Sabina Freyzer: «ATƏT-in Minsk Qrupunun missiyası iflasa uğrayıb»
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hazırda mühüm məqam altı əsas prinsipə dair razılığa gəlib daha sonra detalların müzakirəsinə keçməkdir”.
Bu fikirləri Ermənistanın “Jamanak” nəşrinə müsahibəsində Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer deyib(APA).
Onun sözlərinə görə, hər iki tərəf əsas prinsiplərə dair ortaq məxrəcə gəlib, amma detalların razılaşdırılmamış qalması tərəqqiyə mane olur. Yaxın iki il ərzində danışıqlardan tərəqqi gözləməyin düzgün olmadığını deyən Freyzer belə bir vəziyyətdə iki dövlət arasında bütün səviyyələrdə təmasları dəstəkləməyin vacib olduğunu vurğulayıb. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunan Sabina Freyzer qurumun missiyasının nəticəsini iflas kimi dəyərləndirib: “Hal-hazırda münaqişəni Minsk Qrupu vasitəsilə həll etmək cəhdi iflasa uğrayıb. Indi Medvedyev, Sarkozi, Obama və Klintonun danışıqlar prosesinə təsiri az inandırıcıdır və buna görə mən hesab edirəm ki, biz danışıqlar prosesi ilə əlaqədar kifayət qədər qəliz vəziyyətə düşmüşük”.
O, belə şəraitdə Avropa Birliyinin Minsk Qrupunu əvəz edə bilməyəcəyini, lakin AB-nin iki tərəf arasında etimadın artırılmasına töhfə verməsinin mümkünlüyünü düşünür. Freyzer habelə Fransa prezidenti Sarkozinin Qafqaza son səfəri zamanı “soyqırım” bəyanatını də tənqid edib.
O hesab edir ki, belə bir bəyanat vasitəçi dövlət üçün uğurlu diplomatik gediş deyil.