«Tarix yazmaq, tarix yaratmaq qədər mühümdür. Yazan yaradana sadiq qalmazsa, dəyişməyən həqiqət insanlığı çaşdıracaq bir mahiyyət alar» (Atatürk)
Bu yaxınlarda Türkiyə mətbuatında Hüseyn Mümtazın maraqlı bir yazısını oxudum. Yazı “Tarixi vərəsə dəftərinə yazmaq” adlanırdı və belə başlayırdı:
“Tarix yazmaq asan deyildir, babanızın baqqal dükanındakı vərəsə dəftəri deyildir tarixin yazıldığı səhifələr.
Dəzgah arxasında qulaq arxasından çıxarılan diyircəkli qələmlə yazılmaz.
Tarix “bədəl” ödəyərək yazılar…”.
Tarix yazmağın bəlli bir hesabı var, şübhəsiz. Bu da hər kəsin bildiyi hesab kitabına bənzəməz. Məhrumiyyətlər, acılar, qurbanlar hesabına kitab olar bir xalqın tarixi. Mücadilə ilə, döyüşlə, dava və savaşla yazılar…
17 noyabrdan doğulmuş gəncliyin yaratdığı şərəfli bir tarixdir – Milli Dirçəliş günü. Iyirmi iki il əvvəl coşub-daşan tələbə hərəkatı ilə xalqın milli azadlıq mübarizəsinin başlandığı böyük gündür. Bir toplum üçün bundan gözəl bayram ola bilməz. Amma iki il əvvəl o tarixi bayram təqvimindən çıxardılar, 18 oktyabr Müstəqillik günü kimi… Niyəsini uzun-uzun anlatmağa ehtiyac yox. Qarşınızda yaşanan gerçəyi, yaradılan tarixi belə onun yaradıcılarına, memarlarına “qısqanan” bir sistem, bu xalqın müstəqillik mübarizəsində heç bir xidməti olmayan “qvardiya” var. Qələm də yaşadığımız tarixi babalarının baqqal dükanındakı vərəsə dəftərinə borc qeyd edən kimi yazanların əlində. Bir şəxsi hesab, “borc” dəftəri kimi yazılır günümüzün tarixi. Tarix yaradanlardan qisas alırmış kimi, onlara göz dağı verirmiş kimi yazılır…
Bu gün dərslik kitablarımız ikrahedici yalan-palanla dolu. Adam yaşadığı tarixdən xəcalət çəkir. Hətta sovetlər zamanında xalqın tarixinə belə qəsd edildiyini düşünmürəm. O illər kitablarımızda bu xalqın azadlıq mübarizəsi adına bir vergülün getməsinə necə izin yoxdusa, indi də elədir. Yenə 1918-ci il AXC hakimiyyətinə, onun lideri M.Ə.Rəsulzadəyə olan münasibət eynidir. Və yenə 1992-cil il AXC hakimiyyətinə, onun lideri Əbülfəz Elçibəyə olan münasibət heç nəylə fərqlənmir…
Tarixi baş-ayaq çevirmək cinayətdir, tarixi saxtalaşdırmaq qədər çirkin əməl yoxdur yer üzündə. Həyatda riyakarlıqla ört-basdır edilmiş elə bir həqiqət yoxdur ki, sonunda aydınlığa çıxmasın. Iki şəxsin bildiyi şey sirr deyilsə, milyonların şahid olduğu, yaşadığı, özünə ideal seçdiyi gerçəkləri necə silib ata bilərsiniz tarixin yaddaşından?
17 noyabrdan doğulmuş nəsil tarix yaratmış nəsildir. Bu gün o nəslin başı üstündən atlanıb üst qata dırmanmış bir qrup tarixi istədiyi kimi yazıb-pozur. Yalnız bu günlə yaşayan o qrup xalqın tarixini ələ salaraq, ora istədiyi abzası salır, istəmədiyini çıxarıb tullayır. Bu, ruhi xəstələrin anlaqsız olaraq icra etdiyi hərəkətdən sakitlik tapması halına bənzəyir. Amma amansız bir rejimlə yalnız müəyyən zaman kəsiyində bir toplumu əsarətdə saxlamaq, ona hökm etmək olar. Tarixə hökm etmək, tarixi özününküləşdirmək, özünü zorla tarixləşdirmək yer üzündən gəlib keçmiş heç bir krala, heç bir padşaha, heç bir firona nəsib olmayıb. Bu gün yaşadığımız tarixdə özünü əbədiləşdirmək və ölümsüzləşdirmək iddiasına düşənlərin acı aqibətini görürük. Bəli, əlinə keçən fürsət qələmi ilə özünü məcburən tarixə sırımaq istəyənlərə tarixin layiqli cavabı çox da gecikmir…