədə bu qədər hərbçinin olması insan (qadın və ya kişi) zorlamaları da daxil olmaqla, qarşılıqlı fiziki zorakılığın ən müxtəlif və qorxuducu növlərinin geniş yayılmasına ciddi zəmin yaradır. Və Ermənistanın hazırkı hakimiyyəti bu zorakılığın yaranmasının və davamlılığının tək qarantıdır. Ona görə də bu tendensiya ilə “Çiçəklənən Ermənistan”ın üzü çox sərt qışa doğru gedir. Hazırkı hökumətin Rusiya ilə korrupsiya əlaqələrinə girərək dövləti borclandırması o həddə çatıb ki, az qala, hər iki vətəndaşdan biri Rusiyanın mülkiyyətinə çevrilib. Üstəlik, Ermənistandakı rus generalları da Rusiyadan bu dövlətə ayrılan dotasiyaların böyük faizini mənimsəyir. Bu da sənaye və təsərrüfatın nəinki inkişafına, heç dirçəlmək cəhdlərinə də imkan vermir.
Ermənistan Milli Konqresi – çarəsiz alternativ
Ermənistanda hələ də davam edən müharibə əleyhdarları və tərəfdarlarının qarşıdurması ən dəqiq qütbləşməsini demək olar ki, yaşayıb. Indi bu ölkədə heç kim Qarabağ müharibəsinin həqiqətən ermənilərin müharibəsi olduğuna səmimi olaraq inanmır. Bunun nəticəsində iki kəskin qütb yaranıb – Qarabağı və Ermənistanı işğal etməklə varlanan qrup və bu müharibənin fəlakətlərindən qurtularaq sivil cəmiyyət qurmaq istəyən mülki fraksiya…
Birinci qrup haqqında yuxarıda qeyd etmişik. Ikincilər isə keçmiş prezident Levon Ter Petrosyanın rəhbərliyi altında birləşərək onunla birlikdə Ermənistan Milli Konqresini yaradıblar. Amma bu konqresin böyük elektoral bazası olmasına baxmayaraq, vaxtilə Rusiyadan asılılığı azaltmaq istəyən Karen Dəmirçiyan və tərəfdarlarını güllələmiş silahlı hakimiyyət qarşısında ciddi reverans imkanlarına malik deyillər. Onların yeganə ümidləri Qərbin Türkiyə vasitəsilə onlara bir qapı açmasıdır ki, bu qapının arxasında da Qarabağ adlı açarı qaranlıq quyuya düşmüş qıfıl var.
Qarabağ – ver qurtul…
Qarabağ məsələsinin Ermənistan-Türkiyə münasibətlərində başlıca meyarlardan biri kimi götürülməsi Ermənistanda sivil cəmiyyətin inkişafına ciddi zərbədir. Üstəlik, bu, ölkənin Rusiyanın təsirində qalmasını möhkəmləndirən amillərdən biridir. Əlbəttə, biz bu məsələdə siyasi urapatriotizmin tərəfində deyilik. Amma demokratiya və azadlıq istəyən Qərblə rahat bir dəhliz əldə etmək arzusunda olan hər bir erməni də anlamalıdır ki, Qarabağın bir torpaq kimi işğal altında saxlanılması onun özünün bir insan kimi bu prosesin girovuna çevrilməsini təmin edib.
Qısacası, Azərbaycan tərəfi bu məsələdə müxtəlif cür mövqe nümayiş etdirə bilər. Biz onu tənqid edə də bilərik. Təbii ki, bütün bunlar nəticə etibarilə bizim torpaqların azad olunmasına hesablanmış daxili mübarizə və ya mübahisədir. Başqa sözlə, böhrandan çıxış üçün optimumun axtarılmasıdır. Amma bu işğal davam etdikcə, Ermənistan özü bir toplum kimi məhv olur. Çünki erməni fərdi girov həyatı yaşayır. Bir sözlə, nəticə çıxarmaq üçün xeyli əsaslar var. Imkanlar da hələ bitməyib…
Qafqaz Araşdırmalar Dərnəyi